Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası" tərəfindən "İnsan hüquqlarına yanaşmada beynəlxalq təşkilatların ikili standarları" mövzusunda "dəyirmi masa" keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə millət vəkilləri, KİV və QHT rəhbərləri, politoloqlar və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, Avropa Oyunlarının başlanmasına 1 həftədən də az vaxt qalıb: "Şübhə yoxdur ki, ölkəmizə gələn idmançılar və turistlər bu Oyunların yüksək səviyyədə təşkil olunmasının şahidi olacaq".
R.Qonaqov təəssüflə bildirib ki, Oyunlar yaxınlaşdıqca, Azərbaycana dost olmayan qüvvələrin narahatlığı artır və ölkəmizə qarşı qarayaxma kampaniyası güclənir: "Bəzi qüvvələr sülhə, insanların birliyinə yönəlmiş tədbirləri, sabitliyi dəstəkləmək istəmir".
R.Qonaqov Avropa Şurasının İnsan Haqları komissarı Nils Muzinieks, BMT-nin məruzəçisi Mişel Forst və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatoviçin “Opendemocracy” internet portalında dərc edilmiş məqaləsini də şərh edib: "Bunlar vahid mərkəzdən idarə olunan qüvvələrdir və onlar bütün səylərinin boşa çıxmasını görərək anti-Azərbaycan fəaliyyətlərini daha da artırılar. Azərbaycan vətəndaş cəmiyyəti də bu qara qüvvələrə qarşı birlik nümayiş etdirməli və onların cəhdlərinin qarşısını almalıdır".
Daha sonra çıxış edən Koalisiyanın koordinatoru, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, görünən budur ki, Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdıqca, Azərbaycana qarşı qarayaxma kampaniyası, nüfuzdan salmaq üçün fəaliyyət güclənir:
"Onlar düşünürdülər ki, Azərbaycan bu Oyunlara vaxtında hazırlaşa bilməyəcək, ancaq görəndə ki, tədbirə yüksək səviyyədə hazırlıq gedir və hər şey tam vaxtında yerinə yetirilir, onlar qarayaxma kampaniyasını gücləndirməyə başladılar. Azərbaycan dövləti bu Oyunların siyasiləşdirilməsinin qarşısını almağa çalışsa da, bəzi qüvvələr bunu siyasiləşdirməkdən əl çəkmirlər. Əgər bu idman tədbiridirsə, bunu bu qədər siyasiləşdirməyin nə mənası var? Bu, Azərbaycanın daxili işinə qarışmaqdır və hətta insanları hakimiyyətə qarşı qızışdırmaqdır. Onlar guya bəyan edirlər ki, hansısa beynəlxalq təşkilatın nümayəndəsi Azərbaycanda təzyiqə məruz qalıb. Sizcə, hansısa beynəlxalq təşkilatın nümayəndəsi Azərbaycanda təzyiqə məruz qalıb? Bundan görünür ki, Avropa Oyunları yaxınlaşdıqca, bunların narahatlığı artır. Ancaq bunlar artıq mənasızdır, çünki Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıb".
Daha sonra çıxış edən Milli QHT Forumunun Prezidenti Rauf Zeyni isə bildirib ki, illərdir ki, Azərbaycan ikili standartlarla məruz qalır:
"Avropa Oyunlarına bir həftə qalmış bu ikili standarları daha da güclənib. Bunun iki səbəbi var. Biri odur ki, həmişə bəzi dövlətlər və təşkilatlar böyük tədbirlər ərəfəsində Azərbaycana təzyiq edib ölkəmizin təbii sərvətlərindən yararlanmaq istəyirlər. İkincisi isə Azərbaycanın müstəqilliyinə zərbə vurmaqdır. Azərbaycanın müstəqil siyasət aparması, dünyada nüfuz sahibi olması, öz yolundan dönməyəcəyini bəyan etməsi bu təşkilatların Azərbaycana qarşı hücumlarını daha da artırır. Bu qüvvələrin səyləri hər dəfə boşa çıxır və Azərbaycan heç vaxt müstəqil siyasətindən geri çəkilməyəcək".
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxış edərək bildirib ki, Azərbaycanın dünya birliyində nüfuzunun artması dostlarımız qədər düşmənlərimizin də ortaya çıxmasına səbəb olur:
"Bu, kimin kim olduğunu, kimin hansı məqsədə qulluq etdiyini ortaya qoyur. Bu, təkcə bu günün problemi deyil. Azərbaycana qarşı bir sıra dövlətlərin və beynəlxalq təşkilatların sərgilədiyi ikili standartlardır digər məsələlərdə də davam edir. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsində də Azərbaycana qarşı obyektiv münasibət bəsləməkdə acizdirlər və bunu bilərəkdən edirlər. Təbii ki, bütün bu cəhdlər əbəsdir, Azərbaycan müstəqil siyasət yürüdür və inkişaf edir. Bu baxımdan hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizə qarşı aparılan bu qarayaxma kampaniyasına qarşı öz qətiyyətli mövqeyini ortaya qoymalıdır. Avropa ölkələrinin bir çoxunda olmayan demokratiya Azərbaycanda var. Həmin ölkələr öz daxillərindəki anormallıqları görmürlər, ancaq başqa ölkələrə təzyiq göstərmək üçün insan hüquqlarından istifadə edirlər. Bunlar qətiyyətlə pislənməlidir və Azərbaycana qarşı ikili standartlara son qoyulması üçün sistemli şəkildə aidiyyəti təşkilatlara öz etirazımızı bildirməliyik".
"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib ki, bizim bu məsələlər dərhal reaksiya verməyimiz və gündəmə gətirməyimiz çox gvacibdir: "Bizə olan təzyiqlərin qaynaqları da məlumdur. Geosiyasi, geostrateji, geohərbi maraqlar bu təzyiqlərin qaynaqlarıdır. Nə də etsən onlar bir şey tapıb Azərbaycana qarşı hücum edəcəklər. Avropa Oyunları ilə bağlı da ikili standartlar davam edir. Bu gün Avropa Oyunları təkcə idman sahəsində deyil, Azərbaycanın mədəniyyətinin də inkişafına müsbət təsir göstərir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, Qərbin Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında kifayət qədər koorparativ maraqlar da var: "Azərbaycana qarşı dərc olunan son materiallarla bağlı hesab edirəm ki, konkret cinayətlərə görə həbs olunmuş "üçlüyün" həmin dairələrlə maddi maraqları olub.
Həmin dairələrin nümayəndələri insan hüquqlarından dəm vursalar da, ancaq separatçı və işğalçı rejim tərəfindən girov götürülən azərbaycanlılarla bağlı nədənsə susur. İnsan haqları deyiləndə siyasi maraqlar tamam kənarda qalmalıdır. Ancaq bu təşkilatlar siyasi və koorparativ maraqları hər zaman əsas tuturlar. Onları heç də insan haqları maraqlandırmır.
Bu prosesdə də ikili standartların mahiyyəti bir daha özünü göstərdi. Əgər bu gün separatçı Bako Saakyan Avropaya istədiyi zaman səfər edirsə və ona heç bir əngəl yaradılmırsa, bu, bir daha Avropanın separatizmi dəstəklədiyini ortaya qoyur".
Daha sonra "Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası" tərəfindən İlk Avropa Oyunları ilə bağlı bəyanat qəbul olunub.