Bu güzgüdə 50 milyon insanın faciəsi var!
Görün bizə kimlər dərs verir? Görəsən bunlar boşboğazlığın altından imza qoymazdan əvvəl bir anlıq da olsa keçmişlərini yada salırlarmı? İnanmıram! Onlar öz keçmişlərini çoxdan unudublar və ancaq “gələcəyə” baxırlar... Elə bu səbəbdən də onlarla onların anlaya biləcəyi dildə və həm də keçmişlərini başlarına vura-vura danışmaq lazımdır... Xatırlatmaq lazımdır ki, bəşər tarixinin qara səhifələrinin, nəinki insanın haqqları ilə, həm də insanın özü ilə vandalcasına davranmanın ən eybəcər nümunələrinin müəllifi məhz onlardır. Açıq danışmağın zamanıdır!
***
Bundestaqda oturan cənab deputatlar və xanım Merkel!
Sizin Azərbaycana qarşı ədalətsiz və bütün normalardan kənar münasibətiniz cəmiyyətimizdə təkcə sizlərə deyil, bütövlükdə alman xalqına qarşı nifrət hissi yaradacaq qədər təhlükəli və ziyanlıdır. Yenicə öz müstəqilliyinə qovuşmuş və demokratik cəmiyyət qurmağa çalıçan, beynəlxalq aləmdə öz müstəqil siyasətini aparmaq istəyən bir dövlətə bu qədər basqılar əxlaq və etikadan kənar davranışdır. Görünür, bu addımları atanda nə keçmişiniz, nə də keçmişdəki əməlləriniz barədə düşünmürsünüz. Düşünsəydiz, tarixin silinməz faciəvi mərhələlərinin banisi olduğunuzu xatırlayıb 24 yaşlı gənc bir ölkənin üstünə hikkə dolu iddilarınızla şığımazdız, ədalətsiz və qərəzli münasibət göstərməzdiz.
***
Tarix boyu bütün dünyaya mədəniyyət dərsi verməyə çalışmısınız. Amma tarix öz yaddaşına bunun əksini yazıb. Təkcə XX əsrin birinci yarısında törətdiyiniz cinayətləri nə tez unutdunuz? Nə tez unutdunuz ki, mənsub olduğunuz alman xalqı keçən əsrin 30 ildən artıq bir dövründə iki böyük bəşəri cinayətin altından imza atıb. Bu cinayətlər nəticəsində - bir və ikinci cahan müharibələrində həyatını itirən insanların sayı 50 milyonu keçib... Bu cinayətin müəllifləri bizim deyil, sizin atalarınız, babalarınız olublar. Əgər kimlərsə etika xatirinə bunu bütövlükdə alman xalqının deyil, bir neçə şizofrenikin ayağına yazırsa, siz çox gözəl bilirsiniz ki, bu, belə deyil! Bu cinayətlər bilavasitə alman xalqının bəşəriyyət qarşısında törətdiyi cinayətlərdir!!! Siz yəhudiləri, qaraçıları məhv etmək planını ortaya qoyan və bunu reallaşdıran millətin nümayəndələrisiniz. İndi siz hansı haqla “demokratiyadan”, “insan haqlarından” danışırsınız? İnsanların haqqını onların özlərilə birlikdə konslagerlərdə od vurub yandıran sizlər deyilsinizmi? Əlli milyondan artıq insanın məhvinə nail olmuş bir millətin nümayəndələrinin insan haqlarından, söz azadlığından, hansısa dəyərlərdən danışmağa üzü olmalıdır axı... İnsanları diri-diri yandırmış, milyonlarla günahsızı işgəncələrlə məhv etmiş bir millətin günümüzə gəlib çıxmış təmsilçiləri başqa millətlərə humanizimdən dərs keçməyə haqlı ola bilərmi? Tarix sizə başınızı dik tutmaq haqqını verməyib. Siz bəşəriyyət qarşısında borclu bir millətin nümayəndələri kimi dünya durduqca başınızı yerə dikməlisiniz. Məgər təkcə yəhudilərəmi qan uddurmusunuz? Bəlkə elə düşünürsünüz ki, İsrailə ödədiyiniz soyqırım bədələlilə günahlarınızı yumuş hesab olunursunuz? Yox, qətiyyən belə deyil. Siz hətta azərbaycanlılara da borclusunuz. Hər iki dünya müharibəsində həyatın itirmiş insanların nəvə-nəticələrinə də təzminat ödəməli, onlardan da üzr istəməlisiniz.
***
Azərbaycanda insan haqlarının pozulmasından, söz azadlığının olmamasından “rahatsızlıq” ifadə edirsiniz. Kimlərəsə “siyasi məhbus” statusu verir və onların guya müdafiəçisi kimi Azərbaycan dövlətinə təzyiq göstərməyə çalışırsınız. Hələ üstəlik Avropa məhkəməsi vasitəsilə bəzilərinin hüquqlarını da “bərpa” edirsiniz. Bəs sizin bir millət kimi törətdiyiniz cinayətlərin cavabını kim verəcək? Babalarınızın məhv etdiyi milyonlarla insanın ailə üzvlərinə kim təzminat ödəyəcək? Bu gün Azərbaycanda az adam tapılar ki, onun atası-babası Böyük Vətən Müharibəsində iştirak etməsin. Babalarınızın öldürdüyü babalarımıza görə kiməsə təzminat ödəmisinizmi? Kimdənsə üzr istəmisinizmi? Azərbaycanda hansısa müharibə veteranının əlindən öpüb demisinizmi ki, bizi bağışlayın, babalarımız sizin gəncliyinizi əlinizdən alıb, arzularınızı məhv edib, rahat yaşamaq haqqından mərhum edib? Deməmisiz! Gəlib qarşımızda baş əyib bağışlanmağınızı istəməmisiniz. Unutmayın, Hitlerin cinayətlərinin qarşılığında İsrailə təzminat ödəməklə faşist Almaniyasına görə məsuliyyət daşıdığınızı dolayısı ilə etiraf etmisiz və deməli, babalarını öldürdüyünüz bütün insanlara, başladığınız müharibələrə məcburən cəlb olunmuş bütün xalqlara da borclusunuz. Özünüzü hamıdan ağıllı, hamıdan mədəniyyətli və insanpərvər göstərməyə çalışmayın. İnsanların görmə qabiliyyəti zəifləyə bilər. Fəqət, tarixin gözü həmişə görür!
***
Sizə Azərbaycanda “insan haqları”, “söz və mətbuat azadlığı”, “demokratiya” kimi dəyərlər gərəkli deyil. Sizə Cənubi Qafqaz regionunun bütün mənalarda zəngin ölkəsi olan Azərbaycanı öz təsir dairənizdə saxlamaq lazımdır. Coğrafi cəhətdən nə qədər uzaqda olsanız da gözünüz həmişə bizim torpaqlarda olub. Elə ulu babanız Hitler də öz ad günündə keçmış Sovetlər Birliyinin xəritəsi şəkilində hazırlanmış tortun yalnız bir hissəsini yemək istəmişdi ki, o da Azərbaycanın ərazisi idi...
İslam amili sizi və bütün Avropanı rahatsız edir. Bütün müsəlmanları terroçu kimi təqdim etməkdə də haqsızsınız. İslam dəyərləri əsl ümumbəşəri dəyərlərdir və Azərbaycan bunun belə olduğunu taleyrantlıq və multikulturalizm prinsiplərinə söykənən yeni dövlətçilik modeli sərgiləməklə hər kəsə sübut edir. Bizi daha böyük uğurlara aparan qatar çoxdan yola düşüb və o öz mənzilinə doğru sürətlə irəliləyir, onu dayandırmaq eyni cinslilərin nigahına əl çalan, bunu demokratiyanın və insan haqlarının təntənəsi kimi göstərməyə çalışan sizlərin gücündə deyil. Gənc bir dövlətin müstəqil siyasət yürütməsini, sürətlə inkişaf etməsini bu qədər qisqanclıqla qarşılamaqla heç nəyə nail ola bilməyəcəksiniz. Yaxşı olardı ki, bunun əvəzində bəşəriyyətə bəxş etdiyiniz iki böyük cinayəti hər rübdə bir dəfə Bundestaqda müzakirəyə çıxarıb, məhvinə fərman verdiyiniz insanların yaxınlarına, qohumlarına ödəməyə borclu olduğunuz təzminatlar barəsində düşünəsiz...
***
İnsan halqarından ağız dolu danışarkən, əsassız və qərəz dolu bəyanatlar verərkən tarixin yaddaşında əbədi qalacaq ölüm lagerlərini, qaz kameralarını, insan orqanizmi üzərində ağlasızmaz dəhşətli tədqiqatların aparıldığı laboratoriyaları, babalarınızın «Lebensunwertes Leben» adlandırdığı günahsız insanları xatırlayn. Unutmayin ki, əsrin əvvəlində milyonlarla insanın boynundan “YAŞAMAQ HAQQI OLMAYAN” lövhəsi asdıran məhz siz olmusuz. İctimai nəqliyyatda biletsiz hərəkət edən sərnişinləri yerindəcə güllələmək kimi insanlığa sığmayan təcrübənin də müəllifləri biz deyilik...
Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri