20 İyun 2015 01:11
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Reuters” Xəbər Agentliyi “Çiraqov Ermənistana qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə əlaqədar Azərbaycanın ABŞ-dakı səfirliyinin bəyanatını dərc edib.

“Əsas beynəlxalq orqan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalına dair qərar qəbul edib. Avropa İnsan Hüquqları Məhkəməsi: Dağlıq Qarabağ Ermənistanın nəzarəti altındadır” sərlövhəli məqalədə deyilir ki, məhkəmənin iyunun 16-da çıxardığı qərara görə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalını dəstəkləyir və ona nəzarət edir. Agentlik Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun bu sözlərini misal gətirir: “Məhkəmə Dağlıq Qarabağın və ona bitişik rayonların qeyri-qanuni işğal edildiyini, habelə işğal nəticəsində xalqımıza maddi və mənəvi ziyan vurulduğunu bir daha dünyaya xatırladıb. Ümidvarıq ki, uzun sürən münaqişə tezliklə və dinc yolla nizama salınacaq, bütün məcburi köçkünlər öz evlərinə dönəcəklər”.

Məqalədə həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat verib. Bəyanatda göstərilir ki, beynəlxalq birliyin BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərindən erməni işğalçı qüvvələrinin çıxarılmasını və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasını tələb edən qətnamələrinin yerinə yetirilməsini tələb etməsi” vacibdir.

Məqalədə daha sonra deyilir: məhkəmə öz qərarında qeyd edib ki, Dağlıq Qarabağın hərbi rejimi “əslində Dağlıq Qarabağa və ona bitişik ərazilərə nəzarət edən Ermənistanın hərbi, siyasi, maliyyə dəstəyi hesabına” hakimiyyətdə qalır. Bundan başqa, məhkəmə bildirib ki, orada Ermənistan Respublikasının qoşunları və onun yardım göstərdiyi hərbi silahlı dəstələr olduğu üçün azərbaycanlılar indiki şəraitdə bu ərazilərə qayıda bilmirlər.

Laçın rayonundan altı məcburi köçkün Ermənistanın 1992-1994-cü illərdə Azərbaycan ərazilərinin işğalı zamanı insan hüquqlarını pozduğuna görə ona qarşı iddia qaldırıb.

1992-1994-cü illərdə Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi zamanı Azərbaycan ərazisinin təqribən iyirmi faizi, o cümlədən Dağlıq Qarabağ regionu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından qovulub, Azərbaycanın minlərlə dinc vətəndaşı Ermənistan silahlı dəstələrinin həyata keçirdikləri etnik təmizləmə nəticəsində məhv edilib. BMT TŞ-nin 1993-cü ildə qəbul olunmuş və erməni işğalçı qüvvələrinin ələ keçirilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və dinc sakinlərin öz evlərinə qayıtması üçün şərait yaradılmasını tələb edən dörd qətnaməsi (822, 853, 874 və 884) Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib.


Müəllif:

Oxşar xəbərlər