Əjdər Tağızadə Sabir Rüstəmxanlıya qarşı Səftər Rəhimli ilə birləşir
Dünya Azərbaycanlıları Konqresinin İstanbulda keçirilən XIII qurultayından sonra vəziyyət kəskinləşib. DAK-ın rəhbərliyində təmsil olunan Əjdər Tağızadə bu qurumu tərk etdikdən sonra rəhbərliyə qarşı ciddi ittihamlar səsləndirir, xüsusilə DAK həmsədri Sabir Rüstəmxanlını açıq hədəfə alıb. Ötən gün DAK analitik qrupu təşkilat daxilində baş verən prosesləri təhlil edib. Teleqraf.com DAK-da son durumu diqqətinizə çatdırır.
Gəncliyindən bu yaşınadək bütün həyatı və fəaliyyəti ilə millətin göz önündə olan Sabir Rüstəmxanlının nüfuzuna haqqında müxtəlif şayələr yayılan və son illər məhz Sabir bəyin kölgəsində himayə tapan bir şəxsin sözləri ilə zərrə qədər xələl gələ biləcəyəni düşünmək yanlışlıq olar. Yel qayadan nə qoparasıdır ki... Bu sayaqlamaların dərc olunduğu ünvanın özü də elə çox şey deyir. Təhqir və təhdid səpgili populist yazılarına görə həbs həyatı yaşayan, illərlə fəal ictimai fəaliyyətdən kənarda qalan biri tərəfindən yenidən gündəmə gəlmək üçün istifadə edildiyini anlamaq Əjdər Tağızadə üçün o qədərmi çətindir? Məgər o, başa düşmür ki, ondan istifadə edilir, özüdə ki, bir dəfəlik istifadə... Bundan sonra daha heç vaxt nə o saytın, nə də o şəxsin yadına Əjdər Tağızadə düşməyəcək. Və bu birdəfəlik istifadə ilə bundan sonra o, daha yararsız olacaq... Hansı ki, dəyəri olmayan plastik materiallı əşyalar üçün məhz bu üsulu tətbiq edərlər.
O ki, qaldı müsahibədəki sərsəm fikirlərə Səftər Rəhimli adlı birisini göylərə qaldıracaq qədər alçalan Əjdər Tağızadənin 2011-ci ilin iyul ayında “Şərq” qəzetinə açıqlamasına elə Səftər Rəhimli haqda öz dedikləri ən yaxşı cavab ola bilər. Oxu, Əjdər Tağızadə, oxu bir zaman Səftər Rəhimliyə aid etdiyin fikirləri indi necə haqq etdiyini gör və ayıbına kor ol: "Deməli, Səftər Rəhimli (oxu Əjdər Tağızadə - red) DAK-da işlədiyi zamanlar bu neqativ halları görmürdü. İndi gözü açıldı. Bəs ondan soruşmaq lazımdır ki, indiyə qədər niyə susurdu? Bu günə qədər bunları niyə demirdi? DAK fəaliyyətə başladığı gündən üzü bu yana həmişə obyektiv və qərəzsiz fəaliyyət göstərib. Heç kəs bunun əksini iddia və sübut edə bilməz. Qeyd edək ki, bu bizim qarşılaşdığımız ilk hadisə deyil. Bundan əvvəl də işdən çıxarılanlar eyni bəyanatla çıxış etmişdilər ki, "DAK- da neqativ hallar var, həmsədrlər bizi yenidən öz vəzifəmizə bərpa etməsələr, hər şeyi açıb deyəcəyik". Başa düşüləsi deyil, bunların ağlı dünənə qədər harda imiş? Əgər neqativ hallar var idisə, vaxtında deyərdiniz. İkili rol oynamaq nəyə lazımdır.
DAK müqqəddəs bir milli qurum olaraq tanınıb və yoluna da məhz bu şəkildə davam etməlidir. Onu birbaşa dövlətlərin qarşısına çıxarmaq çox böyük səhv olardı.
Güney Azərbaycandan olan mühacir soydaşlarımız tərəfindən də qəbul olunmayan, Mahmudəli Çöhrəqanlı, Eldar Qaradağlı, Cavad Derəxti, Səbri Təbrizli, Əhməd Obalı və digər tanınmış aydınlarımızla yollaşmayan bir şəxsin indi də DAK-a və onun rəhbərliyinə çirkab yapışdırmasının arxasında sözsüz ki, başqa mətləblər durur. Görün adam nə deyir: “Firudin Pərviznia ilə Sabir Rüstəmxanlı DAK-ın həmsədri oldular. Amma bundan sonra da DAK-da heç bir iş görülmədi, təşkilatlanma üçün heç bir addım atılmadı”. Allahınız olsun Əjdər Tağızadə!!! Yarandığı zaman amorf vəziyyətdə olan DAK-ı bu illər ərzində aktiv təşkilat halına gətirən, ABŞ, Kanada, Avstraliya, Avropada ali dövlət qurumları qarşısında məhz millət vəkili mandatından istfadə edib Güney Azərbaycan məsələsini qaldıran, vətənimizin o tayının dərdlərini BMT tribunasınadək daşıyan Sabir Rüstəmxanlının zəhmətini necə dandınız. Bunu nə vicdan, nə iman götürməz!!! Məhz Sabir Rüstəmxanlının sədrliyi dönəmində DAK İrandakı fars şovinist rejiminin 35 milyondan çox soydaşımıza qarşı həyata keçirdiyi assimilyasiya siyasətinə, orada insan haqlarının pozulmasına, qurumaqda olan Urmiya gölünə etiraz olaraq dəfələrlə bəyanat yayıb. DAK-ın elə bir tədbiri olmayıb ki, orada Güneylə bağlı çıxışlar olmasın. Güney Azərbaycandakı son durum adı ilə dəfələrlə "dəyirmi masa"lar, simpoziumlar keçirilib. Hətta, bu tədbirlərin bir neçəsi ilə bağlı İran Azərbaycana notalar göndərib. Axı, bütün bunlar Əjdər Tağızadənin gözü qarşısında olub. Bunları unutmaq üçün insanın ya gərək özünün, ya da vicdanının gözü kor ola. Və həmin bu kor insan müsahibəsində deyir ki, Sabir bəyi DAK-ın başına mən gətirmişəm, adamdan soruşarlar sən o zaman DAK-da kim idin ki,? Bəlkə tam tərsi olmuşdu, səni DAK-ın rəhbər orqanlarında təmsil olunman üçün bəlkə, Sabir Rüstəmxanlı gətirmişdi? Və məhz buna görə də ondan Güneydən olan bir çox ziyalı küsmüşdü və nə qədər “Əjdər kimi adamlar ordadır, biz ora gəlməyəcəyik” demişdilər Bir yaxşı-yaxşı düşünün. Axı, bütün bunlar heç də uzaq zamanın işi deyil... Əjdər Tağızadənin məntiqindən belə çıxır ki, mən bu gün DAK-da yoxamsa, DAK- da yoxdur. DAK-ı fəaliyyətsizlikdə ittiham etmək haqsızlıqdır. Yəni, bunu bilmək istəyənlər internetdən baxa bilərlər, hansı ki, həmin tədbirlərin bir çoxunda Əjdər Tağızadənin çıxışları olub.
Əjdər Tağızadə xaricdə keçirilən tədbirlərin çoxunda iştirak edib. Müəyyən adamlar məqsədli şəkildə İstanbulun köşələrində oturmuşdular ki, DAK-ın birləşmə ilə yekunlaşan 13-cü qurultayını dağıtsınlar. Onlar çirkin məqsədlərinə nail olmaq istəyirdilər, lakin bacarmadılar. Məhz onların uduzmağının səbəbidir ki, Əjdər Tağızadəni bu cür danışdırırlar. Bu gün bir daha aydın olur ki, DAK-ı dağıtmaq istəyən qara qüvvələr yenidən aktivləşib. İllərdir DAK-da baş verən proseslərin yaxından şahidi kimi Dak.az Analitik qrupu olaraq Azərbaycan ictimaiyyətini və milli zümrəni bu kimi təxribatlara aldanmamağa və bu hərəkətləri qınaq obyektinə çevirməyə səsləyirik.
Cavidan