Azərbaycan qanunlarını pozan Emin Hüseynov 10 aylıq gizli şəkildə İsveçrə səfirliyində yaşadıqdan sonra bu ölkənin xarici işlər nazirinin təyyarəsində Avropaya, özünün arzuladığı və doğma vətəni hesab etdiyi qitəyə uçdu. Ardınca ABŞ hökumətinin əsas təbliğat maşını hesab olunan CNN telekanalına müsahibə verərək, Azərbaycanı “insan haqlarının pozulmasında” və “anti-demokratik” ölkə olmaqda ittiham etdi. Bunu anti-Azərbaycan tamaşasının finalı hesab etmək olardı...
Emin Hüseynovun Azərbaycan əleyhinə çıxışında qeyri-adi heç nə yoxdur. Asan və çirkli yolla varlanaraq, vergidən yayınan bu adam cibindəki pulların toxunulmazlığının onu böyüdən torpaqdan daha önəmli olduğunu göstərdi. Onun anti-Azərbaycan ritorikası isə dərsini pis oxuyan məktəblinin “şparqalkasına” xatırladırdı. Əsas məsələ Emin Hüseynova efir vaxtı verən CNN-nin anti-Azərbaycan prosesinə qoşulmasıdır.
Həmin reportajın sujet xəttində məsələnin mahiyyəti aydın şəkildə sezilir. CNN-nin “üzü” qismində çıxış edən jurnalist Kristina Amanpur birbaşa İsveçrəyə qoşularaq Emin Hüseynova suallar ünvanlayır, onun dili ilə Azərbaycanı ittiham edir. Lakin cavablar Amanpuru qane etmir, o müsahibinə istiqamət verir və Azərbaycan haqda daha çox “mənfi informasiya” istehsal etməyə cəhdlər edir.
Sözügedən verlişin ümumi məğzi bundan ibarət idi. Amanpurun məqsədinə nə qədər nail olduğunu demək çətindir. Lakin o faktdır ki, CNN-nin efirində yayımlanan bu reportajla Azərbaycan haqda qarayaxma kampaniyasının daha geniş spektirdə aparılması hədəflənib. Bu işi isə Dövlət Departamentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Ceyms Rubinlə ailə quraraq “Ağ Evin qohumu” olan Kristina Amanpurdan daha yaxşı bacaran tapılmazdı. Əslində birbaşa ABŞ hökumətinin piar firması hesab olunan CNN-nin anti-Azərbaycan kampaniyasına qoşulması və bu prosesin Dövlət Departamentinə “qohum” jurnalist tərəfindən aparılması təsadüfi deyil. İlk Avropa Oyunlarının startına iki ay qalmış – bu ilin aprelində mediada “Bakı-2015” üzərindən Azərbaycana hücumların olacağı haqda informasiya yayılmışdı. Bu kampaniyanın əsas təşkilatçısı isə Dövlət katibi Con Kerri idi. Yayılan informasiya daha sonra öz doğruluğunu tapdı və anti-Azərbaycan şəbəkəsi “Bakı-2015” üzərindən kampaniyaya start verdi. CNN isə bu tamaşanın finalına saxlanılmışdı. Çünki CNN mediada Dövlət Departamentinin “ağır topu” hesab olunur. Bu telekanal ABŞ-ın dünyanın müxtəlif yerlərində apardığı işğal siyasəti və hücum kampaniyasının əsas ruporudur. Və dəfələrlə sınaqdan “üzü ağ” çıxıb. Bir çoxlarına görə, CNN kimi dünya miqyaslı telekanallar öz reputasiyası üçün yalan informasiyaya əl atmaz. Belə telekanallar üçün əsas meyar tamaşaçının marağıdır. Lakin faktlar tamaşaçı marağının ikinci, bəlkə də onuncu planda olduğunu göstərir. Əsas maraq piar və təbliğatın aparılması, ictimai rəyin məqsədəuyğun şəkildə formalaşdırılmasıdır.
CNN-nin Azərbaycanla bağlı məqsədyönlü şəkildə yaratmağa cəhd etdiyi ictimai rəy də buna əsas nümunə idi. Bu telekanalın hədəfində indiyə qədər təkcə Azərbaycan yox, dünyanın müxtəlif məkanları, daha dəqiq desək, ABŞ-ın sifariş verdiyi ölkələr olub. Dövlət Departamenti CNN-ə bir növ lazım olan ictimai rəyi sifariş verir, telekanal da sifarişə uyğun hərəkət edir. Çünki Amerika üçün ictimai rəy həmişə önəmlidir. “Silah sisteminin yaradılmasına 9 dollar qoymaqdansa, təbliğata 1 dollar qoymaq daha sərfəlidir. Çünki silahdan nadir hallarda istifadə olunursa, informasiya hər gün və hər yerdə lazımdır”, - ABŞ-ın keçmiş prezidenti Riçard Nikson belə deyirdi. ABŞ –a lazım olan ictimai rəyin yaradılmasında CNN telekanalı daim ön sıralarda qərarlaşıb.
Bununla bağlı yetərincə faktlar var. CNN İraqa hücumu necə təşkil etdi? 1990-cı illərdə ata Buş İraqa hücum etməyin yollarını axtarırdı. Lakin bunu reallaşdırmaq üçün ciddi əsas yox idi. Bu zaman CNN dövriyəyə girdi. Telekanal 15 yaşlı küveytli qızın dili ilə onun könüllü olaraq işlədiyi doğum evinə Səddamın əsgərləri tərəfindən hücum edildiyi və yarımçıq doğulan körpələr üçün nəzərdə tutulan küveys aparatlarının oğurlandığı, nəticədə 300 körpənin tələf olduğu xəbərini dünya ictimaiyyətinə çatdırdı. Beynəlxalq Amnistiya təşkilatı bu dezinformasiyanı təsdiqlədi. Heç bir əsas tapmayan Amerika İraqa hücum etmək üçün bu şaiyədən lazımınca istifadə etdi. Daha sonra CNN-nin istinad etdiyi 15 yaşlı qızın əslində Küveytin ABŞ-dakı səfirinin qızı olduğu ortaya çıxdı. Nayihar el-Sabah adlı yeniyetmə qız həmin doğum evində heç vaxt olmamışdı.
Pentqonun sifarişi və ölmüş qarabatdaqlar ABŞ İraqa girəndən bir il sonra CNN Pentaqonun sifarişinə əsasən daha bir informasiya istehsal etdi. Videokadrlarda göstərilirdi ki, Səddam Hüseyn Küveyti bombalayıb və neftin dənizə tökülməsi nəticəsində qarabatdaqlar məhv olublar. Halbuki, bu görüntülər CNN-nin arxivindən götürülən köhnə kadrlar idi. 2001-ci ildə Əfqanıstan kampaniyası zamanı CNN-nin Vainqtondakı havadarları tərəfindən yeganə alternativ informasiya vermək imkanına sahib olan “Əl-Cəzirə”nin yayım hüququndan məhrum edilməsi də məhz lazım olan ictimai rəyin formalaşdırılması yolunda maneələri aradan qaldırmaq məqsədi daşıyırdı. Yenə İraq və CNN-nin oğul Buşa yardımı CNN oğul Buşun İraq müharibəsi üçün də əsas informasiya ruporu rolunda çıxış edib. Belə ki, 2003-cü ildə oğul Buş İraqa hücum edərkən ictimai rəyi aldadan 935 rəsmi açıqlama verildi. Bunun da əsas yayımçısı kimi CNN çıxış edirdi.
Misal üçün, Dövlət katibi Kolin Pauelin (Colin Powell) İraqda kimyəvi silah olması və Səddam Hüseynin Əl-Qaidə ilə əlaqələri haqda saxta informasiyalar CNN tərəfindən dünyaya çatdırılıb. ABŞ KİV-nin məlumatlarına görə, oğul Buş administrasiyasının vitse-prezidenti Dik Çeyni və müdafiə naziri Donald Ramsfeld CNN-nin rəhbəri Ted Turnerlə yaxın dost olublar. Məhz bu dostluq Buş administrasiyasının İraq müharibəsində CNN-nin yardımını təmin edib. “CNN rəhbərliyi məndən İraq və Suriyadakı vəziyyətlə bağlı şişirdilmiş informasiya verməyi tələb edirdi. Səbəbini soruşanda isə “ABŞ rəhbərliyi belə istəyir” deyə cavab verirdilər”.
Bu sözləri isə CNN-nin Suriya və İraqda reportyor işləyən keçmiş işçisi Ember Lion (Amber Lyon) deyib. E. Lion CNN-nin yaydığı informasiyalara görə ABŞ rəhbərliyindən böyük miqdarda pullar aldığını da bildirib: “Bu pullar İrana qarşı hərbi müdaxilənin qanuniləşdirilməsi üçün ictimai rəyə yönələn informasiyalara görə verilirdi”.
CNN-nin keçmiş jurnalisti daha sonra Dövlət Departamentinin informasiya yayımına birbaşa müdaxilə etdiyini açıqlayıb. “Digər media orqanlarına nisbətən, CNN-də dezinformasiya daha çoxdur və bu jurnalistlərdən məcburi şəkildə tələb olunur. Telekanalda yayımlanan informasiyalar əksər hallarda Dövlət Departamenti tərəfindən lazımi formaya salınır. Hansı informasiyanın nə vaxt və necə təqdim edilməsini də məhz Dövlət Departamenti müəyyyənləşdirir. Bu informasiyalar çox vaxt saxta olur. İraqa hücum zamanı yalan informasiyalarla beynəlxalq ictimaiyyətin dəstəyi necə əldə olunmuşdusa, İrana qarşı da eyni ssenari tətbiq olunurdu. Bizim ölkədə jurnalist, yaxud hansısa şəxs Amerika siyasətinə qarşıdırsa, o ən yaxşı halda təqib olunur və ya həbs edilir”, - deyə CNN-nin informasiya mətbəxinə bələd olan E. Lion etiraf edib.
Lakin CNN-nin yalanları bunlarla bitmir. Suriya böhranı başlayan zaman beynəlxalq müdaxiləyə əsas yaradan yalan informasiyaları da bu telekanal istehsal edirdi. Kadrların birində isə telekanalın əsl üzü ortaya çıxdı. Belə ki, CNN-nin Suriyadakı müxbiri Danni Dayemin canlı yayıma çıxmamışdan öncə yanındakı insanlara atəş açmağı əmr edir. Daha sonra o, son iki saatda yüzlərlə insanın öldürüldüyünü deyir. Ortaya çıxan əsl kadrlar isə bunun CNN-nin növbəti “səhnəciyi” olduğunu göstərdi.
Göründüyü kimi, CNN beynəlxalq jurnalistikanın əsl “Amerika faciəsi”dir. Dövlət Departamentindəki bossların sifarişi ilə Emin Hüseynovun efirə çıxarılması, onun dili ilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsi də CNN-nin ictimi rəyə hesablanan növbəti komediyası idi.