23 İyun 2015 12:07
3 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kürdəmir rayon Su-Kanal İdarəsinin rəisi Tariyel Kərimovun intihara cəhd etməsi və bu məsələdə guya rayon rəhbərliyinin günahının olması barədə yazılanlar doğru deyil. İdarə rəsinin qanı da, sidiyi də təmizdir. İntihar edən adam danışa bilər? Onun şəxsi problemləri olub. Camaatdan pul alıb qaytarmayıb. İndi də vaxtı uzatmağa çalışır".

Bunu Teleqraf.com-a açıqlamasında Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov mətbuatda barəsində yazılanlara münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, Azpolitika.info saytında gedən məlumata görə, idarə rəisi T.Kərimov ötən həftənin şənbə günü iş yerində sirkə turşusu içdikdən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.T.Kərimovun vəziyyəti ağır olduğundan onu Bakıya gətiriblər. Bildirilir ki, T.Kərimov rayonun icra başçısı Ceyhun Cəfərovla mübahisə etdikdən sonra intihara cəhd edib. Səbəb kimi icra başçısının T.Kərimovun qarşısında müəyyən tələblər qoyması göstərilib.

C.Cəfərov Kürdəmirdə aparılan işlərlə bağlı heç bir idarə müdiri, məktəb direktorunun incidilmədiyini dedi: "Həmin yazıları oxumuşam, həqiqətdən uzaqdır".

İcra başçısı tabeliyindəki məmurlarla münasibətlərinin gərgin olması barədə yazılanlara da münasibət bildirdi: "Heç bir gərginlik yoxdur. İş görən adamdan razı qalanlar da olur, olmayanlar da. Hamı istəyər ki, otursun kabinetində isti çay içə-içə işini görsün. Dünən Kürdəmirdə 46 dərəcə isti var idi. Belə havada açıq yerdə işləmək çətindir. Amma neyləyək, biz bura işləməyə gəlmişik, dincəlməyə yox. Mən sizi Kürdəmirə dəvət edirəm, görün, son vaxtlar rayonda nə qədər işlər görülüb".

C.Cəfərov Kürdəmir Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Feyzullayevin ərizə yazaraq işdən çıxmasından da danışdı: "O, iki il idi ki, rayonda çalışırdı. Ailəsi Bakıda yaşayırdı. Ona görə də, burada qalmaq ona sərf etmədi. Nizami Feyzullayevin işdən çıxmasında mənim heç bir rolum olmayıb. Özündən də soruşa bilərsiz".


Müəllif:

Oxşar xəbərlər