23 İyun 2015 14:42
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

23 iyun səhəri TOMA-lar işə düşdü və “azadlıq” deyə qışqıran insanları güclü su şırnağı ilə yerə sərdi. Polis ağır dəyənəkləri yerə oturan insanların başına endirir, mülki geyimli şəxslər qadını ayaqlarının altına alıb təpikləyirlər. İnsanların etiraz səsləri boğulur, dünən gecədən “Azadlıq” meydanına toplaşan kütlə zorakılıqla dağıdılır. Ardınca həbslər, işgəncələr...


Bura Ermənistanın paytaxtı İrəvandır. İyunun 22-də minlərlə insan elektrik enerjisinin bahalaşmasına etiraz olaraq küçələrə axışıb. Çünki iyunun 17-də Ermənistanda elektrik enerjisinin qiyməti 16 faiz qalxıb, kv/saatı 49 dram (0.1 dollar) olub. Son 3 ildə bu, üçüncü qiymət artımıdır. Yeni artımla insanlar orta əmək haqqının 10 faizini elektrik enerjisinə verməlidir. Onsuz da aclıqdan əziyyət çəkən ermənilər üçün bu, qəfil başlarına endirilən dəyənəkdən də betərdir. Lakin hökumətin güc maşını işə düşür və cəmi 15 dəqiqəyə kütlə darmadağın edilir. “Azadlıq” qışqıran səslər boğulur.



Dünya isə susur, insan haqlarını təməl prinsipi elan edən bir sıra beynəlxalq təşkilatlar – “Amnesty İnternational”, “Transparency İnternational”, “Human Rights Watch”, “Freedom House” kimi “demokratlar”dan səs çıxmır. Səbəb sadədir. Onların başı qarışıb. Bakıda Avropa qitəsinin tarixində ilk idman oyunları mükəmməl şəkildə təşkil olunur, dünyanın diqqəti Azərbaycandadır və anti-Azərbaycan kampaniyası üçün bundan yaxşı fürsət ola bilməz. Sifarişə əsasən, I Avropa Oyunlarının yüksək səviyyədə keçirən Azərbaycanın bu uğuru gözdən salınmalıdır. Olmayan “siyasi məhbus”lar, bir il öncə azad olunan hansısa şəxsin adının siyahılara salınması, “demokratiya şüarları” və daha nələr. Söhbət Azərbaycandan gedirsə, bu təşkilatlar “fakt” tapmaq üçün əllərindən gələn hər şeyi edirlər.



Lakin bu yeni prinsip, yeni yanaşma deyil. Ermənistan “demokratiya çarçıları” üçün toxunulmaz ölkədir. Bu gün baş verdiyi kimi, bu ölkədə etirazlar dağıdıla, insanlar həbs oluna, repressiyalar ola bilər. İnsan haqlarına iqtibas edən beynəlxalq təşkilatlara görə, bu, dövlətin anarxistlərə qarşı haqlı hücumudur.


Azərbaycanda isə qanunları pozan bir neçə nəfərin məhkəmə qərarı ilə həbs olunması, yaxud dövlətə xəyanət edən şəxslərin zərərsizləşdirilməsi insan haqlarının pozulması kimi yozulur və hücumlar başlayır. “İdman və İnsan Haqları”– heç vaxt eyni qəlibə sığmayan bu iki məfhum bir-birinə qaynaq edilərək alyans yaradılır, proqramlar hazırlanır və bunun uzantıları Vaşinqtona qədər gedib çıxır.



Halbuki 23 iyun səhərini açan Bakı və İrəvan arasında uçurum qədər fərq var. Bakıda insanlar idman bayramını yaşayır. Voleybol, boks, qılıncoynatma, basketbol, badminton. Avropa Oyunlarının bugünkü proqramında qızğın mübarizələr gözlənilir.


İrəvanda da qızğın mübarizə gedir, lakin orada idmançılar deyil, ac insanlardır. Onlar medal uğrunda yox, həyatda qalmaq uğrunda savaşırlar. Polis isə etirazları dəyənəklər və TOMA-larla boğur.


Bu təkcə 23 iyun tarixinə olan müqayisədir. Ümumilikdə isə Azərbaycan və Ermənistan heç vaxt müqayisə olunmayacaq qədər fərqli ölkələrdir.
Ermənistan parlamentin güllə-boran edildiyi, insanların həbsə atıldığı, etiraz aksiyasına çıxan insanların başına güllənin sıxıldığı ölkədir. İnsanlar aclıqla mübarizə aparır. Vəziyyət o qədər ağırdır ki, bu ölkənin insanları ilə hökuməti arasında 0,1 dolların davasını gedir.


Avropa Parlamentində, Bundestaqda isə Azərbaycanla bağlı dinləmələr təşkil olunur, insan haqları profilli təşkilatlar Bakını ittiham edir.
Bu, faktiki olaraq, dünyanın ikili standart siyasətinin bariz nümunəsidir.



İnsanlara, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan toplumlarına eyni gözlə baxmamaq, onları fərqli qiymətləndirmək, tərəfkeşlik etmək. Haqqı, ədaləti birinin xeyrinə və digərinin ziyanına şərh etmək və pozmaq”.



Böyük mütəfəkkir Josef Butler “Mənəviyyatın ikili Standartı” kitabında ikili standartları belə şərh edib.



İngilis dilinin Oksford lüğətində ikili standartlara lakonik tərif verilir: “İkili standartlar birinə nisbətən digərinə (və ya özünə) daha ciddi tətbiq edilən qayda və ya prinsipdir”.



İkili standartlar siyasəti eyni bir hərəkəti edən subyektlərin davranışına müxtəlif qiymət verilməsindən ibarətdir. Əgər hərəkəti edən onu qiymətləndirənə “yaxındırsa”, loyal münasibət bildirilir, əksinə olanda qınaq və ittiham səslənir. Beynəlxalq münasibətlərdə o, adətən, “arzuolunmayanların” prinsipləri, konvensiyaları, öhdəlikləri pozmaqda ittiham edilməsi formasını alır. Məsələn, “ümumbəşəri dəyərlərin tapdalanması”, “insan haqlarının pozulması”, beynəlxalq hüquq normalarından geri çəkilmələr” və s. Bu qiyməti verənlərin özlərinin və ya müttəfiqlərinin analoji hərəkətlərinə isə nümayişkaranə məhəl qoyulmur.



“Haqqı, ədaləti birinin xeyrinə və digərinin ziyanına şərh etmək və pozmaq” olan ikili standart Azərbaycan və Ermənistan münasibətdə açıq şəkildə müşahidə olunur. Burda iki mühüm amil var: İslamafobiya və bundan doğan xristian həmrəyliyi və Con Kerrinin kabinetinə qədər “nüfuz edən” erməni lobbisi.



Bu iki amil “qərəzsizlik” prinsipinə iddia edən Qərb mediasında da açıq şəkildə göründü. Son bir neçə həftədə Azərbaycanda “çöp” axtaran “The Guardian”, BBC, CNN, “Newsweek”, “The Sunday”, “Vaşinqton post”, “Nyu-York Times” kimi beynəlxalq media korporasiyaları İrəvandakı mitinqdən bir cümlə də yazmır, polis qəddarlığını görməzdən gəlirlər. Çünki ikili standart siyasəti dünyanın “siyasi kabinetlərindən” tutmuş, redaksiyalarına qədər sirayət edib.


Müəllif:

Oxşar xəbərlər