23 İyun 2015 15:23
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dahi Eynşteyn məşhur kəlamlarının birində deyirdi ki, bəzən təsəvvür qabiliyyəti bilikdən daha yaxşıdır. Jurnalist peşəsi üçün təsəvvür qabiliyyəti ən vacib xüsusiyyətlərdən biridir. SİA-nın xəbərinə görə, Associated Press-in Avropa Oyunları ilə əlaqədar akkreditasiya olunmuş jurnalisti Ceyms Ellinqvörs təsəvvür qabiliyyətindən də məhrum olaraq, uğursuz formada özünün Bakıya ezam olunmasını əsaslandırmağa çalışır.

Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar reportaj hazırlayan bu jurnalist adına iddialı şəxs yazmışdı ki, guya Avropa Oyunlarının məşəli Prezident İlham Əliyev tərəfindən stadiona gətirilmişdi. Habelə, onun reportajında Azərbaycanın Birinci xanımının adına edilən istinad da elementar nəzakət forması ilə bərabər, ingilis dilinin qrammatik quruluşuna belə zidd idi.

Azərbaycan tərəfinin etirazından sonra Associated Press-in rəsmi internet saytında bu xəbərlə əlaqədar düzəliş edildi. Xatırlatmaq istərdik ki, Avropa Oyunlarının açılış mərasiminə alov məşəlini paraolimpiyaçı İlham Zəkiyev stadiona gətirmişdi.

İntuisiyası zəif, maraqlı mövzu tapmaq qabiliyyəti olmayan bu jurnalist indi Ceyms Bond sayağı stadionları mikroskopla tədqiq edir. Bir neçə gün bundan əvvəl o, əsl “sensasiyaya” imza ataraq yarış vaxtı stadionların birində boş yer tapmışdı. Buradan da nəticə çıxarmışdı ki, Avropa Oyunlarına “maraq azdır”.

Ancaq mövzunun davamı kimi atletika yarışları haqqında yazan müəllif sonradan etiraf etmək məcburiyyətində qaldı ki, oyuna az qalmış tamaşaçılar stadionda yerlərini tutdular və bu azarkeş marağı atletika yarışları üçün yüksək göstəricidir.

İndi isə Ellinqvörs-Bond Bakı Olimpiya stadionunda atletika yarışlarında əsl peşəkarların deyil, “həvəskar idmançıların” iştirak etdiyini iddia edir. Onun həmin idmançıların peşəkarlıq səviyyəsini hansı meyarlarla ölçməsi bəlli olmasa da, Avropa Oyunlarında problem axtardığı açıq aydın görünür.

“Associated Press” kimi media orqanı tərəfindən idmançıların bu formada təsnif edilməsi ən azı etik normalardan kənardır. İdman bir cəhddir və özünüifadənin formasıdır. Digər tərəfdən Avropa Oyunlarında dünya səviyyəli kifayət qədər idmançı iştirak edir. Digər tərəfdən, Avropa Oyunlarında Avropa Olimpiya Komitəsinə daxil olan 50 dövlətin Olimpiya Komitəsinin müəyyən etdiyi idmançılar iştirak edirlər. Kiminsə güclü, peşəkar və ya həvəskar olmasını isə idman döşəkcəsi müəyyən edir.

Amma bəri başdan onu da demək olar ki, Avropa Oyunları idmançıların deyil, bəzi jurnalistlərin qeyri-peşəkarlığı və qeyri-obyektivliyindən əziyyət çəkir. “Associated Press”ın əməkdaşı Ceyms Ellinqvörs-Bondun fəaliyyəti də bunun bariz nümunəsidir.


Müəllif:

Oxşar xəbərlər