28 İyun 2015 08:23
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzi (AMMM) ofisi Kanadanın Toronto şəhərində yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (IFEX) ölkəmizə qarşı apardığı qarayaxma kampaniyası ilə bağlı Avropa Parlamentinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, İFEX təşkilatı Azərbaycan dövləti və xalqına qara yaxır, ölkəmiz haqqında dezinformasiyalar yayır. Bakıda keçirilən birinci Avropa Oyunları başlayandan isə onlar daha da fəallaşaraq ictimai və dövlət təşkilatlarını internetdə Azərbaycan haqqında neqativ informasiyalar yerləşdirməyə çağırır.

Sənəddə qeyd edilir ki, Azərbaycan həmişə çoxmillətli və çoxdinli dövlət olub ki, bu da ölkənin qiymətli xəzinəsidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra vətəndaş birliyinə, millətlər arasında qarşılıqlı hörmətə əsaslanan demokratik dövlət qurub. Ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, dövlət bütün siyasi partiya və hərəkatlara, ictimai və qeyri-dövlət təşkilatlarına hörmətlə yanaşır.

Müraciətdə qeyd olunur ki, Azərbaycan sülhsevər dövlətdir. 25 ildən artıqdır ki, torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bir milyondan artıq həmvətənimiz qaçqın və məcburi köçkün həyatı yaşayır. Bununla belə ölkəmiz problemin sülh yolu ilə həllinə çalışır.

Sənəddə bildirilir ki, birinci Avropa oyunlarının başlanması ilə üst-üstə düşən dezinformasiyaların yayılması təsadüfi deyil. Məqsəd bu böyük idman bayramını gözdən salmaqdır. Artıq onlar məqsədlərinə çata bilmədi, belə ki, Avropa Oyunları uğurla sona çatmaqdadır.

Müraciətdə deyilir ki, AMMM idarə heyətinin üzvləri Avropa Parlamentinin deputatlarına hörmətlə yanaşır, Azərbaycan rəhbərliyi və xalqına qarşı haqsızlıq edən deputatları isə hadisələri düzgün qiymətləndirməyə çağırır.


Müəllif:

Oxşar xəbərlər