3 İyul 2015 12:55
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qabil Hüseynli: "Səfirin açıqlaması Azərbaycanda sabitliyə kölgə salmaq məqsədi daşıyır"

"İŞİD-in Azərbaycanda möhkəmlənmə ehtimalı sıfıra bərabərdir. Çünki dünyəvi ölkə olan Azərbaycan cəmiyyəti heç vaxt radikal dindarlara dəstək verməyib. Hansısa kiçik qruplar var və onlar fürsət düşən kimi nəyəsə cəhd edirlər, amma hüquq-mühafizə orqanları onların fəaliyyətinin qarşısını alırlar. Hazırda cəzaçəkmə müəssisələrində onlarla radiklal dindarlar cəza çəkirlər".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin "İŞİD-in növbəti hədəfi Azərbaycandır" fikirlərini şərh edərkən bildirib.

Qeyd edək ki, M.Pak Ayini İŞİD-in Qafqazda 2 hədəfinin olduğunu deyib: "Birinci məqsədləri Şimalı Qafqazda, Rusiyanın müsəlman əyalətlərində təhlükə törətməkdir. Onların ikinci hədəfi isə şiə ölkəsi olan Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər".

Q.Hüseynliyə görə, İran səfiri yanlış olaraq Azərbaycanı şiə ölkəsi adlandırır: "Mən Azərbaycanın şiə və ya sünni ölkəsi adlandırılmasını qəbul etmirəm. Bu dini ayrı-seçkilikdir və təriqətlərarası təfriqə yaradılmasına xidmət edir. İran İŞİD üçün daha cəlbedici görünür, nəinki Azərbaycan. Çünki İran İslamın təməl prinsiplərinə zidd gedən, Quran ayələrini təhrif edən ölkədir. Azərbaycan isə dünyəvi ölkə olduğunu bəyan edib. Burada kimlərinsə dini konyuktura ilə məşğul olması mümkün deyil. Din siyasətdən ayrıdır və kimlərsə qanunu pozacaqsa, cəzasını alacaq".

Politoloq hesab edir ki, İŞİD-in tərkibində döyüşən çeçen və bəzi azərbaycanlıların rolu qəsdən şişirdilir: "İŞİD-ə qoşulan qafqazlıların Suriya və İraqdan verdiyi bəyanatlar, hədələr ciddi qəbul olunmamalıdır. Çeçenler sayca çox, ideyaca vahid olanda zəif düşmüş Rusiyaya heç nə edə bilmədilər və onların mübarizəsinin qarşısı alındı. İndi Rusiya xeyli güclənib, mücahid çeçenlərin sırası xeyli seyrəlib, ona görə də Qafqazda İŞİD təhlükəsindən danışmaq məncə, yersizdir. Üstəlik nəzərə almaq lazımdır ki, Suriya, İraq və Yəmənin özündə İŞİD və ya vəhhabi adlandırılan radikal dindarların mövqeləri zəifləyib. Möhsün Pak Ayini İranın Yaxın Şərq üzrə siyasətinə dəstək almaq üçün Azərbaycanın imkanlarından yararlanmaq istəyir. Unutmaq lazım deyil ki, Türkiyə və İranın Yaxın Şərq siyasətləri bir-birindən fərqlənir və Azərbaycan bu məsələlərdə Türkiyənin yanında olmalıdır. Bir daha qeyd edirəm ki, hazırda Azərbaycana qarşı İŞİD-in heç bir təhlükəsi yoxdur. Bu barədə deyilənlər pafosdan başqa bir şey deyil və Azərbaycanda sabitliyə kölgə salmaq məqsədi daşıyır".

Ruslan


Müəllif:

Oxşar xəbərlər