6 İyul 2015 13:15
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 5-də keçirilən tarixi referendumda yunan seçicilər beynəlxalq kreditorların daha sərt qənaət tədbirləri tələblərini rədd edib. Qeyd olunur ki, Yunanıstandakı referendum Avrozonanın iqtisadı və siyasi durumuna ciddi təsir göstərəcək. Amma səsvermənin nəticələri belə mövcud durumun dəyişməsinə təkan verməyəcək.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Yunanıstanda dünən keçirilən referendumun nəticələri həm yunanlar, həm də qədim qitənin digər üzvləri üçün iqtisadi baxımdan ciddi heç nəyi dəyişməyəcək: "Afina Brüsselə “yox” dedi. Amma hətta qədim filosofların vətənində kreditorlar üçün “isti külək” əssəydi belə, qısa və hətta orta müddətli dövrdə tərəflər dönüş edə bilməyəcəkdilər. Böhran yunanları pulsuz qoyub. Ötən 5 ildə isə qərblilər Yunanıstanda bəzi adalardan tutmuş aparıcı dövlət şirkətlərinin səhmlərinədək hər şeyi özəlləşdiriblər. Deməli, beynəlxalq maliyyə qurumlarının və hətta Avropa Birliyinin “anti-böhran resepti” ölkəni “sıfır cəmli oyunun” iştirakçısına çevirib. Atılan istənilən addımın taktiki təsirləri ola bilər, strateji baxımdan oyunda nəticə dəyişməyəcək: Afinanın tablodan sıfırı və ya sıfırları silmək üçün nə iqtisadi gücü, nə də siyasi dəstəyi var. Böhran isə Yunanıstanda dominatlığını gücləndirən bir sıra aparıcı Qərb ölkələrininin öz hesablarına xeyili xallar yazmasına çoxdan imkan yaradıb".

V.Bayramov bildirib ki, Yunanıstan Azərbaycan üçün strateji baxımdan əhəmiyyətli tərəfdaşlardandır: "Bu ölkə Azərbaycanın əsas strateji qaz kəməri olacaq TAP-da istehlakçı və eyni zamanda tranzit ölkədir. Ölkəmizin sözügedən dövlətdə sərmayələri ilə Dövlət Neft Fondunun aktivlərinin ¼-nin avro və idarə olunan vəsaitlərinin 40 faizinin Avropa Birliyində saxlanıldığını nəzərə alsaq Yunanıstanda böhranın başa çatmasında maraqlı olan ölkələrdən birinin də məhz Azərbaycan olduğunu desək, yanılmazdıq. Gözlənilir ki, referndumun nəticələri avronun dollara məzənnəsinə təsir göstərəcək. . Elə Azərbaycan Mərkəzi Bankının da bu iş həftəsinə zəif avro ilə başlayacağı da proqnozlaşdırılandır. Doğrudur, bazardakı mövcud tarazlıq hələlik avropalıların pulunun kursunda çox kəskin azalmalara imkan verməyəcək. Eyni zamanda, Yunanıstan böhranın ölkəmizin strateji qaz kəmərlərinin reallaşmasına təsir edəcəyi gözlənilmir. Razılaşmaq lazımdır ki, bu təşəbbüslərin reallaşmasında Bakı və Brüssel qərarverici tərəflərdir. Afina sadəcə iştirakçıdır. Kəmərin əsas benefisarı olan İtaliya isə özünün enerji asıllığını yumşaltmaqda maraqlı görsənir".

Yunanıstan defoltunun Dövlət Neft Fondunun gəlirliliyinə mənfi təsir göstərəcəyini deyən ekspert vurğulayıb ki, fond artıq xeyli vaxtdır “avrosuzlaşma” siyasəti aparır. Digər tərəfdən isə, bu defoltdan ABŞ və Almaniya səhmdarlarının qazanacağı gözlənilir. Sözügedən dövlətlədə səhmlərin qiymətində artımlar gözlənilir. Bu isə, okeanın o tayında vəsaitinin təxminə yarısını saxlayan Neft Fondu üçün yaxşı xəbər sayıla bilər. Referendumun nəticələri Azərbaycan ilə Avropa arasında iqtisadi əlaqələrə da təsir göstərməyəcək. Bu qitəyə daha çox strateji məhsullar ixrac edən Azərbaycanın avro-idxalında həcm və qiymətdə hələlik hər hansı dəyişikliklərin olacağı gözlənilmir. Beləliklə, Afina yeni mərhələnin başlanğıcındadır: bu ölkədə hətta sabahı proqnozlaşdlrmaq çətin olsa da belə. Berlin və Parisdə isə təlaş hiss edilmir. Bu gün Parisdə baş tutacaq Almaniya və Fransa liderlərinin görüşündə səslənəcək bəyanatın mətni heç də fenosian hərifləri ilə yazılmayacaq".

Digər iqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, Yunanıstanda acların demokratiyası toxları yenidən fikirləşməyə məcbur etdi: "Yunanıstandakı referendum Avropa Birliyi ilə danışıqlar üçün qapını açıq saxladı. Yunanlar referundumda "yox" deməklə baş nazir Alexis Tsiprasın danışıqlarda mövqeyini möhkəmləndirsə də qeyri-müəyyənlik davam edir. Bu qeyri-müəyyənliyin ilk zərbəsin dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çin alıb. Bu gündən Çin valyutası və şirkətlərinin səhmləri dəyərini itirməyə başlayıb. Bu proseslərin digər bazarlara təsiri də istisna olunmur. Dünən Afinada baş verənlər həm Avropa və həm də yunanlar üçün yaxşı dərs oldu. Bir tərəfdən işləməkdən başqa hər şeyə razı olan, aldıqları borcları öz qazancları kimi xərcləyən yunanlar, digər tərəfədən isə dəyərsizləşən yunan iqtisadiyyatından mənfəət qazanmaq istəyən xarici investorlar passiv biznesə sərmayələri ilə bütövlükdə bu ölkənin gələcəyinə ciddi şübhələr yaradıblar. Odur ki, Avropa Birliyin rəhbərlərinin sabaha planlaşdırılan görüşündə müzakirələrin ağır keçəcəyi gözlənilir. Hətta həmin görüşdə kredit şərtləri yumşalsa da belə Yunanıstan borclarını qaytarmaq məcbudiyyətindədir. Əslində borc probleminin həllinin ən doğru yolu da budur. Yunanlar başa düşmədilər ki, xərclədikləri pullar onların deyil, özgəninki olub və bu pullar istiənilən halda və nə vaxtsa geri qaytarılmalıdır. Məbləğ isə balaca deyil, söhbət 240 milyard avrodan gedir. Ümumilikdə isə yunanların borcları 320 milyard avro dəyərində qiymətləndilir ki, bu da ÜDM-in 178 faizi deməkdir".

Ruslan


Müəllif:

Oxşar xəbərlər