Bu gün Bakıdakı Dünya Gömrük Təşkilatının Potensialının Gücləndirilməsi üzrə Regional Ofisində GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 22-ci iclası işə başlayıb.
Teleqraf.com-un məlumatına görə, tədbirə GUAM üzvü olan Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın nümayəndə heyətləri qatılıb.
İclasın açılışında çıxış edən Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, “Bakı 2015” I Avropa Oyunlarından sonra GUAM tədbirinin Bakıda keçirilməsi qürurvericidir. Onun sözlərinə görə, Azərbaycanın bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin inkişafının sübutudur: “Mən fürsətdən istifadə edərək, Azərbaycanın ilk Avropa Oyunlarında uğurlu çıxışı münasibətilə sizləri təbrik edirəm”.
GUAM-ın baş katibi Valeri Çeçelaşvili də bu yaxınlarda Azərbaycanda keçirilmiş “Bakı 2015” ilk Avropa Oyununlarının və bugünkü tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, indi Azərbaycan təkcə GUAM üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli dövlətə çevrilib.
Qeyd edək ki, iclasda GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 21-ci iclasının protokolunun, eyni zamanda sözügedən layihənin üzv ölkələrdə icrası ilə bağlı hesabatlar təqdim olunacaq.
Həmçinin iclasda GUAM üzvü olan ölkələrin gömrük xidmətləri arasında dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında protokolun imzalanması, o cümlədən gömrük prosedurlarının həyata keçirilməsi zamanı mallar və nəqliyyat vasitələrinə gömrük nəzarətinin fərdi nəticələrinin qarşılıqlı tanınması haqqında protokol layihəsinin müzakirəsi nəzərdə tutulur.
İclasın sonunda isə Rəhbəredici Komitənin 22-ci iclasının protokolunun müzakirəsi və imzalanması gözlənilir.
İclas bitəndən sonra nümayəndə heyətləri Azərbaycanın Gömrük Komitəsinin “Hədəf” Mərkəzinə baxış keçirəcək, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olacaqlar.