8 İyul 2015 21:29
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 8-də qondarma "Dağlıq Qarabağ respublikası"nın "prezident"i Bako Saakyanın Londondakı “Chatham House” – Kral Beynəlxalq Münasibətlər İnstitutuna gəlişi azərbaycanlı fəalların etirazı ilə qarşılanıb.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilən etiraz aksiyasında azərbaycanlı tələbələr, icma üzvləri, o cümlədən, bu məsələdə azərbaycanlılarla həmrəy olan Böyük Britaniya, Türkiyə və digər ölkələrdən olan etirazçılar iştirak ediblər. Etiraz aksiyası Azərbaycan və Böyük Britaniya mətbuatında geniş işıqlandırılıb.

TEAS-dan Teleqraf.com-a verilən məlumata görə, “Dağlıq Qarabağ: Daxili inkişaf və regional problemlər” mövzusunda “Chatham House”da keçirilən müzakirələrdən öncə və sonra ardı kəsilmədən bu şüarlar səsləndirilib: “Saakyan - Qarabağ Azərbaycanındır!”, “Biz ədalət istəyirik – Nə zaman istəyirik? İndi istəyirik!”

Saakyan binanı tərk edərkən etirazçılar onu bu şüarla qarşılayıblar: "Saakyan – müharibə cinayətkarı!" Bununla onlar bildirməyə çalışıblar ki, onun rəhbərlik etdiyi separatçı rejimin işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evlərinə qayıtmasına imkan verilmir.

Dünya şöhrətli amerikalı fotojurnalist Ed Kaşinin Azərbaycandakı məcburi köçkün düşərgələrində çəkdiyi təsirli fotoşəkilləri sərgiləyən rəqəmsal avtomobil furqonu regionda erməni militarist siyasətinin insanlığa vurduğu zərbəni nümayiş etdirirdi. Sözügedən furqon debat zamanı “Chatham House” un binası qarşısında dayanıb, sonra isə Mərkəzi London turuna çıxıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı komandir müavini, 2001-2007-ci illərdə isə işğal olunmuş ərazilərdə təhlükəsizlik xidmətinin rəhbəri olmuş Saakyanın radikal platformadan çıxış etməsi tərəflər arasındakı sülh danışıqlarının inkişafını ləngitməkdə mühüm rol oynayıb. O, 2007-ci ildən bəri qondarma rejimin rəhbəridir və dəfələrlə Dağlıq Qarabağın tam müstəqilliyinin tanınmasına nail olacağına söz verib.


Müəllif:

Oxşar xəbərlər