Ötən illə müqayisədə Azərbaycana olunan kiberhücumlar 30 faizədək artıb
Son aylar sosial şəbəkələrdə profillərə, e-maillərə kənar müdaxilələr olunması barədə faktlar göstərilir. Beləliklə, insanların şəxsi informasiya resursları mənimsənilir və bundan müxtəlif məqsədlərlə istifadə təhlükəsi yaranır.
Mütəxəssislər bildirirlər ki, informasiya resurslarına istənilən müdaxilə kiberhücum sayılır. Çünki müasir dünyada kiberhücumlar hər bir insan üçün ciddi problemə çevrilib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu hücumların qarşısını almaq üçün dayanıqlı sistemlər qurmaq üzərində düşünürlər.
Hər gün hücum
Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəhbəri Tural Məmmədov deyir ki, əslində, hər gün kiberhücumlar baş verir: “Həmin hücumların qarşısı vaxtında alınır deyə informasiya resurslarından istifadə edənlərin bundan xəbəri olmur. Əslində, hər bir istifadəçi öz təhlükəsizliyinə cavabdehlik daşımalıdır. Çünki kiberhücum da adi bir cinayətdir və ondan qorunmaq lazımdır.
Məsələn, insan evdən çıxanda qapını bağlayır ki, evə oğru girməsin. İnformasiya resuslarından istifadə edən insanlar da sosial şəbəkələrdən kompüter vasitəsi ilə yox, müvafiq yerlərdən çıxış etməlidirlər. Ən əsası, adlar, familiya, doğum günləri olan parollardan istifadə düzgün deyil".
Tural Məmmədov deyir ki, hər hansı ölkənin kibermüdafiəsi deyildikdə ölkəyə daxil olan internet trafikinin idarə edilməsindən tutmuş, istifadəçilərin təhlükəsizliyinə qədər hər bir informasiya vasitəsi əhatə olunur: “Mən bu sahədə ölkədəki bir neçə qurumun fəaliyyətini xatırladım. İnformasiya təhlükəsizliyinin özəl və ictimai hissəsi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Təhlükəsizliyi Mərkəzi, akademik araşdırmalar hissəsi ilə AMEA yanında İnformasiya Texnologiyaları institutunun SCIENCE CERT qrupu, informasiya texnologiyaları ilə törədilmiş cinayət məsələləri ilə Milli Təhlükəsizlik Nazirliyi məşğul olur”.
Kiber ordu
Tural Məmmədov CERT komandasının gördüyü işlər barədə də danışıb: “Məqsədimiz özəl şirkət və ya dövlət qurumunda olmasından asılı olmayaraq informasiya resurslarının təhlükəsizliyini təmin etməkdən ötrü onların auditini keçirməkdir. Monitorinqlər zamanı müəyyən olunan çatışmazlıqları aradan qaldırmaq üçün mümkün təhlükə və mövcud boşluqlar barədə onları xəbərdar etmək lazım gəlir.
Kompüter sistemlərinə haker hücumlarının qarşısını almaq üçün məlumatları operativ qəbul etmək, təcili kömək göstərmək, internet şəbəkəsinin və digər informasiya sistemlərinin, o cümlədən lokal və korporativ sistemlərin istifadəçilərinə kompüter təhlükəsizliyinə yaranan təhdidlər haqqında vaxtında məlumat çatdırmaq və kompüter insidentlərinin təhqiqatında dövlət orqanlarına yardım etmək məqsədi də var. Amma media hərbi qurumlarda yaradılan CERT-lərə kiber ordu adı verərək məsələni daha emosional təqdim edir.
Bu gün kiber ordu adlandırılan komandalar dünənə qədər İT şöbəsi olaraq tanınırdı. Bəzi ölkələrin buna ordu adı verməsi bu mütəxəssis sayının çox olmasının göstəricisidir. Hər bir ölkə istəyər ki, onun mütəxəssislərinin sayı “tağım” sayını keçsin və orduya çevrilsin".
Tural Məmmədov deyir ki, kibercinayətkarlıqla əlaqədar məsələlər hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Kiberhücuma məruz qalan hər bir şəxs şikayət ərizəsi ilə müraciət edə bilər. Həmin şikayət MTN tərəfindən araşdırılır: “İT mütəxəssislərin sayının və keyfiyyətinin artırılması üçün isə ölkəmizdə kifayət qədər işlər görülür. Buna istər universitetlərdə yaradılan yeni ixtisaslar, istər dövlətin bu sahəyə marağı və ayırdığı qrantlar, istərsə də startapların inkişafını misal göstərmək olar”.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizliyi Mərkəzinin verdiyi məlumata görə, ötən illə müqayisədə Azərbaycana olunan kiberhücumlar 30 faizədək artıb.
Bütün dünya narahatdır
Məsələyə münasibət bildirən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir ki, xarici ölkələrdə dövlətlər artıq kibertəhlükələrin ciddiliyindən narahatdırlar: “Odur ki, həm bundan müdafiə olunmaq üçün, həm də özlərinin milli maraqlarını həyata keçirmək üçün yeni texnoloji qurumlar, sistemlər - əgər belə demək mümkünsə kibersilahlı qüvvələr yaradırlar. Əvvəllər bu tip hücumlar adətən bir neçə şəxs və haker adlandırdığımız qruplar tərəfindən edilirdisə, artıq situasiya dəyişib. Dövlətlər daha peşəkar, daha sistemli və dayanıqlı strukturlar yaradırlar.
Azərbaycanda da kiberhücumların qarşısını almaq uçun qurum var. Amma mən düşünürəm ki, bu qurumun fəaliyyəti yetərli deyil. Yaxşı olar ki, bu qurum daha yaxşı inkişaf etməsi üçün fəaliyyəti canladırılsın. Bizim həmin qurumdan gözləntilərimiz çoxdur".
Qeyd edək ki, 30 sentyabr 2009-cu ildə “Kibercinayətkarlıq haqqında” Qanun qəbul edilib.
İlhamə