Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi qismində Avrasiyanın böyük hissəsini təmsil edən təşkilatla iqtisadiyyat, ticarət və siyasi əlaqələri möhkəmləndirmək imkanı əldə edəcək. Azərbaycan qlobal humanitar məsələlər və insan hüquqlarının qorunmasına xeyli resurslar qoymuş azsaylı ölkələrdən biridir.
Bunu Trend-ə siyasi analitik, ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.
Onun sözlərinə görə, humanitar əməkdaşlıq ŞƏT-in üzv ölkələrinin vacib təşəbbüsüdür: “Nəhayət, onlar Azərbaycanın humanitar sahədə təcrübəsini əxz edə bilərlər. Son illər Bakı ölkə iqtisadiyyatının dinamik artımını, eləcə də əla maliyyə sabitliyini nümayiş etdirir. Bütün bunlar Şanxay Əməkdaşlıq Təşkilatının etibarlı tərəfdaşıdır”.
Ekspert qeyd edib ki, Azərbaycan bu yaxınlarda ŞƏT ilə tərəfdaşlıq üzrə dialoq qurmuş ölkələr arasındadır: “Azərbaycan digər ölkələrlə müqayisədə adambaşına düşən ÜDM-in ən yüksək səviyyəsinə, inflyasiyanın isə ən aşağı səviyyəsinə malikdir”.
P.Teys əlavə edib ki, Azərbaycan hökuməti energetika, kənd təsərrüfatı, kommunikasiyalar, texniki imkanlar, kommersiya, logistik infrastruktur və s. sahələrdə regional layihələrin inkişafı vasitəsilə Avropa və Asiyanı birləşdirmək üçün böyük vəsait yatırıb: “ŞƏT-in bütün iştirakçı ölkələri Azərbaycanın təcrübəsini mənimsəmək kimi unikal imkan əldə edəcəklər. Azərbaycan regional ticarət, iqtisadiyyat və sənayenin inkişafına istiqamətlənib. Azərbaycan ŞƏT-də iştirakı ilə ölkələr – bank və maliyyənin inkişafı sahələrində iştirakçılar – arasında iqtisadi əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsinə yardım edə bilər”.
Onun sözlərinə görə, Azərbaycan, həmçinin ŞƏT-in strukturuna böyük töhfə verərək Avrasiyada sərhədlərin təhlükəsizliyinin artmasını gücləndirə və ekstremizmi azalda bilər.