Nazirlər Kabinetinin ötən gün keçirilən toplantısında prezident İlham Əliyev bəzi nazirliklərə sərt xəbərdarlıq edib. Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirib:
"Tam qaydada, şəffaf şəkildə bizdə vergi vermək mədəniyyəti əfsuslar olsun ki formalaşmayıb. Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir. Mənə məlumatlar gəlir ki,Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq. Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər. Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, icra hakimiyyətləri "haqq" qoyurlar, pay istəyirlər, "krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”. Ölkə başçısı əlavə edib ki, sahibkarlara təzyiqin göstərilməsi dövlətə xəyanətdir.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov hesab edir ki, prezidentin sahibkarların müdafiəsinə yönələn çıxışı bu sahəyə olan siyasi dəstəyin bariz nümunəsidir: "Ölkədə aparılan iqtisadi strategiyanın başlıca məqsədi vətəndaşların rifah halının yüksəldilməsinə yönəlib. Azərbaycan iqtisadiyyatı şaxələndirilib və qeyri-neft sektorunun büdcədəki payı tədricən neft sektoruna yaxınlaşır. Sahibkarlığın inkişafı dövlətin diqqət mərkəzindədir. Bununla bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətin gücü, nüfuzu sahibkarların gəlirlərinin artmasından asılıdır. Yaxın gələcəkdə iqtisadiyyatımızın önəmli hissəsini özəl sektor təşkil edəcək.
Cənab prezidentin qeyd etdiyi kimi, sahibkarlara mane olanlar dövlətə xəyanət edirlər. Bununla da ölkə başçısı göstərdi ki, sahibkarlara tək iqtisadi dəstək yox, güclü siyasi dəstək var. Hər bir məmurun, vətəndaşın borcu da odur ki, sahibkarlığın inkişafına öz töhfəsini versin. Prezidentin iclasda səsləndirdiyi fikirlər, tapşırıqlar çox yazın zamanda nəticə verəcək. Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, ölkə başçısı verdiyi tapşırığın, sərəncamın icrasına da nəzarət edir".
Ayxan