PKK Naxçıvanla sərhəddə qorxu dolu anların yaşanmasına səbəb olub.
ANS-in verdiyi məlumata görə, hadisə İğdırın Karakoyun rayonuna bağlı olan Taşburun bələdiyyəsi ərazisində baş verib.
İftar vaxtı bir qrup terrorçu İğdırdan Naxçıvana sərhəd keçid məntəqəsi olan Dilucuya gedən yolu kəsib. PKK üzvləri yoldan keçən TIR-ı saxlayıblar. Onlar sürücünü maşından düşürdükdən sonra avtomobilə od vurublar.
Daha sonra onlar eyni yoldan keçən qara rəngli avtobusa minərək hadisə yerindən qaçıblar.
Yanan maşının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Yanğın nəticəsində TIR yararsız hala düşüb.
Yanğına görə magistral yol bir müddət bağlı qalıb.
PKK-çıların yaxalanması üçün təhlükəsizlik qüvvələri əməliyyata başlayıblar. Şahidlərin sözlərinə görə, qara maskalı terrorçular maşını yandırarkən havaya atəş də açıblar.