Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin (Məlikovun) misilsiz xidmətləri haqqında mətbuatda silsilə yazılar nəşr olunsa da, onun ailəsi, övladları haqqında məlumatlara rast gəlmirdik.
2014-cü ildə fəlsəfə doktoru, zərdabişünas alim Eldəniz Həsənovun müəllifi olduğu "Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu" adlı monoqrafiyada Zərdabi nəsli haqqında ilk dəfə işıqlandırılan tədqiqat materiallar, o cümlədən şəcərə haqqında məlumatlar və fotomateriallar toplanıb. Buro 24/7 həmin nəşrdə Həsən bəy Zərdabinin şəcərəsi ilə bağlı yeni faktları təqdim edir.
Həsən bəy Azərbaycanın ilk maarifçi qadınlardan biri Hənifə xanım Məlikova ilə ailə qurmuşdur. Hənifə xanım Aslan bəy qızı Məlikova - Abayeva 1856-cı il mayın 5-də Şimali Qafqazda, Nalçikdə doğulub. Müsəlman dünyasının ilk maarifçi qadınlarından olan Hənifə xanım Tiflisdə Müqəddəs Nina Qız Məktəbində təhsil alıb. O zamanlar balkar-kabardin, ümumən müsəlman qızlarının xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. Hənifə xanım Həsən bəy Zərdabinin tək həyat yox, həm də mübarizə yoldaşı idi. 1875-1877-ci illərdə onlar "Əkinçi" qəzetinin nəşrində çox böyük əziyyətlər çəkiblər. Zərdabda yaşadıqları dövrdə - 1880-ci ildən başlayaraq öz mənzillərində pulsuz məktəb açdılar. Hənifə xanım Bakıdakı məşhur "Nicat" cəmiyyətinin qadın bölməsinin yaradıcılarından biri, Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşüb, 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləyib. 1909-cu ildən 1919-cu ilədək - düz 10 il Bakı şəhər Dövlət Birinci Rus-Tatar (yəni Rus-Azərbaycan) Qız Məktəbində müdir vəzifəsində çalışıb. 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işləyib.
Hənifə xanım Məlikova-Abayeva 1929-cu ildə Bakıda vəfat edib. Əvvəl şəhər qəbiristanlığında dəfn edilmiş, deyilənə görə sonralar onun qəbri həyat yoldaşı H.Zərdabinin məzarına - Fəxri Xiyabana köçürülüb. Lakin Azərbaycanın ilk maarifçi qadınlarından olan belə bir şəxsiyyətin məzarının yeri dəqiq bilinmir.
Onların ailəsində dörd qız övladı (Pəri xanım Məlikova (Topçubaşova), Fatimə xanım Məlikova, bir yaşına çatmamış vəfat edən üçüncü qızı və sonbeşik qızları Qərib Soltan xanım Məlikova), iki oğul övladı (Midhət bəy Məlikov və Səffət bəy Məlikov) olmuşdur.
Pəri xanım Topçubaşova - Həsən bəy Zərdabinin qızı
Pəri xanım 1873-cü ildə Bakı şəhərində anadan olub. Pəri xanım müəllimə idi. Zərdabinin böyük qızı Azərbaycanın ilk parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovla 1893-cü ildə Tiflis şəhərində ailə qurub. Pəri xanım Topçubaşovanın 5 övladı olmuşdur. Onlardan dördü - oğulları Ələkbər bəy, Ənvər bəy Topçubaşov, qızları Sara xanım Sultanoğlu, Sevər xanım Topçubaşova anaları ilə birlikdə Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində iştirak ediblər. Pəri xanım Fransada mühacirətdə olmuş və 1947-ci ildə orada dünyasını dəyişmiş, Paris yaxınlığında Sen-Klu məzarlığında, həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn olunub. Bu ailənin beşinci övladı haqqında ətraflı məlumat yoxdur.
Midhəd bəy Məlikov - Həsən bəy Zərdabinin oğlu
1879-cu ildə Göyçay bölgəsinin Zərdab kəndində anadan olmuş, Almaniyada ali mühəndislik təhsili almış H.Zərdabinin böyük oğlu Məlikov Midhəd Həsən bəy oğlu Gəncə Şəhər Kommunal Təsərrüfatı İdarəsinin torpaq-plan bölməsinin torpaq işçisi olub. Ermənilərin donosu və üzədurması ilə 1937-ci ildə güllələnmiş, 1990-cı ildə isə bəraət almışdır.
Bildiyimiz kimi, Mingəçevir Su Elektrik Stansiyasının ilk ideyasını Həsən bəy Zərdabi vermişdir. Məlumata görə, Həsən bəy Zərdabinin böyük oğlu Midhəd bəy Məlikov Lənkəranda öz hesabına, Xanbulaqçay üzərində su elektrik stansiyası qurmaq niyyətində olub. Elə oradan qolları qandallı Bakıya gətirilib güllələnib. Çox güman ki, o bu ideyanın qurbanı olub.
Midhəd bəyin yeganə övladı olan Fatimə xanım repressiya illərində Stavropolda yaşamış, sonralar Bakıya qayıtmış və ali təhsil almışdır. Fatimə xanımın oğlu Məhəmmədəli və nəvəsi Hacağa Bakıda yaşayıblar.
Səffət bəy Məlikov - Həsən bəy Zərdabinin oğlu
Göyçay bölgəsinin Zərdab kəndində anadan olub. O, Bakı Real Gimnaziyasını bitirdikdən sonra xaricdə Ali Mühəndislik İnstitutunu bitirmiş, memar ixtisasına yiyələnib. Arxiv sənədlərinin araşdırılmasından bəlli olur ki, Səffət bəy Həsən bəy oğlu Məlikzadə həqiqətən 1915-ci ilin aprel ayından 1917-ci ilin əvvəllərinədək Bakı şəhər İdarəsi tərəfindən ayrılmış azad təqaüdlə Riqa Politexnik İnstitutunda təhsil almışdır. Rusiyada hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra o, Riqadan Bakıya qayıtmışdır.
1918-ci ildə - yaxın qohumu, Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun sədri olduğu Paris Sülh konfransına gedəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə katib kimi daxil edilib. O, İstanbulda konsulluqda çalışıb.
Qəribsoltan Məlikova - Həsən bəy Zərdabinin qızı
Qəribsoltan xanım 1896-cı il iyunun 11-də Zərdab kəndində (indiki Zərdab şəhəri) doğulub, təhsilini Tiflisdə rus qız gimnaziyasında alıb, 1910-cu ildən pedaqoji fəaliyyətlə məşğul olub. 1915-ci ildən 1918-ci ilədək Bakıdakı Rus-Tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə rus qız gimnaziyasında müəllim işləyib.
Qəribsoltan xanım ailə qurmayıb. O, görkəmli bəstəkar Rauf Hacıyevin təlim-tərbiyəsi ilə məşğul olub. Qəribsoltan xanım uzun müddət Bakıda kimsəsiz uşaqların oxuduğu internat məktəbdə dərs deyib. Bütün həyatını müəllimliyə, gənc nəslin təlim-tərbiyəsinə həsr edib, maarif xadimi olaraq 1948-ci ildə "Azərbaycanın Əməkdar Müəllimi" adına layiq görülüb. O, müəllimlik fəaliyyətini 1956-cı ilə qədər davam etdirib.