Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri rusiyalı iş adamı Qerman Sterliqovla bağlı məlumat yayıblar.
Teleqraf.com-a daxil olan birgə məlumatda qeyd olunur ki, “Qerman Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri Qerman Sterliqov və onun ailə üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarını, habelə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 4 iyul 2015-ci il tarixdə işğal olunmuş ərazilərə daxil olub.
Bundan başqa, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 13 iyul 2015-ci il tarixdə Şuşa şəhərində mətbuat kofransı keçirib özünə məxsus “V Kontakte” sosial şəbəkəsinə aid səhifəsində məlumatlar yerləşdirərək qondarma rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına, saxta pul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar edib və qanunsuz biznes fəaliyyəti ilə məşğul olub və ailə üzvlərini bu işə sövq edib.
Q.Sterliqovun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir.
Səxavət