Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Fransanın Kolmar şəhər meriyası ilə birgə bu il sentyabrın 7-dən 12-dək bu şəhərdə bir sıra mədəni tədbirlər təşkil edəcək.
TEAS-dan verilən məlumata görə, əvvəlcə sentyabrın 7-də Azərbaycanın tanınmış caz ifaçısı Emil Əfrasiyab Kolmar Caz Festivalının 20-ci buraxılışının açılış konsertində çıxış edəcək. Konsert yerli “TV7” kanalı ilə canlı yayımlanacaq. Emil Əfrasiyab həmin konsertdə fransız musiqiçilərindən ibarət kvartetlə – Rafael Pannier (zərb alətləri), Antuan Katz (bas) və Aleksandr Madlinlə (saksofon) birgə çıxış edəcək. O, artıq bu kvartetlə TEAS-ın dəstəyi ilə bu il Parisdə keçirilən məşhur “Jazz à Saint-Germain-des-Prés” və Reims şəhərində keçirilən “Sunnyside” festivallarında çıxış edib.
Sentyabrın 8-dən 12-dək isə Kolmarın Edmond Gerrer adına mediatekasında “Azərbaycan obyektivdə” adlı fotosərgi keçiriləcək. Sərginin məqsədi Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi və ictimai həyatının müxtəlif cəhətlərini Kolmar sakinlərinə tanıtmaqdır. Sərgidə nümayiş olunacaq şəkillər TEAS tərəfindən 2012-ci ildə təşkil olunmuş eyniadlı fotomüsabiqənin məhsuludur. Xatırladaq ki, 150-dən çox fotoqraf həmin müsabiqəyə 750-dək foto göndərmişdi. Münsiflər heyəti “Condé Nast Traveller” jurnalının foto direktoru Karolin Metkalf və məşhur fotoqraf Henri Dallaldan ibarət idi.
TEAS-dan onu da bildiriblər ki, bu ilin mayın 19-da Şəki ilə Fransanın Kolmar şəhəri arasında “Dostluq və əməkdaşlıq Xartiyası imzalanıb”, bununla da təməli hələ 2013-cü ildə qoyulmuş əlaqələr daha da möhkəmləndirilib.
Səxavət