Azərbaycan Nazirlər Kabineti “Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında qərar verib.
Qərar dərman vasitələrinə və dini təyinatlı ədəbiyyata (kağız və elektron daşıyıcılarında), audio və video materiallara, mal və məmulatlara, dini məzmunlu başqa məlumat materiallarına tətbiq olunan nəzarət markalarının hazırlanması, onların alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması ilə bağlı məsələləri tənzimləyir.
Nəzarət markalarının hazırlanması və verilməsi qaydasına əsasən, Səhiyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi növbəti təqvim ilinin başlanmasına 6 ay qalmış nəzarət markalarına olan illik tələbat barədə məlumatı Maliyyə Nazirliyinə təqdim edirlər.
Səhiyyə Nazirliyin və Komitənin təqdim etdiyi tələbata uyğun olaraq, nəzarət markalarının hazırlanması (sifarişi) Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Nəzarət markalarının hazırlanması ilə əlaqədar xərclər dövlət büdcəsində Maliyyə Nazirliyinə nəzarət markalarının çap edilməsi üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir.
Maliyyə Nazirliyi Səhiyyə Nazirliyinin və Komitənin təqdim etdiyi tələbata uyğun miqdarda sifariş etdiyi nəzarət markalarını növbəti təqvim ilinin 1 fevral tarixinədək onlara təhvil verir.
Nəzarət markalarının saxlanılması Səhiyyə Nazirliyi və Komitə tərəfindən həyata keçirilir.
Səhiyyə Nazirliyi və Komitə tərəfindən nəzarət markaları hüquqi və fiziki şəxslərə “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2014-cü il 1 iyul tarixli 214 nömrəli qərarı ilə müəyyən edilmiş qiymətə satılır.
Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Səhiyyə Nazirliyi və Komitə tərəfindən nəzarət markalarının hüquqi və fiziki şəxslərə satışı müqavilə əsasında həyata keçirilir. Bu müqavilədə göstərilən məbləğin dövlət büdcəsinə ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra nəzarət markaları hüquqi və fiziki şəxslərə təqdim edilir. Nazirlik və Komitə hər rübdən sonrakı ayın 20-dək bu Qaydanın əlavəsindəki formada rüb ərzində satılmış nəzarət markalarının sayı və onların satışından dövlət büdcəsinə köçürülmüş pul vəsaitləri barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edirlər.