5 Avqust 2015 17:49
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşid Zalov: “Sahibkarlar və dövlət orqanları arasında əməkdaşlıq problemlərin birgə həll edilməsinə müsbət təsir göstərir”

Avqustun 5-də Şirvan Gömrük İdarəsində bölgədə fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Aran iqtisadi zonasına daxil olan - Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Kürdəmir, Zərdab, Ağsu və Şamaxı rayonlarında fəaliyyət göstərən 20-dək sahibkar iştirak edib.

Şirvan Gömrük İdarəsinin rəisi Rəşid Zalov ölkədə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyinin bu sahənin sürətli inkişafına təkan verdiyini diqqətə çatdırıb. İdarə rəisi bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü davamlı inkişaf strategiyasına uyğun olaraq sahibkarlıq subyektlərinin inkişafı üçün lazımi şərait yaradılıb və sahibkarlar hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatə olunub. Ölkə iqtisadiyyatının davamlı inkişafında bölgə sahibkarlarının da öz töhfələrini əsirgəmədiklərini söyləyən Rəşid Zalov gömrük orqanları ilə sahibkarlar arasında mütəmadi keçirilən görüşlərin ümumi işə faydasından da bəhs edib. O, deyib ki, sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlıq müxtəlif sahələrdə problemlərin birgə həll edilməsinə müsbət təsir göstərir: “Sahibkarların təşkilatlanmasını və gömrük xidmətinə aid məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələri gömrük orqanları və iş adamları arasında ənənəvi görüşlər ümumi işə fayda gətirir. Həmçinin, gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin qurulmasına xidmət edir”.

İdxal-ixrac əməliyyatlarının vəziyyətinə toxunan idarə rəisi iş adamları ilə görüşün məqsədinin də bu sahədə sahibkarların fikirlərini, onları düşündürən məsələləri və yeni təklifləri öyrənmək olduğunu bildirib.


Şirvan Gömrük İdarəsinin rəisi ölkəmizdə iqtisadiyyatın davamlı inkişafının təmin edildiyini və bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da önəmli rol oynadığını vurğulayıb. Ölkədə neft sektorundan asılılığın aradan qaldırılması istiqamətində aparılan islahatlardan bəhs edən rəis qeyd edib ki, bunun üçün şübhəsiz ki, daxili istehsal inkişaf etməlidir: “Daxili istehsalın bir çox növlərinin xaricdən idxal olunan xammal və komponentlərin hesabına formalaşdığını nəzərə alaraq bu sahədə iş adamları ilə qanun çərçivəsində əməkdaşlıq etməyə hazırıq”.

Tədbirdə son dövrün iqtisadi prosesləri, eləcə də idxal-ixrac əməliyyatlarının vəziyyəti müzakirə edilərək iş adamları ilə budəfəki görüşün məqsədinin də sözügedən sahədə sahibkarların fikirlərini, onları düşündürən məsələləri və yeni təklifləri öyrənmək olduğu bildirilib. Ölkədə daxili istehsalın daha da artırılması, bu sahədə gömrük orqanlarına aid məsələlərin birlikdə müzakirə edilməsinin qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirəcəyi və iş adamlarına lazımı dəstəyin bundan sonra da göstəriləcəyi vurğulanıb.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər