Mikayıl Rəhimli: “Həmin partiyalarla bağlı konkret mövqe ifadə olunacaq”
Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 13-də rəsmi qeydiyyatda olan siyasi partiya sədrləri ilə seminar keçirəcək.
Bu barədə qəzetimizə MSK katibi Mikayıl Rəhimli məlumat verib. Onun sözlərinə görə, seminara ölkədə rəsmi qeydiyyatdan keçən 55 partiya rəhbərinin hər birini dəvət etməyə çalışıblar: “Seminarda partiyaların maliyyə hesabatlarının təqdim edilmə qaydası ilə bağlı birgə müzakirələr aparacağıq ki, növbəti illərdə bu il qarşılaşdığımız problemlərlə üz-üzə gəlməyək. Artıq partiyalara dəvət göndərmişik”.
O, bu il maliyyə hesabatı verməyən 12 partiya ilə münasibətin qurulduğunu və əlaqə saxlandığını qeyd edib: “Maliyyə hesabatı verməyən partiyalar da gətirib hesabatlarını təqdim edir. Hələ ki proses davam edir, hesabat verməyənlər də qalıb. Elə partiya var ki, vaxtilə təşkilatı qeydiyyatdan keçirən sədr artıq dünyasını dəyişib. O partiyalar ətrafında araşdırmalar davam edir. Əlaqə yaratmağımız mümkün olmayan partiyalarla bağlı konkret mövqe ifadə olunacaq. Hesabat təqdim etməyənlərin məsələsi isə artıq məhkəməlik məsələdir. Yəqin müvafiq işlər görüləcək”.
Qeyd edək ki, ötən ay MSK 2014-cü ilin illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.
Xatırladaq ki, 2014-cü il oktyabrın 1-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Əvvəllər siyasi partiyalar illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim ediblər. Dəyişikliyə əsasən siyasi partiyalar bu ildən başlayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir. Eyni zamanda, MSK bu barədə məlumatları internet saytında yerləşdirməli və ictimaiyyət məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var. Ancaq MSK-nın aprelin 7-də keçirilən iclasında MSK katibi Arifə Muxtarova qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni aprelin 1-dək dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan yalnız 22-sinin illik maliyyə hesabatını MSK-ya təqdim etdiyini açıqlamışdı. MSK sədri Məzahir Pənahov da MSK-nın aprelin 7-də keçirilən iclasında bildirmişdi ki, indiyə qədər siyasi partiyaların fəaliyyəti Ədliyyə Nazirliyi tərəfindən dayandırılmayıb. M. Pənahov vurğulamışdı ki, istəmirlər ki, maliyyə hesabatı təqdim etməyən partiyalarla bağlı MSK Ədliyyə Nazirliyinə müraciət etsin, Ədliyyə Nazirliyi də MSK-nın fəaliyyəti nəticəsində siyasi partiyaların fəaliyyətini dayandırsın. Buna görə də MSK aprelin 1-dən sonra da siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə davam edib.
NƏRGİZ