Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesə zərərçəkmiş Tural Mustafayev məcburi qərar əsasında gətirilib. O, məhkəməyə gəlməməsinin səbəbini səhhəti ilə əlaqələndirib.
Məhkəmədə Xədicə İsmayıl bildirib ki, avqustun 12-də Bakı Apelyasiya Məhkəməsində Cinayət Məcəlləsinin 147.1-ci maddə əsasında şikayətinə baxılacaq: “Həmin işdə məni vəkil Yalçın İmanov müdafiə edir. Onunla görüşə bilmirəm, həmin iş üzrə lazımı müdafiə hüququmu qura bilmirəm. Buna görə də, Ramella xanım, sizin məktubunuz lazımdır ki, təcridxanada Yalçin İmanovla görüşüm. Çünki həbsdə saxlanmağıma qərarı bu məhkəmə verib. Başqa məhkəmənin məktubu ilə məni vəkilimlə görüşməyimə icazə verilmir”.
Xədicə İsmayıl daha sonra yaxın qohumları ilə təcridxanada normal şəraitdə görüşə bilmədiyini də deyib: “Təcridxanada yalnız yaxın qohumlarımla, özü də şüşə kabina arxasında görüşürük. Mən həmçinin dostlarımla da görüşmək istəyirəm”.
Hakim bildirib ki, istintaq təcridxanasının işinə müdaxilə edə bilməz. Təcridxananın qaydalarına məhkəmə müdaxilə etməsi mümkün deyil.
Xədicə İsmayılın vəkili Fəxrəddin Mehdiyev zərərçəkmiş Tural Mustafayevin “Yeni Müsavat” qəzetinə verdiyi iki müsahibənin cinayət işinə əlavə edilməsini istəyib. Hakim vəsatətin müzakirəsini qanunla nəzərdə tutulmuş qaydada təxirə salıb və ifadə verməsi üçün zərərçəkmiş Tural Mustafayevi tribunaya dəvət edib.
“Bizim kişi-qadın münasibətimiz olmayıb”
Tural Mustafayev bildirib ki, 2014-cü il oktyabrın 2-də siçan dərmanı içərək intihara cəhd edib. Onun sözlərinə görə, intihara cəhd etməsinin Xədicə İsmayılla hər hansı əlaqəsi yoxdur. Dövlət ittihamçısı Ramazan Hadıyevin suallarını cavablandıran Tural Mustafayev qeyd edib ki, Xədicə İsmayılla 2013-cü ilin oktyabr ayında tanış olub və onunla iş yoldaşı münasibətləri saxlayıb: “Bizim kişi-qadın münasibətimiz olmayıb. Münasibətlərimiz 2014-cü ilin yanvar-fevral ayınadək normal davam edib. Sonradan münasibətlərimiz pozulub”.
Zərərçəkmişin sözlərinə görə, Xədicə İsmayılın evində gecə saatlarında görüşməyiblər: “Xədicə ilə dostluq münasibəti saxlamışam. Bundan Göyçayda yaşayan həyat yoldaşımın xəbəri olmayıb”.
Tural Mustafayev qeyd edib ki, Göyçayda yaşayan iki övladının anası ilə nikahı pozulub və 2014-cü ilin martın 8-də Rövşanə Rəhimova ilə tanış olub. Mayın 28-dək tanışlıqları davam edib və mayın 28-də rəsmən nişanlanıblar: “Rövşanə ilə bir yerdə olan müddətdə Xədicə ilə olan dostluq münasibətlərimizi müzakirə etməmişik”.
“İki dəfə məndən polisə şikayət edib”
Tural Mustafayev əlavə edib ki, 2014-cü ilin yanvar-fevral aylarına qədər Xədicə İsmayılla münasibətləri yaxşı olub. 2013-cü ilin noyabrından “Azadlıq” radiosundan şəxsi istəyi ilə işdən çıxıb.
O, Xədicə İsmayıla SMS-ləri və internet yazışmalarını dostları ilə məsləhətləşərək yazdığını bildirib.
Zərərçəkmiş qeyd edib ki, “Azadlıq” radiosundan işdən çıxdıqdan sonra bir müddət “Meydan” TV-də işləyib. Sonra əmək müqaviləsinin bitməsi ilə bağlı işdən kənarlaşdırılıb: “Bir neçə mətbuat orqanına iş üçün müraciət etsəm də, müsbət cavab almadım. Bundan sonra işsiz qaldım, valideynlərimin pulu ilə dolanmalı oldum. Yenidən “Azadlıq” radiosunda işləmək üçün müraciət etsəm də, radonun Bakı bürosunun rəhbəri Babək Bəkirov əlavə işçiyə ehtiyac olmadığını bildirdi”.
Tural Mustafayev bildirib ki, nişanlısı Rövşanə Rəhimova ilə arasında tez-tez qalmaqal yaşanıb. Onun sözlərinə görə, Rövşanə Rəhimova ilə 7-8 ay nişanlı olublar və tez-tez dava etdiyi üçün bir neçə dəfə ayrılıblar: “Rövşanə ilə anlaşa bilmirdik. Bu səbəbdən Rövşanə iki dəfə məndən polisə şikayət edib. İlk dəfə 2014-cü ilin mayında yaşadığım evdə Rövşanədən ayrıldığım üçün intihara cəhd etmişəm. Mənim əsəblərim zəifdir. Buna görə də əsəbiləşəndə intihara əl atıram”.
“Xədicə mənə intim münasibətdə olmağı təklif etdi”
Zərərçəkmişin sözlərinə görə, 2-ci dəfə həmin ilin sentyabrında, 3-cü dəfə isə oktyabrın 20-də intihara cəhd göstərib. Sonuncu iki intihar hadisəsi də Rövşanə Rəhimova ilə münasibətlərinin pozulması ilə bağlı olub. O, cinayət işi üzrə özünü zərərçəkmiş hesab etmədiyini deyib.
Dövlət ittihamçısı bildirib ki, zərərçəkmiş Tural Mustafayev məhkəmədə verdiyi ifadə ilə istintaqa verdiyi ifadələr arasında kəskin ziddiyyət var. O, Tural Mustafayevin istintaqa verdiyi ifadəsinin elan edilməsini istəyib.
Hakimlər dövlət ittihamçısının vəsatətini təmin ediblər və Tural Mustafayevin istintaqa verdiyi ifadə elan olunub.
Tural Mustafayev istintaqa verdiyi ifadəsində göstərib ki, 2013-cü ilin oktyabrında Sabirabad rayonundan tədbirdən gəldikdən sonra Xədicə İsmayılla ilə birgə alkoqollu içki içiblər və birlikdə Xədicə İsmayılın Baksol qəsəbəsində olan evinə gediblər. İfadəyə görə, orada da içki qəbul edəndən sonra Xədicə İsmayıl ona intim münasibət təklif edib. Təklifi qəbul edib: “Dəfələrlə Xədicə İsmayılın evində gecələmişəm, tez-tez görüşmüşük”.
Məhkəmədə münaqişə
Tural Mustafayev daha sonra istintaqa verdiyi ifadəsində bildirib ki, Xədicə İsmayıl dəfələrlə onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədib, bu səbəbdən də intihar etmək qərarına gəlib.
Tural Mustafayev ibtidai istintaqa belə ifadə verdiyini təsdiqləyib və bildirib ki, bununla Xədicə İsmayıla böhtan atmış olub.
Tural Mustafayevin anası Nəzakət Mustafayeva isə oğlunun intiharları barədə xəbər tutmadığını və yalnız dərmandan zəhərləndiyi haqda telefonla ona məlumat verildiyini deyib.
Nəzakət Mustafayevanın sözlərinə görə, oğlunun psixi qüsuru yoxdur. Qeyd edib ki, Tural Mustafayev Bakıya gəldikdən sonra ailəsinə münasibətində soyuqluq yaranıb: “Oğlumun 2014-cü ilin mayın 8-də ilk nikahı pozulub. Həmin ilin mayın 28-də isə Tural Rövşanə ilə nişanlanıb. Mənim başqa hər hansı hadisədən xəbərim olmayıb. Tural intihara əl atmasının səbəbini həyatdan bezməsi ilə bağlayırdı”.
Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimova deyib ki, onlar 6-7 ay müddətində nişanlı olublar: “Turalın 3 dəfə intihara cəhd etməsinin səbəbi Xədicə İsmayılova ilə bağlı olmayıb, onun psixoloji problemləri vardı”.
Rövşanə Rəhimova Tural Mustafayevlə dəfələrlə arasında mübahisələr olduğunu, onun tez-tez spirtli içkilər qəbul etdiyini deyib. Bu zaman Tural Mustafayevin anası Nəzakət Mustafayeva şahid ifadəsinə etiraz edib. O, Rövşanə Rəhimovaya: “Mən Göyçayda sənin elə içməyinə utandım, “pyaniskə” o özüdür” deyərək məhkəmə zalını tərk edib.
İfadəsini davam etdirən Rövşanə Rəhimova əlavə edib ki, Tural Mustafayevin psixoloji problemləri olması ilə bağlı həkimə müraciət ediblər, həkimlər ona qoyulan diaqnozun müaliəciəsinin olmadığını bildiriblər.
Şahid Tural Mustafayevin 25 gün Maştağada yerləşən ruhi-əsəb dispanserdə müalicə aldığını da deyib.
Günün ikinci yarısında davam etdirilən prosesdə Xədicə İsmayılın vəkili Fəxrəddin Mehdiyev zərərçəkmiş Tural Mustafayevin “Yeni Müsavat” qəzetinə verdiyi iki müsahibənin cinayət işinə əlavə edilməsi ilə bağlı vəsatəti təmin edilməyib. Daha sonra Tural Mustafayevin atası Bulud Mustafayev ifadə verib. O, bildirib ki, oğlunun özünə qəsd etməsində kimin günahkar olmasından xəbəri olmayıb.
Tural Mustafayevin həyat yoldaşı Şəfa Mustafayevanın sözlərinə görə, Tural Bakıya gələndən sonra aralarında olan münasibət soyumağa başlayıb. Şahidin qeyd etdiyinə görə, bu münasibət sonda nikahlarının pozulması ilə nəticələnib. “Azadlıq” radiusunun əməkdaşları Çingiz Soltansoy, Şahvələd Çobanoğlu və digər şəxslər ifadə verəndən sonra məhkəmənin davamı avqustun 11-nə keçirilib.
Hacı Zeynalov