Azərbaycanda ali məktəblərə tələbə qəbulu 1992-ci ildən başlayaraq test üsulu ilə aparılır. Tələbə qəbulunda qanunsuzluqların aradan qaldırılması, kütləvi rüşvətxorluq, qohumbazlıq kimi neqativ halların qarşısını almaq məqsədilə tətbiq edilən bu üsul sonradan orta ixtisas məktəblərinə qəbulda da tətbiq olundu. Eləcə ali məktəblərdə semestr imtahanları, 9 və 11-ci siniflərdə buraxılış imtahanlarında biliyin qiymətləndirilməsi də testlə müəyyənləşdirilməyə başlandı.
Mütəxəssislər hesab edir ki, dövlət müəssisələrinə və bəzi özəl şirkətlərə də işə qəbulda test üsulunun tətbiqi subyektiv amillərin qarşısının alınmasında önəmli rol oynayır.
Təhsil islahatları hansı məqsədə istiqamətlənib?
Bəzi təhsil mütəxəssisləri isə hesab edir ki, test üsulunun ya təkmilləşdirilməsinə, yaxud ləğvinə ehtiyac var. Hazırda təhsil mövzusuna çox yer verən bəzi informasiya saytlarında hətta “Test üsulu ləğv olunacaq” başlıqlı yazılar da dərc olunur.
Mütəxəssislər hazırda təhsil sahəsində baş verən bir çox prosesləri test üsulunun ləğvi istiqamətində atılan addım kimi dəyərləndirir. Bu prosesə Təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 50 məktəbdə 4 profil üzrə təmayülləşmənin aparılması, sonrakı illərdə təmayüllər üzrə tədrisin ölkənin bütün məktəblərində tətbiq olunması, 12 illik təhsil sisteminə keçid, bu ildən başlayaraq buraxılış imtahanının nəticələri ilə kolleclərə qəbul və bunun yaxın gələcəkdə ali məktəblərə tətbiqi ehtimalı, eləcə də bəzi ali məktəblərdə imtahanların yazılı aparılması və şifahi imtahanın tətbiqinə cəhdlər aid edilir.
“Tələbə qəbulunda test aktuallığını itirib”
Azərbaycan Təhsil Şurasının (ATŞ) sədri Əjdər Ağayev bildirir ki, test üsulu dünyada aktuallığını itirib. Onun fikrincə, ötən sərin 20-ci illərində Amerika və başqa ölkələrdə yaranan test üsulu, zamanında müəyyən rol oynasa da, hazırda yalnız psixoloji testlər dünyada geniş yayılıb.
ATŞ sədrinin sözlərinə görə, Azərbaycanda test üsulu elmi-pedaqoji yeniliyin tətbiqindən çox təhsildə şəxsi maraqların, rüşvətxorluğun qarşısını almaq məqsədilə tətbiq edilib: “Yəni, bu pedaqoji proses kimi yox, ictimai bir iş kimi tətbiq olundu və öz müsbət nəticəsini verdi. Həqiqətən qabiliyyətli, istedadlı uşaqlar test imtahanından uğurla keçərək, müvafiq ixtisaslara yiyələnirlər. Amma bu gün müstəqil Azərbaycanın ideoloji, siyasi və vətəndaş hazırlığı üçün meyarların dəyişilməsinə ehtiyac var.
Azərbaycanın ənənədən gələn xüsusiyyətlərinin, mənəviyyatının, ədəbiyyatının, mədəniyyətinin, intellektual imkanlarının öyrənilməsi baxımından test maneələr törədir. Çünki orta məktəblərdə yoxlamalardan tutmuş ali məktəblərdə semestr imtahanlarınadək bütün proseslər yaddaşa söykənən metodika ilə-testlə aparılır. Amma bu gün həyat tələb edir ki, yaddaş yox, təfəkkür inkişaf etməlidir.
Kreativ düşüncəli, yenilikçi kadrlar hazırlanmalıdır ki, bu kadrlar yaradıcı düşünməyi və bu düşüncəni faydaya çevirməyi bacarmalıdırlar. Təcrübəmdən deyirəm, magistraturaya qəbul olunurlar, Üzeyir Hacıbəyovdan başqa bəstəkar, Səməd Vurğundan başqa şair tanımırlar. Çünki şifahi sorğu, yazılı sorğu, geniş əhatəli təhlil yoxdur, onlar ancaq repetitor yanına gedib mexaniki yaddaşlarına həkk etdiklərindən başqa heç nə bilmirlər.
Repetitor abituriyenti öz fənni üzrə hazırlayır, amma onlar estetik, fiziki, vətəndaş hazırlığından məhrum olur. Təəssüf edirəm ki, genetik, intellektual imkanlara malik gənclərimiz robot tipində hazırlanır. Ona görə də belə bir təşəbbüsün reallaşması çox faydalı olardı".
Əjdər Ağayev test üsulunun birdəfəlik ləğvini də məqsədəuyğun saymır: “Test üsulu o halda ləğv olunar ki, elmi-pedaqoji əsaslar nəzərə alınaraq şəffaflıq, ədalətlilik, qanunların aliliyi, təhsildə faydalı, işlək mexanizm hazırlansın. Bununla belə, testi bütünlükdə ləğv etmək doğru olmaz. Şifahi və yazılı sorğudan, insanlara Yaradan tərəfindən verilən qabiliyyətin imtahan edilərək üzə çıxarılmasından sonra yaddaşını da testlə yoxlamaq mümkündür. Gələcəkdə çox güman ki, test təlim metodlarından biri kimi tədrisdə saxlanacaq”.
“5 ballıq qiymətləndirmə ilə 700 ballıq şkalada uyğunsuzluq var”
Təhsil eksperti Nadir İsrafilovun fikrincə, şifahi imtahan şagirddə şifahi nitqi, yazılı imtahan yazılı vərdişləri inkişaf etdirir, test sualları isə krassvord tipli olduğundan bir növ əyləncə xarakterlidir: “Hazırda Boloniya prosesinə qoşulmaqla bəzi ali məktəblər imtahanları yazılı şəkildə aparılmasına üstünlük verir. Bu da tələbələrdə müəyyən narazılıq yaradır. Çünki orta məktəbdə imtahan test üsulu ilə aparılır, sessiyanın ortasında birdən-birə yazılı imtahan salınır, tələbədə çaşqınlıq yaranır. Yazılı imtahan, şifahi imtahan və test üsulu növbələşdirilməlidir”.
Nadir İsrafilov dedi ki, orta məktəblərdə klassik 5 bal qiymətləndirmə sistemi ilə TQDK-nın 700 ballıq sistemi arasında uyğunsuzluqluq var: “5 ballıq qiymətləndirmə sistemi ilə 700 ballıq şkala arasında nə elmi, nə pedaqoji, nə psixoloji uyğunluq var, ona görə də aparılan təhlillər də uyğun gəlmir”.
“Vahid təhsil modelimiz yoxdur”
Təhsil eksperti hesab edir ki, hazırda ilk növbədə Azərbaycan təhsilinin vahid modelinin hazırlanmasına ciddi ehtiyac var: “Dünyada Finlandiya, Fransa, Amerika, İngiltərə kimi populyar təhsil modelləri var ki, müxtəlif ölkələr bu modelləri öz ölkəsinə uyğunlaşdırıb istifadə edir. Orta Asiyanın - Qazaxıstan, Türkmənistan kimi ölkələri rus təhsil sistemindən faydalanır. Çox təəssüf ki, bizdə nə konkret öz modelimiz var, nə də qeyri- təhsil modellərindən istifadə edirik.
Misir Mərdanovun nazir olduğu zamanda bir qrup Braziliya, bir qrup İsveç, bir qrup Yaponiya, bir qrup İtaliyaya ezam edilib o ölkələrin təhsilini öyrənirdi və hərə də öz bildiyini tətbiq etməyə çalışırdı. Ona görə də təhsilimizdə bu cür vəziyyət yaranıb. Bunun üçün də mən təklif edirəm ki, təhsili mükəmməl bilən mütəxəssislər toplansın və ciddi müzakirələr aparılsın.
Biz ya öz mili təhsil modelimizi yaratmalıyıq, ya da bu modeli yaradana qədər başqa vahid təhsil modelini tətbiq etməliyik. Məsələn, Türkiyə öz modelini yaradıb, onların universitetləri dünya ali məktəbləri sırasında reytinqli yerlər tutur. Biz forma islahatlarından, məzmun islahatlarına keçməliyik. Test üsulunun ləğvindən, ya təkmilləşməsindən də mühüm olan, vahid modelin tətbiqidir".
Sevil Hilalqızı