14 Avqust 2015 12:10
1 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar nəinki Azərbaycanda, bütün dünyada xarici görünüşünü əməliyyat etdirib dəyişən insanların sayı artır. Statistikaya görə, hər il milyonlarla insan bədənini gözəlləşdirmək, komplekslərdən qurtulmaq üçün estetik cərraha üz tuturr. Burun, üz quruluşunda aparılan müxtəlif əməliyyatlarla yanaşı, anadangəlmə qüsurları, qəzadan yaranmış əyər-əskiyi, eybəcərliyi aradan qaldırmaq istəyənlər də az deyil.

Bütün bunlar insanların zahiri görkəmində dəyişikliklərə gətirib çıxarır.

Bəs görəsən üz cizgilərini başqalaşdıran insanlar şəxsiyyət vəsiqələrini dəyişdirməlidilərmi?
Məsələ ilə bağlı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi Gülşən Əhmədova ilə əlaqə saxladıq.

Şöbə rəisinin sözlərinə görə, plastik əməliyyatdan sonra sifətdə kəskin dəyişiklik baş veribsə, həmin insan şəxsiyyət vəsiqəsini məcburi halda dəyişdirməlidir: “Bilirsiniz ki, estetik əməliyyat deyəndə insan bədənində müxtəlif əməliyyatların aparılması nəzərdə tutulur. Bu əməliyyatlardan sonra insanın üz cizgilərində ciddi dəyişikliklər baş verməyibsə, onda tibbi arayışa ehtiyac yoxdur və həmin insanın şəxsiyyət vəsiqəsini dəyişməsi vacib hesab olunmur. Bəzi insanlar sifətlərində cizgilər saxlanılaraq müəyyən plastik əməliyyata gedir, sonra bizim idarəyə müraciət edirlər ki, vəsiqəni dəyişdirmək istəyirik. Biz həmin insanın şəxsiyyət vəsiqəsini dəyişməkdən imtina edirik”.

Bəs cinsiyyət dəyişdirilərsə? Şöbə rəisi bildirdi ki, estetik əməliyyat nəticəsində cinsini dəyişənlər yeni şəxsiyyət vəsiqəsi almalı olurlar: “İnsan cinsiyyətini dəyişibsə, şəxsiyyət vəsiqəsini də dəyişdirməsi vacibdir. Şəxsiyyəti təsdiq edən vəsiqədə belə bir rekvizit var ki, kişi qadına və yaxud da əks vəziyyətə dəyişilirsə, onun soyadında dəyişiklik olmalıdır. Bu, vəsiqənin rekvizit göstəricilərindən biridir. Bunun üçün cinsiyyətini dəyişən adam şəxsiyyət vəsiqəsini mütləq dəyişməli olur.

Dəqiq statistikanı açıqlaya bilmərəm. Amma qeyd edim ki, çox nadir hallarda belə insanlar gəlib vəsiqəsini dəyişdirirlər. Əslində, bu, məsələdə qeyri-adi heç nə yoxdur. Həmin şəxs cinsiyyətini dəyişirsə, yeni vəsiqə üçün də müraciət etməlidir. Çünki vəsiqənin əsas rekvizitlərdən biri həmin insanın soyadına dəyişiklik olunması ilə bağlıdır. Məsələn, kişinin şəxsiyyət vəsiqəsində soyadı Məmmədov qeyd olunubsa, o, cinsiyyətini dəyişirsə, soyadında da hərf dəyişikliyi olunur.

Şəxsiyyət vəsiqəsi insanın kimliyini təsdiq edən sənəddir. Məlumdur ki, soyadla yanaşı, cinsiyyət haqqında da vəsiqədə rekvizit var. Yəni, həmin bölmədə qadın “q” kişi “k” hərfi ilə göstərilir. Ona görə də iki rekvizitin yeri dəyişir".

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərlinin sözlərinə görə, estetik əməliyyat etdirən insanların sayı hər il artır: “Plastik əməliyyatın müxtəlif növləri var. Rekonstruktiv əməliyyatlar üçün müraciət edənlər də kifayət qədərdir.

Əməliyyatın anadangəlmə, genetik qüsurlar və yaxud qəza nəticəsində yaranan qüsurlar, total və yaxud kosmetik dəyişikliklər kimi növləri var. Bütün hallarda insanın üzündə əməliyyat aparıldıqda müəyyən dəyişikliklər baş versə də, sifət büsbütün başqalaşmır. Bəzən elə insanlar olur, burnu çox pis görünür, bu hal onda psixoloji kompleks yaradır. Biz bu əməliyyatı edirik və insan komplekslərdən qurtulmuş olur. Kimsə öz qüsuru ilə bütün ömrü boyu əzabla, mənfi komplekslərlə yaşamamalıdır".

Plastik cərrah deyir ki, Azərbaycanda insan sifətini tam dəyişdirən cərrahiyyə əməliyyatları aparılmır: “Bəziləri estetik əməliyyatla maraqlanan zaman soruşur ki, əməliyyatdan sonra ola bilərmi kimsə məni tanımasın? Əlbəttə, ola bilməz. Çünki bir insanın sifətini tamam dəyişmək üçün 10 dəfə əməliyyat edilməlidir. Bunun üçün kəllə, alın sümüyü də dəyişdirilməlidir. Yalnız o zaman üzün quruluşunda kəskin dəyişiklik yarana bilər.

Hazırda saysız-hesabsız plastik əməliyyat növü var. Bunlardan burunda plastik əməliyyat, qırışların açılması, piylərin aradan götürülməsi əməliyyatları öndə gəlir. Aparılan estetik əməliyyatların 65 faizi üz quruluşunda dəyişikliklərlə müşayiət olunur".

Sonda Vaqif Qələndərli əməliyyatların qiymətindən də danışdı. Onun sözlərinə görə, bu əməliyyatların vahid və sabit qiyməti yoxdur: “Qiymətlər qüsurlara görə dəyişir. Qəza keçirən insanın orqanında əməliyyat etmək daha çətindir. Lakın hər bir həkim insanların gözəl görünməsinə kömək etdikdə bu, onun peşəsinə sevgini artırır”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər