Bakı Metropolitenində yeni nağdsız ödəniş kartlarının verilməsində problemlər müşahidə olunmur.
Bu barədə Teleqraf.com “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Məlumata əsasən, mövcud metro kartlarının girov dəyərinin geri alınması məqsədilə geri qaytarılması avqustun 15-i gecə saat 00:00-dan etibarən dayandırılacaq.
Avqustun 31-nə kimi metro kartlarının girov dəyərinin yeni karta yüklənməsi, eləcə də yeni gediş haqqı yüklənməsi əməliyyatları davam edəcək.
1 sentyabrdan 30 sentyabra qədər mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, yeni kartların satışı avqustun 8-də başlayıb.
Yeni kartların üstünlüyü ondan ibarətdir ki, onlardan yeraltı nəqliyyatda olduğu kimi, sərnişin avtobuslarında da gediş haqqı üçün istifadə etmək olacaq.
Artıq stansiyalarda “Bakı Kart”ın hesabına vəsait yatırmaq üçün terminallar quraşdırılıb.
Yeni kartların qiyməti 2 manat təşkil edir. Hazırda istifadə olunan köhnə kartlar bir şərtlə geri qaytarıla bilər ki, onların qiyməti (2 manat) yeni gediş kartının balansına daxil edilsin.