16 Avqust 2015 12:10
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.

Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçüb (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil alıb (1942-1947).

Universitetin aspiranturasında saxlanılaraq, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir.

"İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb (1950-1990). 1990-cı ildə təqaüdə çıxıb. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000), 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib.

O həmçinin, Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunub. Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi.

O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilib.

Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirib.

Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirib. B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmişSovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.

2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib./Axşam.az


Müəllif:

Oxşar xəbərlər