17 Avqust 2015 17:43
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində reyd zamanı yol polisi 49 sərxoş sürücünü saxlayıb.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, reydlər avqustun 16-ı istirahət günü Dövlət Yol Polisi İdarəsi ilə birgə yaradılmış heyətlə keçirilib.

Gecədən səhərə qədər keçirilən reyd zamanı sərxoş sürücülərlə yanaşı, gündüz şəhərdə hərəkəti qadağan olunan yük maşınları da saxlanılıb: “İstirahət mərkəzləri istiqamətində aparılan reydlər zamanı bir sıra qayda pozuntuları aşkarlanıb. Tərəfimizdən aparılan reyddə qanunla qadağan olunmuş içkili vəziyyətdə avtomobil idarə edənlər saxlanılaraq, məsuliyyətə cəlb olunub. Həmçinin bir neçə avtoxuliqanlıq edən gənc və sürücülük vəsiqəsi olmayan sürücülər də aşkarlanıb”.

Reydlərin davam etdiriləcəyini istisna etməyən V.Əsədov paytaxt yollarında gündüz saatlarında hərəkəti qadağan olunan yük maşınlarından da danışıb: “Yük maşınlarının gündüz saatlarında paytaxt yollarında hərəkəti qanunla qadağandır. Polis onları aşkar etdikdə müvafiq tədbirlər görür. Ötən gün aparılan reyd zamanı 5 tondan artıq yük götürmə qabiliyyətinə malik 14 yük maşını aşkarladıq. Bu proses tərəfimizdən davam etdiriləcək”.


Müəllif:

Oxşar xəbərlər