31 Avqust 2015 10:12
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyaya rəsmi səfəri çərçivəsində baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Sapporo şəhərində “Fuji Optical Co.LTD” şirkətində olub.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə Azərbaycan nümayəndə heyətinə şirkətin ölkəmizdə fəaliyyətini əks etdirən fotostend barədə mlumat verilib.

Şirkət artıq 10 ildən çoxdur ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərə təmənnasız optometrik xidmət göstərir, bu qəbildən olan insanlara optik, günəş eynəkləri, eşitmə aparatları və digər müxtəlif vasitələr paylayır. Sonra Ə. Həsənov şirkətin rəhbəri, dünya şöhrətli optometrist Akio Kanai ilə görüşüb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan hökumətinin dəstəyi ilə Yaponiyanın “Fuji Optical Co.LTD” şirkətinin 2005-ci ildən etibarən hər il məcburi köçkünlərə, aztəminatlı əhaliyə optometrik xidmət göstərdiyi xatırlanıb. Ümumilikdə 22 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji Optical Co.LTD” şirkətinin bu xeyirxah missiyasından yararlanıb. 2005-2015-ci illərdə şirkət tərəfindən Azərbaycandakı fəaliyyətin yerinə yetirilməsi üçün 2 milyon dollara yaxın vəsait xərclənib.

A.Kanai Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraitdən məmnunluğunu ifadə edib. Eyni zamanda missiyanın uğurla həyata keçirilməsinə lazımi kömək göstərdiyinə görə Azərbaycan hökumətinə, yerli icra strukturlarına minnətdarlığını bildirib, gələcəkdə də bu missiyanın davam etdiriləcəyini bildirib. Azərbaycan nümayəndə heyətinə şirkətin ölkəmizdə fəaliyyətinə həsr edilmiş məlumatların toplandığı kitablar hədiyyə edilib. Ə. Həsənov şirkətin xatirə kitabına ürək sözlərini və ən xoş arzularını yazıb.

Ə.Həsənov Yaponiya kütləvi-informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirib. Yapon jurnalistlərin suallarını cavablandıran Ə. Həsənov Azərbaycanın coğrafi mövqeyi, yaxın tarixi, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etməsi, qonşu Ermənistanın əsassız ərazi iddilaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Sədr deyib ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti də hələ ki bir nəticə vermir. Fuji Optical Co.LTD” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirən baş nazirin müavini bunun ən böyük humanistlik və xeyirxahlıq nümunəsi olduğunu bir daha xatırladıb. Bu xeyirxah missiyanın bundan sonra da uğurla davam etdirilməsi üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradılacağını qeyd edib. Baş nazirin müavini yapon jurnalistləri ölkəmizdəki sürətli inkişafı, əldə olunan böyük uğurları görmək üçün Azərbaycana dəvət edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər