1 Sentyabr 2015 12:28
2 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, bu günlərdə Tarif Şurası 1057 dərman vasitəsinin qiymətini tənzimləyən qərar verdi. Yeni qiymətlərin bu il sentyabrın 15-dən qüvvəyə minəcəyi gözlənilir.

Azərbaycanda dərmanların bahalığı məsələsi Prezidentin sədrliyi ilə Nazirlər Kabinetində ölkənin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda müzakirə olunmuşdu.

Mövzunun aktuallığı daha bir məsələni diqqətə çıxardı. Bəs Azərbaycanda yerli dərman istehsalı hansı vəziyyətdədir? Əsasən, hansı adda və miqdarda yerli dərman istehsal edilir? Hələ bir neçə ay öncə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev bildirmişdi ki, Rusiya Azərbaycanda dərman istehsalına başlamaqda maraqlıdır. Bu maraqların təmin olunması nə qədər realdır?

Səhiyyə Nazirliyinə ünvanladığımız bu suallara cavab ala bilməsək də, apardığımız araşdırmalar müəyyən məqamalara aydınlıq gətirdi.

Məlum oldu ki, 1998-ci ildən Səhiyyə Nazirliyi Türkiyə əczaçılıq sənayesi şirkətlərinin iştirakı ilə "AzərFarm LTD" təsis edilib. Bu şirkət yerli istehsalla məşğul olur və əsasən digər ölkələrdən idxal olunmuş yarımfabrikat məhsulların ikinci istehsalını sona çatdırır və bir çox yerli istehsalı həyata keçirir.
Hazırda "AzərFarm LTD "şirkətində müxtəlif farmakoloji qruplardan olan tablet, kapsul, məlhəm, inyeksiya, məhlul və şərbət formalı 70 -ə yaxın dərman preparatı istehsal olunur. Bu preparatlar Səhiyyə Nazirliyində qeydiyyata alınıb.

Hər il 80 əczaçı hazırlanır, amma...

Söhbət apardığımız əczaçılardan biri bildirdi ki, Azərbaycanda yerli və ya xaricdən alınmış xammaldan heç bir dərman vasitəsi hazırlanmır. Azərbaycan Tibb Universitetində hər il 80-dək əczaçı kadr hazırladığına baxmayaraq, əczaçı məzunların fikrincə, onlar əlavə kurslar keçməsələr, təkmil təhsil almasalar, istehsal prosesində iştirak edə bilməzlər.

Əczaçı Ruslan Həsənov deyir ki, Azərbaycanda dərman istehsalını inkişaf etdirmək üçün ilk növbədə kadr hazılanmalıdır və bu sahə üzrə stimullaşdırıcı tədbirlər görülməlidir: "Yerli istehsalı inkişaf etdirmək üçün sahibkarlar üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var. İlkin mərhələdə vergidən azad olunma, subsidiyaların ayrılması, tenderlərdə yerli istehsal məhsullarına önəm verilməsi kimi güzəştlər tətbiq edilə bilər. Hər şeydən öncə isə bu sahə üzrə kadrlar yetişdirilməlidir. Çünki dərman istehsalı sənayesi tamam başqa istiqamətdə inkişaf edib.

Ya kadr hazırlığına vaxt sərf olunmalı, ya da yüksək ixtisaslı kadrlar xaricdən gətirilməlidir. Bizim əczaçılıq təhsil sistemində də aptek praktikasından və klassik əczaçılıq nəzəriyyəsindən kənar yeni texnologiyalara aid nəsə öyrədilir. Çünki tələbənin praktika keçməsi üçün baza olmalıdır, köhnə baza isə çox məhduddur, yerli istehsal, demək olar ki, yoxdur".


Hələ də "QOST-Standart"la işləyirlər

Mütəxəssis hesab edir ki, kadr hazırlığı üçün Avropa ölkələrinin təcrübəsinin tətbiqi daha məqsədəuyğundur: "Hətta Türkiyə əczaçılıq sənayesi də yüksək ixtisaslı kadrları xaricdən transfer edirlər. Çünki bu ölkədə də dərman istehsalı Avropa ilə müqayisədə yüksək səviyyədə deyil. Hətta qiymətlər elə aşağıdır ki, bu qiymətə yüksək texnologiya ilə keyfiyyətli dərmanlar hazırlanması şübhə doğurur. Qonşu Rusiya özü belə bu sahədə geri qalır. Hələ də dərman istehsalında Rusiya keçmiş "QOST-Standart"la işləyir, bütün dünya ölkələri dərman istehsalı prosesində GMP (Ümumdünya Səhiyyə Təşkilatının nümunəvi istehsal praktikası standartı-red.) qaydalarına əməl etdiyi halda, MDB ölkələri arasında tək-tək şirkətlər var ki, GMP standartlarına əməl edir".

Həmsöhbətimiz də onu qeyd etdi ki, Azərbaycana idxal olunan dərman preparatlarının keyfiyyətinə təminat yüksək səviyyədə qorunur: "Azərbaycana idxal olunan dərman məhsullarını bu keyfiyyət durumu MDB ölkələrinin 90 faizindən yaxşı vəziyyətdədir".

Hazırda ağır diaqnozlu xəstəliklərin çeşidinin artdığını deyən əczaçı qeyd etdi ki, bu üzdən dərmanların keyfiyyətinin yüksək səviyyədə olması vacib şərtdir: "Yüksək keyfiyyətli dərman istehsalından söhbət gedirsə, ölkəmizdə bu istiqamətdə hələ çox işlər görülməli, ciddi layihələr həyata keçirilməlidir. Misirlə, Bolqarıstanla, Rusiya ilə birgə layihələrin hazırlanması, yerli istehsalla bağlı fikirlər zaman-zaman səslənib. Amma yüksək keyfiyyətə və bütün tələblərə cavab verən istehsaldan söhbət gedirsə, qərbyönümlü təcrübənin öyrənilməsi daha məqsədəuyğundur".

Yerli dərman zavodları tələbatın 1 faizini də ödəmir

"İŞ Holding"in direktor müavini Vüqar Şahbazlı isə hesab edir ki, Azərbaycan kimi inkişaf etməkdə olan ölkədə dünya standartlarına cavab verən dərman zavodunun yaradılması zərurəti çoxdan ortadır. Onun sözlərinə görə, ölkədə kiçik dərman zavodları var ki, onlar tələbatın heç bir faizini də ödəmir. Bu səbəbdən ölkəyə dərmanlar xaricdən gətirilir.

Vüqar Şahbazlının fikrincə, dərmanların qiymətini tənzimləmək üçün ən optimal variant uzunmüddətli təcrübəyə malik xarici dərman zavodu ilə birlikdə Azərbaycanda GMP standartlarına uyğun zavod açmaqdır. Məhz bu hesaba indiki bazar qiymətlərindən qat-qat aşağı dərman preparatları istehsal etmək olar.

Aspirini, insulini özümüz də istehsal edə bilərik

Vüqar Şahbazlı bildirdi ki, Azərbaycan əksər klassik dərmanları (aspirin, insulin, şəkərli diabetə qarşı dərman preparatları və s.) xaricdən alır, halbuki ölkəmizin bu və digər tip dərmanları istehsal edəcək zavod tikmək üçün hərtərəfli gücü və imkanı var: "Dövlət xəstəxanlarında əhaliyə verilən pulsuz dərman preparatları və klassik dərmanları Azərbaycanda da istehsal etmək olar".

Vüqar Şahbazlının sözlərinə görə, "İŞ Holding" dünyada tanınmış bir çox dərman istehsalçı şirkətləri ilə birlikdə Bakıda, Keşlə qəsəbəsində yerləşən "Loğman" əczaçılıq zavodunu müasir standartlara uyğun rekonstruksiya etmək və ya yeni ərazidə dərman istehsalı zavodu tikməyi planlaşdırır: "İnsulin preparatını Səhiyyə Nazirliyi və özəl şirkətlər baha qiyməyə idxal edir. Halbuki bizim şirkətlər qrupumuza daxil olan keçmiş "Loğman" zavodunda vaxtilə Azərbaycanı və bütün Mərkəzi Asiya ölkələrini təmin edən, hətta birbaşa yerli xammaldan (ət kombinatında kəsilən mal- qaranın mədəaltı vəzisinindən insulin xammalı alınırdı) hazırlanan insulin preparatları istehsal olunub. Niyə də bu istehsalı yenidən bərpa etməyək?!"

Hər il dərman idxalına 250 milyon manatadək pul ayrılır

Vüqar Şahbazlının fikrincə, bu layihə alınarsa, satışda olan çox bahalı və həyati vacib xarici dərman preparatları yeni adla, lakin eyni tərkibli dərmanlar kimi istehsal oluna bilər: "Bu dərmanların qiymətinin indiki bazar qiymətindən 2 dəfə aşağı olması mümkündür. Səhiyyə Nazirliyi hər il təqribən 100-200 milyon manata yaxın dərman preparatlarının alınmasına pul ayırır. Halbuki GMP standartlarına uyğun zavod qura bilsək, əhalinin əsas dərman və digər dərman vasitələrinə (yod, povidon-yod, bint, tibbi spirt və s.) olan ehtiyacının təqribən 50 faizini tam təmin etmək olar".

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər