1 Sentyabr 2015 21:34
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Baş Prokurorluğu rusiyalı iş adamı German Sterliqovun saxlanılması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və onun ailə üzvləri Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2015-ci il 4 iyul tarixində işğal olunmuş ərazilərə daxil olub.

Bundan başqa, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 2015-ci il iyulun 13-də Şuşa şəhərində mətbuat konfransı keçirib və özünə məxsus “V Kontakte” sosial şəbəkəsinə aid səhifəsində məlumatlar yerləşdirərək qondarma rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına, saxta pul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar edib, həmçinin qanunsuz biznes fəaliyyəti ilə məşğul olaraq ailə üzvlərini də bu işə sövq edib.

G.Sterliqovun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinin tərkibi olduğundan fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb və o, dövlətlərarası axtarışa elan edilib.

2015-ci il avqustun 31-də saat 17 radələrində German Sterliqov İrəvandan Moskvaya gələrkən Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb və gecə saat 01.00 radələrində Rusiya Federasiyasının ərazisini tərk etməmək şərti ilə müvəqqəti olaraq sərbəst buraxılıb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu German Sterliqovun yuxarıda göstərilən cinayətlərdə təqsirləndirilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunub.

Qeyd edək ki, German Sterliqov Moskvanın Domodedovo hava limanında həbs olunub. Biznesmen sərhədi keçərkən Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti nümayəndələri tərəfindən saxlanılıb. Biznesmenin vəkili Artur Ayrapetov avqustun 31-də axşam saat 17-də təyyarə ilə Yerevandan Moskvaya çatıb və dövlət sərhədini keçəndən sonra saxlanılıb. Vəkil rusiyalı jurnalistlərə deyib ki, Sterliqov yaxın vaxtlarda Dağlıq Qarabağa baş çəkmək niyyətində deyil.

“Azərbaycana təhvil verilsəydim, məni tikələrə bölərdilər”

G.Sterliqov “Komsomolskaya pravda”ya geniş müsahibə verib. O, axtarışda olsa da, heç bir ölkəyə təhvil verilməyəcəyini deyib. Onun sözlərinə görə, bütün lazımi prosedurlar Rusiya polisi və prokurorluğu tərəfindən tez və aydın şəkildə aparıldı: “Azərbaycan istəyirdi ki, məni burada saxlasınlar və Azərbaycana versinlər. Rusiya Federasiyası öz vətəndaşlarını heç bir ölkəyə təhvil vermir. Rusiya vətəndaşlarını Rusiya qanunlarına görə mühakimə edirlər. Bu işlərlə Rusiya hüquq-mühafizə orqanları məşğul olur. Onlar əmin etdilər ki, məni nə Azərbaycana, nə də üçüncü ölkəyə təhvil verəcəklər. Çünki, heç bir Rusiya vətəndaşı başqa ölkəyə təhvil verilə bilməz”.

German Sterliqov Azərbaycan müstəntiqlərinin onu dindirməklə bağlı niyyətindən xəbərsiz olduğunu bildirib. O, bu məsələ ilə bağlı Rusiya hüquq-mühafizə orqanları və hüquqşünasları ilə məsləhətləşmək istədiyini vurğulayıb: “Mən Azərbaycan tərəfinin bu təşəbbüsündən hələlik xəbərdar deyiləm. Rusiya Federasiyası hüquq-mühafizə orqanları mənə necə məsləhət verəcəksə, o şəkildə hərəkət edəcəyəm”.

Moskvaya kənd işləri ilə məşğul olmağa getdiyini deyən Sterliqov qeyd edib ki, Dağlıq Qarabağda un üyüdüb çörək hazırlayıb: “Biz çörək bişirib satırdıq. Amma orada torpaq ala bilmədik, buna görə də mal-qara təsərrüfatı ilə məşğul olmurduq. Əsas təsərrüfatımız Rusiyadadır”.

O bundan sonra da Dağlıq Qarabağa tez-tez gedəcəyini söyləyib: “Orada böyük planlarım, maraqlı ideyalarım var. Dağlıq Qarabağ ekologiya, təbiət baxımından bu ideyalar üçün unikal meydançadır”.

Biznesmen Rusiyaya qayıtdığından məmnun olduğunu bildirib: “Artıq Rusiyaya gəlmişəm. Həyat yoldaşımla birgə öz vətənimdə olduğum üçün çox şadam”.

Rusiyalı biznesmen yenidən saxlanılacağından ehtiyat etdiyini deyib: “Əgər Gürcüstana gəlsəydim və Azərbaycan tərəfindən axtarışda olsaydım, onda ən yaxşı halda əllimi qandallayacaqdılar. Sonra da Azərbaycana təhvil verərdilər ki, şərti olaraq məni tikələrə bölsünlər. Rusiyaya gələndə isə təhlükəsiz əraziyə gəlirəm. Digər ölkələrdə isə ekstradisiya və ya həbs oluna bilərsən, hətta düşmənlərinə təhvil verilə bilərsən”.

“İttihamlar Sterliqovun əməlində təsdiqlənərsə, Rusiya onu cinayət məsuliyyətinə cəlb edəcək”

Sözügedən situasiyanı şərh edən hüquqşünas Müzəffər Baxışov bildirib ki, German Sterliqov sərhədimizi pozub Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa qanunsuz olaraq keçib və bu, Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə tövsif olunan cinayət əməlidir: “Biz Sterliqovu Azərbaycanda tutsaydıq, barəsində elan olunmuş hər iki maddə ilə ittiham irəli sürüb məhkəmə məsuliyyətinə veriləcəkdi. Amma nə qədər ki, onu tuta bilməmişik, inanmıram bizim əməkdaşlara Sterliqovu Rusiyada dindirməyə imkan versinlər. İki ölkə arasındakı müqavilənin tələblərinə görə, əgər Rusiya Federasiyası vətəndaşı barəsində Azərbaycanda cinayət işi başlanılıbsa, Azərbaycan həmin cinayət işini Rusiya Federasiyasına göndərməlidir. Əgər göstərilən ittihamlar həmin şəxsin əməlində təsdiq olunarsa və Rusiya qanununa görə cinayət sayılarsa, Rusiya onu cinayət məsuliyyətinə cəlb edib məhkəmə keçirilməlidir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər