4 Sentyabr 2015 12:13
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Leysi Svinq Azərbaycana ikigünlük rəsmi səfərinin yekunları ilə bağlı dünən mətbuat konfransı keçirib.

Baş direktor səfər müddətində Xarici İşlər naziri Elmar Məmmədyarov, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşdüyünü, Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini bildirib.

O qeyd edib ki, Azərbaycan sabitlik və sülhün təmin edilməsi baxımından bütün Avrasiya üçün nümunədir. U.L.Svinq Azərbaycan hökumətinə multikultural, aşkarlıq siyasəti yürütdüyünə görə təşəkkür edib: “Azərbaycana səfərim çox yaxşı keçdi. Sosial-iqtisadi inkişaf barədə xoş təəssüratlarım var”.

Azərbaycanın ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini qeyd edən qonaq 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da uğurla baş tutacağına əminliyini vurğulayıb.

Səfər zamanı BMqT-nin Bakı ofisinin rəhbəri ilə Dövlət Miqrasiya Xidmətinin Saxlama Mərkəzində olduğunu, orada saxlanılan əcnəbilərlə görüşdüyünü deyən qonaq açıq tipli saxlama mərkəzlərini həmişə dəstəklədiklərini qeyd edib. O, Saxlama Mərkəzində çox gözəl şərait yaradıldığını vurğulayıb. Baş direktor bir çox ölkələrdə miqrantları saxlama mərkəzlərində olduğunu qeyd edib: “Lakin deməliyəm ki, bu, mövcud olan ən gözəl saxlama mərkəzlərindən biridir. Orada yerləşdirilən şəxslər üçün hər cür şərait yaradılıb. Onların əsas ehtiyacları ödənilir. İstər otaqlar, istər qidalanma, istirahət üçün bütün şərait yaradılıb. Onlara sərbəstlik verilib. Mən Azərbaycan hökumətinə, Azərbaycan Dövlət Mirqasiya Xidmətinə bu cür saxlama mərkəzləri yaratdıqları üçün təşəkkür edirəm. Biz qanunsuz miqrantların qaldığı qapalı tipli saxlama mərkəzində də olduq. Orada da çox gözəl şərait yaradılmışdı. Həmin mərkəzdəki şəxslərin azlığı sizin bu problemləri həll edə bildiyinizi göstərir. Yəni, gələcəkdə hər hansı problem baş verərsə, siz buna daha hazırlıqlısınız. Mən mütləq digər ölkələrə də bu cür saxlama mərkəzləri ilə bağlı təcrübə mübadiləsi baxımından Bakını məsləhət görərdim”.

Qonaq Azərbaycanda olmaqdan böyük fəxr hissi keçirdiyini söyləyib.

Hazırda dünyada xeyli münaqişənin baş verdiyini, bunun isə misli görünməmiş humanitar böhrana səbəb olduğunu bildirən U.L.Svinq deyib ki, xüsusilə Şimali Afrika və Qərbi Asiyadan insanların Avropaya axını başlayıb: “Bir çox ölkələrdə doğulanların sayı ölənlərin sayından azdır. Bəzi yerlərdə insanların qocalması və əmək qabiliyyətli insanların sayının azalması problemdir. Cənubda isə əksinə, gənc insanların sayının çoxluğu böhrana səbəb olur. Hazırda baş verən münaqişələrin qısa zamanda həlli yoxdur”.

Son vaxtlar Aralıq dənizində və digər dənizlərdə qanunsuz miqrantları daşıyan qayıqların batması, nəticəsində çoxsaylı miqrantın həlak olması ilə bağlı məsələyə toxunan BMqT-nin baş direktoru 2013-cü ildə ilk qayığın İtaliyanın Lampeduza sahilində batmasından sonra daim bu problem üzərində çalışdığını vurğulayıb. O bildirib ki, bu istiqamətdə Avropa İttifaqı və ona üzv ölkələrlə yüksək səviyyəli əlaqələr mövcuddur: “Biz daim bu məsələni müzakirə edirik. Öz təklif və xahişlərimizi çatdırırıq. Lampeduza adası yaxınlığındakı fəlakətdə 364 nəfər həyatını itirmişdi. Bu hadisədən sonra biz xüsusi sənəd hazırladıq. Sənəd ”Ölüm cığırı" adlanırdı. Qeyd edirik ki, indiyə kimi 40 min insan qlobal miqrasiya zamanı ölüb. Onlardan 22 mini Aralıq dənizində həyatını itirib. Bizim ölkələrdən istəyimiz budur ki, miqrantlara qarşı sərt siyasət yürütməsinlər və ksenofobiya hallarına son qoyulsun. Məhz bu kimi hallar vəziyyətin daha da pisləşməsinə səbəb olur".

Baş direktor Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş rayonlarında yerləşdirilməsinə dair məsələyə də münasibət bildirib: “Bu suala cavab vermək mənə çətindir. Birinci dəfədir bu barədə eşidirəm”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərindən məhrum olmuş azərbaycanlı qaçqınlar məsələsinə toxunan təşkilat rəhbəri münaqişə ilə bağlı BMT-nin 4 qətnaməsi olduğunu xatırladıb: “ATəT-in Minsk Qrupu münaqişənin həlli ilə bağlı çalışır. Biz qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrə, o cümlədən bəzilərinin yaşadığı yataqxanalara baş çəkdik. Bizə bildirdilər ki, yataqxanalarda ağır şəraitdə yaşayan məcburi köçkünlər yeni qəsəbələrə köçürüləcək. Humanitar cəhətdən müsbət haldır ki, onlar üçün belə şərait yaradılıb”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər