Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Regional Kinoloji Mərkəzinin açılış mərasimi olub.
Teleqraf.com-un məlumatına görə, tədbirdə ÜGT-yə üzv dövlətlərin gömrük xidmətlərinin itlərdən və təlimçilərdən ibarət komandalarının nümayişi keçirilib. Bununla da Kinoloji Mərkəzin xidməti itləri və təlimçilərinin beşinci yarışına start verilib.
Yarışa qatılan Argentina, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə, Özbəkistandan qatılan təlimçilər itlərini nümayiş etdiriblər.
Tədbirdə çıxış edeən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qonaqları salamlayaraq hazırda Azərbaycanda gömrük sahəsi üzrə bir neçə beynəlxalq tədbirin keçirildiyini vurğulayıb: “Tədbirlərdən üçü Kinoloji Mərkəzdə olacaq. Bura 2008-ci ildən mərkəz kimi fəaliyyətə başlayıb, bu gün isə ona rəsmi beynəlxalq status verilməsi ilə bağlı toplanmışıq. Burada təlim keçən itlərin sayəsində külli miqdarda narkotik vasitə, partlayıcı maddə zərərsizləşdirirlib.
Bu müddət ərzində beynəlxalq əlaqələr də xüsusui diqqət yetirilib. Bizim itlər təlimçilərlə birlikdə dəvət olunduğumuz bütün treninqlərdə iştirak edib. Xüsusi təlimlərdə iştirak edən hazırlıqlı itlərimiz beynəlxalq mübadilə ilə xarici ölkələrə də bağışlanılıb. Əfqanıstan, Makedoniya, Türkiyə, Monqolustan, Toqoda bizdə təlim keçmiş itlər fəaliyyət göstərir.
ÜGT isə bu xidmətlərimizi nəzərə alaraq bizim mərkəzə regional təlim mərkəzi statusu verib. ÜGT-nin ümumilikdə bu cür 8 mərkəzi var ki, bunlardan biri də bizim Kinoloji Mərkəzdir”.
Açılışda Qabona iki xüsusi təlim keçmiş it bağışlanıb. Sənədlər Qabon Gömrük Xidmətinin əməkdaşına təqdim olunub.
ÜGT-nin baş katibi Kunio Mikurio isə çıxışında sərhədlərin qorunması və təhlükəsizliyi sahəsində mərkəzin böyük əhəmiyyətə maliik olduğunu deyib və açılışa görə DGK sədri Aydın Əliyevə təşəkkür edib: “Vəzifələrin yerinə yetirilməsində yaxşı təlim görmüş itlərin rolu əvəzsizdir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasında təhlükəsizlik baxımından itlərin hazırlığı böyük önəm daşıyır.
Bu gün imzalanan memoranduma əsaəsən artıq bu mərkəz beynəlxalq status daşıyır. Bu isə nəinki bir ölkəyə, eləcə də beynəlxalq miqyasda gömrük işinə yardım etmək deməkdir. Qlobal gömrükçülər ailəsinə göstərdiyi xidmətlər danılmazdır”.
Naibə QURBANOVA