“Büdcə ilə bağlı proqnoz tapşırığın yerinə yetirilməsində müəyyən çətinliklər olsa da, Dövlət Gömrük Komitəsinin borcudur ki, bu tapşırığı yerinə yetirsin”.
Teleqraf.com-un xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib: “Bilirsiniz ki, çətinliklər qlobal iqtisadiyyatda baş verən hadisələrlə bağlıdır. Bununla yanaşı, iqtisadiyyatın müəyyən sektorlarının inkişafı üçün bəzi imtiyazlar verilib ki, bu da bizim üçün çətinliklər yaradır. O cümlədən, azad iqtisadi ticarət zonası çərçivəsində MDB ölkələrinin malları demək olar ki, gömrük rüsumlarına cəlb olunmur. Buna görə də təbii ki, proqnoz tapşırıqların yerinə yetirilməsində problemlər mövcuddur. Lakin nəzarətin gücləndirilməsi, buna qədər məhsul saxlancında olan yüklərin tezliklə rəsmiləşdirilməsi və keçirilən digər tədbirlər nəticəsində proqnoz tapşırığın yerinə yetirilməsinə cəhd olunur”.
Komitə sədri Azərbaycan-Gürcüstan arasındakı Sadıxlı gömrük-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı da məlumat verib. O deyib ki, Sadıxlı gömrük-keçid məntəqəsi daimi qaydada fəaliyyət göstərəcək: “Məntəqədə tikinti-yenidənqurma işlərinin aparılması, onun imkanlarının artırılması istiqamətində Gürcüstan tərəfi ilə artıq danışıqlar aparılıb. Biz bunu etməyə hazırıq, lakin bilirsiniz ki, bu, birtərəfli deyil, ikitərəfli məsələdir. Ona görə də, Gürcüstan tərəfinin razılığını gözləyirik”.
Naibə QURBANOVA