"Sumqayıtda təhsil göstəriciləri aşağı olduğu üçün mənə iradlar tutuldu və işdən kənarlaşdırıldım. Orada mənə rüşvət və ya başqa bu kimi nöqsanlarla bağlı heç bir irad bildirilməyib".
Bunu Teleqraf.com-a açıqlamasında Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri əvəzi Vaqif Ələkbərov icra başçısı Zakir Fərəcov tərəfindən vəzifəsindən azad olunmasına dair mətbuatda gedən məlumatlara münasibət bildirərkən qeyd edib.
V.Ələkbərov icra başçısının iradlarını haqlı sayır: "Sumqayıt şəhərində təhsil göstəriciləri müəyyən mənada aşağıdır. Mən müdir əvəzi olmuşam və zəif göstəricilərə görə vəzifəmdən kənarlaşdırılmışam. Tamamilə haqlı iradlardır, razılaşıram, qəbul edirəm. Sumqayıtda təhsilin göstəricilərini qaldırmaq mümkündür. Hesab edirəm ki, işə səriştə ilə yanaşılsa, uğur əldə olunar".
"Bəzi saytlarında qeyd olunub ki, iclasda Zakir Fərəcovun ilk tənqid hədəfi siz olmusuz. Səbəb kimi, məktəb direktorlarından pul yığmağınız göstərilib" qeydinə münasibət bildirən V.Ələkbərov bunun həqiqəti əks etdirmədiyini deyib: "Tamamilə yalandır. İclasda elə bir söhbət olmayıb. Çox normal şəraitdə mənə iradlar tutuldu. Yalnız təhsilin keyfiyyətilə bağlı mənə iradlar bildirilib və vəzifəmdən azad olunmuşam. Necə məsləhət bilsələr, bundan sonra elə də işləyəcəm".
Ruslan