11 Sentyabr 2015 18:11
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 12-dən Milli Məclis üzvlüyünə namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsinə başlanacaq.

Seçki Məcəlləsinin tələbinə əsasən parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsinə səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək vaxt ayrılmalıdır.

Beləliklə, Milli Məclisə seçkilərlə əlaqədar namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi üçün ayrılan müddət sentyabrın 12-dən başlayacaq, oktyabrın 2-də saat 18:00-da başa çatacaq.

Bəs, namizədliyin irəli sürülməsi üçün hansı sənədlər tələb olunur.

Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, namizədlərin qeydiyyatı proseduru kifayət qədər sadə prosedurdur. Belə ki, Milli Məclisə seçkilərdə namizədliyini irəli sürmək istəyən Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsi ilə birgə mövcud 125 seçki dairəsindən istənilən birinə müraciət edir. Şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra DSK-da namizədlik iddiasında olan şəxsə müvafiq sənədlər verilir. Namizədlik iddiasında olan şəxs sənədləri doldurduqdan sonra dairə seçki komissiyası 5 gün müddətində həmin sənədlərə baxır və namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edir: “Dairə seçki komissiyası namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul etdikdən sonra şəxsə imza vərəqələri təqdim edir və şəxs namizədliyini irəli sürdüyü seçki dairəsinin hüdudlarında yaşayan insanlardan imzalar toplayır. İmza vərəqələrində 450 imza toplanmalıdır. İmza vərəqələri digər sənədlərlə birlikdə dairə seçki komissiyasına təqdim olunur. Dairə seçki komissiyası 7 gün müddətində imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlayır və namizədin qeydə alınıb-alınmaması barədə qərar qəbul edir. Digər sənədlərə namizədin gəlirlərlərinin miqdarı barədə, əmlak barədə arayış və digər sənədlər daxildir. Prosedur bu qədər sadədir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər