Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası ilbəil gücləndirilir, fövqəladə hadisələr zamanı şəxsi heyətin çevik və operativ hərəkətinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni yanğınsöndürən avtomobillər və səfərbərlik ehtiyatları təqdim olunub.
Nazirlikdən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına gəliblər.
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri məlumat verib ki, Almaniya istehsalı olan “İVECO MAGİRUS” markalı yanğınsöndürən və xilasedici-yanğınsöndürən avtomobillər yüksək texniki xüsusiyyətlərə malikdir. Altı nəfər heyətlə hərəkət edən yanğınsöndürən avtomobil 9 ton su və 1 ton köpükyaradan maye, xilasedici yanğınsöndürən avtomobil isə 3 ton su və 500 kiloqram köpükyaradan maye tutur. Avtomobillərin hər biri 3 siyirtməli nərdivan, mühərrikli tüstüqovucu, 4 projektor, generator, istiyə davamlı 4 dəst xilasetmə paltarı, eləcə də digər yanğından mühafizə vasitələri ilə təchiz olunub. Xüsusi kəsici aparatla təchiz olunmuş xilasedici-yanğınsöndürən avtomobil həm də yol-nəqliyyat hadisələri zamanı istifadə olunacaq.
Səfərbərlik ehtiyatlarına baxış zamanı bildirilib ki, hazırda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının bazasında kifayət qədər səfərbərlik ehtiyatı yaradılıb.
Yeni gətirilən 100 dəst çadır, 2 generator, 12 nasos və digər məişət avadanlıqları baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı insanların yaşayışının normal təşkilinə imkan yaradacaq. Asanlıqla daşınan və qurulan çadırların hər biri 6 nəfərlik ailənin yaşaması üçün nəzərdə tutulub.
Tədbirdə fövqəladə hallara hazırlığın səviyyəsinin yüksəldilməsinin davam etdirilməsinin vacibliyi bildirilib.
İLHAMƏ