15 Sentyabr 2015 16:28
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan 148 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, məktəbin köhnə binası 1936-cı ildə hərbi hospital kimi fəaliyyət göstərib. Burada indiyədək heç vaxt əsaslı təmir işləri aparılmayıb. 2014-cü ilin noyabrından bu tədris ocağının əsaslı surətdə yenidən qurulmasına başlanılıb və yüksək standartlara uyğun şəkildə başa çatdırılıb.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Diqqətə çatdırıldı ki, yenidənqurma və əsaslı təmir işləri çərçivəsində məktəbin əsas binası sökülərək əvəzində yenisi inşa olunub, əlavə korpus isə əsaslı təmir edilib. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğını, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən Sabunçu rayonunda təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində görülən işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Üçmərtəbəli binanın yeni korpusunda 22, əlavə korpusunda isə 18 sinif otağı var. Burada fizika, kimya, biologiya, informatika, hərbi hazırlıq fənn kabinetləri, əmək təlimi otaqları var. Məktəbin binasında kitabxana, akt və idman zalları, linqafon, tibb, musiqi və rəsm otaqları yaradılıb. Otaqların hamısı müasir avadanlıq və əyani vəsaitlərlə təchiz edilib.

Məktəbdə tədris bir növbədə aparılacaq. Burada Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 930-a yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 75 müəllim məşğul olur.

Məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Ötən tədris ilində məktəbi bitirən 58 məzunun əksəriyyəti ali məktəblərə qəbul olub. Məzunların ikisi 600-dən, beşi isə 500-dən yuxarı bal toplayıb.

Təhsil ocağında müxtəlif musiqi dərnəkləri də fəaliyyət göstərir. Bu dərnəklərdə xüsusi musiqiyə marağı olan 100-dən çox istedadlı şagird məşğul olur. Təhsil ocağının yeməkxanası və konfrans zalı da ən müasir səviyyədədir. Məktəbin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Həyətyanı sahədə futbol, voleybol və basketbol meydançaları inşa edilib.

Azərbaycanda məktəblərin bu cür yüksək standartlara uyğun, əsaslı şəkildə yenidən qurularaq şagirdlərin istifadəsinə verilməsi təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Yeni məktəb binalarının inşası, mövcudlarının isə ən müasir tələblər səviyyəsində qurulması ümumilikdə ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi və xalqımızın intellektual potensialının üzə çıxarılması işinə xidmət etmək baxımından olduqca əhəmiyyətlidir.

Məktəbdə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşdü.

Yeni dərs ili münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik edən Prezident İlham Əliyev deyib: "Hörmətli müəllimlər, uşaqlar. Sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, uşaqlar yaxşı oxusunlar, müəllimlər də uşaqlara yaxşı dərs versinlər. Eyni zamanda, bu gün çox əlamətdar gündür ki, bu məktəb faktiki olaraq yenidən tikilib.

Buraya gələndə mənə əvvəlki məktəbin vəziyyətini göstərdilər. Gördüm ki, məktəbin binası çox bərbad, təmirsiz və qəzalı vəziyyətdə olub. Əvvəlki məktəb sökülüb, onun yerində indi gözəl, yaraşıqlı, rahat bina tikilib. Əlavə korpus da əsaslı təmir edilib. Qısa müddət ərzində tikinti işləri aparılmışdır. İndi bu məktəb bütün yüksək standartlara cavab verir - geniş sinif otaqları, geniş dəhlizlər, gözəl, yaraşıqlı akt zalı, açıq, qapalı idman zalları. Yəni, burada yaxşı oxumaq üçün bütün imkanlar var. Bu məktəbin tikintisi bir daha onu göstərir ki, Azərbaycan dövləti təhsilə, gənc nəslin hazırlanmasına çox böyük əhəmiyyət verir".

Dövlət başçısı qeyd edib ki, bu il Bakı şəhərində 10-dan çox məktəb binası əsaslı şəkildə təmir edilib və tikilib: "Son illər ərzində Bakıda 250-dən çox məktəb yenidən qurulub, tikilib, təmir edilib. Bakıda məktəblərin sayı təqribən 350-dən yuxarıdır. Bu proses davam edir. Əminəm ki, yaxın bir-iki il ərzində Bakıda bir dənə də təmirsiz məktəb binası qalmayacaq. Həmçinin ölkəmizdə də bütün işlər yaxşı gedir. Məktəblər tikilir. Son 10 il ərzində bölgələrdə 3 mindən çox məktəb tikilmişdir. Demək olar ki, təhsilin maddi-texniki bazası böyük dərəcədə möhkəmlənib. Təhsilin keyfiyyəti də artır və daha da artmalıdır. Belə gözəl məktəbdə nəticələr də daha yaxşı olmalıdır. Çünki təhsilin səviyyəsi hər bir ölkənin ümumi səviyyəsini şərtləndirir. O ölkələr sürətlə inkişaf edir ki, orada insanlar biliklidir, savadlıdır.

Bizdə savadlılıq ən yüksək səviyyədədir, təxminən 100 faizə yaxındır. Hesab edirəm ki, bu da böyük nailiyyətdir. Ancaq, eyni zamanda, dünyada gedən texnoloji inkişaf, elmin inkişafı, yeni texnologiyaların yaranması tələb edir ki, biz də öz inkişafımızı dünyada gedən meyillərə uyğunlaşdıraq. Burada təhsilin səviyyəsi ən başlıca şərtdir. Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə həyatda özləri üçün layiqli yer tutsunlar və eyni zamanda, ölkəmizin ümumi inkişafına da öz töhfəsini versinlər. Bilikli, savadlı cəmiyyətdə heç bir xoşagəlməz təsirin əhəmiyyəti olmayacaqdır. Çünki biz görürük ki, bu gün dünyada bəzi hallarda ideoloji müharibələr gedir, əsasəndə gənclərlə bağlı xüsusi proqramlar icra edilir. Qloballaşma adı ilə müxtəlif ölkələrdə müəyyən tədbirlər görülür. Nəticə etibarilə bu, ölkələrdə problemlərə gətirib çıxarır. Biz çalışmalıyıq ki, Azərbaycanın dayanıqlı, uğurlu inkişafını əbədi edək. Çünki biz bu gün dünyada inkişafla bağlı öz modelimizi ortaya qoymuşuq. Bu gün dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır. Bu modelin əsasında bizim müstəqilliyimiz, milli dəyərlərimiz, vətənpərvərliyimiz və müstəqil siyasətimiz dayanır".

İlham Əliyev deyib ki, bu gün dünyanın bir çox yerlərində gedən prosesləri gənclər də izləyir və görür: "Gənclər formalaşmaqda olan insanlardır və onlara təsir etmək bəzi hallarda o qədər də çətin olmur. Ona görə, biz gənclərimizi yad təsirlərdən, bizə xas olmayan dırnaqarası dəyərlərdən qorumalıyıq. Qloballaşma adı altında eyniləşmə gedir. Bəzi beynəlxalq dairələr sanki təsir məntəqələrini yaratmaq istəyirlər. Bizim isə öz yolumuz var. Biz əsrlər boyu müstəqillik arzusu ilə yaşamışıq və bu gün müstəqil ölkə kimi yaxşı yaşayırıq. Ölkədə təhlükəsizlik, əmin-amanlıq hökm sürür, ictimai-siyasi asayiş qorunur, sabitlik, inkişaf var. İndi baxın, ölkələrin bir çoxunda böhran yaşanır. Azərbaycanda isə belə gözəl məktəblər tikilir, yollar salınır, abadlıq işləri aparılır. Bu il biz Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmişik. Burada da gənclərimizin rolunu xüsusilə vurğulamaq istəyirəm. Çünki medalları qazananlar da, bizim şöhrətimizi ucaldanlar da gənclərdir. Bu Oyunların təşkilində minlərlə gənc könüllü kimi iştirak edirdi. Yəni, budur bugünkü Azərbaycan reallıqları və biz bunu qorumalıyıq. Gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər. Azərbaycanın gələcəyi onların biliyindən, savadından, Vətənə bağlılığından asılıdır".

Prezident vurğulayıb ki, bu gün Azərbaycan etibarlı əllərdədir: "Heç bir kənar qüvvə bizim iradəmizə, müstəqilliyimizə təsir edə bilməz. Nə qədər çalışsalar da bunun heç bir əhəmiyyəti yoxdur. Bizə qarşı yönələn təzyiqlər, təhdidlər, hücumlar da müstəqil siyasətimizə görədir. Bəzi qüvvələr istəyirlər Azərbaycanı özlərinə tabe etsinlər ki, biz başqalarının iradəsi ilə yaşayaq, hərəkət edək. Bu, mümkün deyil. Çünki bizim uğurlu inkişafımız ancaq müstəqil siyasətdədir. Müstəqil siyasət xalqımızın iradəsinə, milli dəyərlərimizə və maraqlarımıza əsaslanır. Bizim üçün ilk növbədə Azərbaycanın maraqlarıdır, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, rifahıdır.

Görəndə ki, bu təzyiqlər və şər-böhtan kampaniyaları səmərə vermir, başqa üsullara əl atırlar. Biz buna hazırıq, layiqli cavabımızı veririk və verəcəyik. Elə etməliyik ki, bizim uğurlu inkişafımıza heç bir kənar qüvvə mane olmasın. Əminəm ki, belə də olacaq. Çünki bu gün Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub, kifayət qədər güclü potensiala malikdir və biz ölkəmizi inamla idarə edirik".

Dövlət başçısı bildirib ki, əsas məsələ ondadır ki, gənc nəsil də bax bu milli ruhda tərbiyə alsın: "Bu, bu gün biliklə, savadla eyni əhəmiyyətə malik məsələdir. Siz müəllimlər də çalışın ki, gənclərimiz, uşaqlarımız milli ruhda tərbiyə alsınlar, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər və müstəqilliyi hər şeydən üstün bir dəyər kimi qəbul etsinlər. Xüsusilə bugünkü reallıqlar kifayət qədər əsas verir ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr etsin. Çünki bizim həm beynəlxalq müstəvidə, həm ölkə daxilində siyasətimiz, görülən işlər doğrudan da çox dəyərlidir. Vətənpərvərlik, milli ruh, milli dəyərlər - budur bizim cəmiyyətimizin əsasları. Bəzi xarici qüvvələr bu əsasları sarsıtmaq, bizi öz köklərimizdən ayırmaq istəyirlər. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli mənliyimizi, dilimizi, dinimizi, adət-ənənələrimizi qorumuşuq. Bu gün də qoruyuruq və qoruyacağıq. Bizim cəmiyyətimizin mənəvi dayaqlarını sarsıtmaq istəyənlər ölkəmizi məhv etmək istəyirlər. Budur məqsəd. Ona görə güclü milli mənəvi dəyərlər əsasında qurulmuş bugünkü Azərbaycan regionun sabitliyində də öz rolunu oynayır. Gənc nəsil Vətənə bağlı, vətənpərvər, Vətəni hər şeydən üstün tutan insanlar olmalıdır.

Bu gün biz informasiya əsrində, internet dövründə yaşayırıq. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə qalxıb. Balaca uşaqlar da internetdən bizdən yaxşı istifadə edirlər. Bütün informasiyalar da göz qabağındadır. Görün indi Avropada hansı dəhşətli hadisələr baş verir, müharibədən qaçan yazıq insanlara, qaçqınlara hansı işgəncələr verirlər. Budurmu Avropa dəyərləri?! Budurmu uzun illər bəyan etdikləri prinsiplər?! Bəs haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, mərhəmət, haradadır?! Biz bunu görmürük. Nəyi görürük, ədavət, dini, milli zəmində ədavət, ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya, faşizm, irqçilik. Budurmu dəyərlər?! Bəziləri bunları bizdə də tətbiq etmək istəyirlər. Belə dəyərlər bizə lazım deyil. Qoy, özləri üçün qalsın".

İlham Əliyev qeyd edib ki, bu gün Avropa məkanında yaşanan böhran mənəvi böhrandır, mənəvi sarsıntıdır: "Avropa dəyərləri demək olar ki, onların bəyan etdikləri kimi görünmür, biz bunu görmürük. Ona görə, bu gün dünya dəyişir, beynəlxalq hüquq pozulur, bəzi ölkələr və dairələr iç üzlərini açırlar, daha pərdələnə bilmirlər. Ona görə, biz buna hazır olmalıyıq. Milli dəyərlər, mənəviyyat, vətənpərvərlik, ləyaqət, milli qürur - budur bizim dəyərlərimiz. Biz bu dəyərləri qoruyacağıq və bizə qarşı aparılan kampaniyalara layiqli cavabımızı veririk və verəcəyik. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə, bizi müstəqillik, azadlıq yolundan döndərə bilməz. Mən xüsusilə bu gün bunu Bilik günündə deyirəm ki, gənclər də eşitsin, siz də, bütün Azərbaycan gəncləri, bütün Azərbaycan ictimaiyyəti bunu bilsin. Biz ölkəmizi qoruyacağıq və Azərbaycan xalqının seçimini müdafiə edəcəyik. Bizim seçimimiz isə inkişaf, tərəqqi, sabitlik, xoş niyyət, xeyirxahlıqdır. Budur Azərbaycan dəyərləri - bəyan etdiyimiz və həyatda gördüyümüz dəyərlər.

Ona görə, mən əminəm ki, qarşımızda duran bütün vəzifələri uğurla icra edəcəyik. Bizim iradəmiz, güclü iqtisadi imkanlarımız və müstəqil siyasətimiz var. Belə gözəl əsərləri biz yaradırıq və yaradacağıq ki, bizim uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər də yaxşı yerlərdə işləsinlər. Sizi bir daha təbrik edirəm".

Məktəbin direktoru Esmira Babayeva deyib: "Biz çox şadıq və həqiqətən çox sevinirik ki, Sizin göstərişiniz əsasında çox qısa müddətdə belə bir gözəl, əzəmətli məktəb binası şagirdlərimizin istifadəsinə verilib. Biz kollektivimiz adından Sizi əmin edirik ki, bundan sonra da məktəbimizin göstəricisi zirvələrə qalxacaq".

Prezident İlham Əliyev: "Çox sağ olun!"


Müəllif:

Oxşar xəbərlər