Birləşmiş Ərəb Əmirlikləri Dubay Əmirliyinin Dəniz Limanları, Gömrük və Cəbəl Əli Azad Zona Komitəsinin sədri Sultan Əhməd Sultan bin Sulayemin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 16-dan Azərbaycanda səfərdədir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 17-də qonaqlar Azərbaycan-Rusiya sərhəddində Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postuna baş çəkiblər.
Qonaqlara məlumat verilib ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilib. Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Bütün yüklər aparatın monitorunda aydın görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Gömrük-buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilib.
Diqqətə çatdırılıb ki, burada ixrac və idxal gömrük nəzarəti xətləri vardır. Gömrük-buraxılış məntəqəsində “bir pəncərə” sistemi tətbiq edilir. Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür.
Xatırladaq ki, Dubay nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 18-dək davam edəcək.
Naibə QURBANOVA