Serj Sarkisyanın cinayətkar rejiminə və Ermənistanda korrupsiyaya qarşı fəaliyyətinə görə, Ermənistanın “Milli Azadlıq Hərəkatı” ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyana hakimiyyət tərəfindən təzyiq göstərilib.
Bunu V.Martirosyan bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Sarkisyan rejimi öz qazancı üçün Azərbaycanın simasında düşmən obrazı yaradır və ölkə iqtisadiyyatını iflasa uğradıb.
V.Martirosyan mətbuat konfransında Ermənistanda təqiblərə və təzyiqlərə məruaz qalmasından da danışıb:
"Mənim Ermənistanda təqib olunmağıma səbəb ictimai və hüquq müdafiəçisi kimi fəaliyyətlə məşğul olmağımdır. Məsələnin pik həddə çatması isə bu il avqustun 14-də Sarkisyanın yaxın dostunun mənə öz evimdə hücum etməsi oldu, ailəmin və yaşlı anamın qarşısında döyüldüm. Həyat yoldaşım döyülərək uşağımızı itirdi. Anama təzyiqlər başladı. Müxtəlif tibbi idarələrin əli ilə bizim döyülməməyimiz barədə saxta sənədlər hazırlandı”.
Xatırladaq ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.
V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.