22 Sentyabr 2015 10:26
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş 10 sentyabr tarixli qətnamə ikili standartlar siyasətinin bariz nümunəsidir. Bu sənəd qərəzli, destruktiv və bəzi siyasi dairələrin sifarişlərinə və maraqlarına uyğun ölkəmizə qarşı aparılan və sistemli xarakter almış təzyiq kampaniyasının davamıdır”.

Teleqraf.com Ədliyyə Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov İsveçrənin Sürix şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 20-ci yubiley İllik Konfransında bildirib.

İsveçrənin Sürix şəhərində BPA-nın Senatının və İcraiyyə Komitəsinin iclasları və BPA-nın 20-ci yubiley İllik Konfransı və Ümumi Yığıncağı keçirilib.

Məlumatda qeyd olunur ki, tədbirlərdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun və Baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi Prokurorluğun və Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Senatın iclasında ədliyyə naziri, BPA-nın senatoru və fəxri üzvü Fikrət Məmmədov iştirak edib. İclasda qurumun gələcək inkişaf perspektivləri müzakirə edilib, Azərbaycanın BPA-nın yaradılmasında və sonrakı inkişafında rolu və töhfələri xüsusi vurğulanıb.

İcraiyyə Komitəsinin iclasında Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Komitə üzvü Kamran Əliyev iştirak edib. İclas zamanı cari il ərzində BPA-nın tədbirlərində Azərbaycandan olan fərdi üzvlərinin fəal iştirakı barədə məlumat verilib, gündəlikdə duran təşkilatı məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

İllik Konfransda dünyanın 100-dən çox dövlətindən 500 nəfərin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, mötəbər beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Tədbirin təntənəli açılış mərasimində İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa və BPA-nın prezidenti Qerhard Yaroş çıxış edərək korrupsiya ilə mübarizədə prokurorların vacib rolunu qeyd ediblər, Assosiasiyanın 20 illik tarixinə nəzər salınıb.

Qeyd olunmalıdır ki, hələ 2002-ci ildə Təşkilatın İcraiyyə Komitəsinin iclası uğurla Bakıda keçirilib, onun üzvləri ümummilli liderimiz Heydər Əliyev tərəfindən qəbul olunub, BPA-nın rəhbərləri Azərbaycana dəfələrlə səfər ediblər.

İllik Konfransda korrupsiyaya, çirkli pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, cinayət yolu ilə əldə edilmiş əmlakın qaytarılması, beynəlxalq əməkdaşlıq, müasir İKT-lərin tətbiqi və digər aktual məsələlər müzakirə edilib.

Konfransın plenar iclasında çıxış edən Baş prokuror Zakir Qaralov korrupsiyaya qarşı mübarizənin dövlət başçısı cənab İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edərək, ölkəmizin bu sahədə bütün beynəlxalq təşəbbüslərə qoşulduğunu, beynəlxalq konvensiyaların ölkə qanunvericiliyinə implementasiyasını, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atılaraq Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırıldığını diqqətə çatdırıb.

Baş prokuror həmçinin, ölkə başçısının rəhbərliyi ilə son dövrlərdə həyata keçirilmiş institusional və praktiki tədbirlər, o cümlədən respublika Prezidentinin təşəbbüsü ilə yaradılmış və Azərbaycanın brendi olan ASAN xidmətin fəaliyyəti, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyəti, “Qaynar xətt” əlaqə mərkəzinin işinin səmərəliliyi barədə ətraflı məlumat verib, habelə ölkəmizin BPA ilə bundan sonra da sıx əməkdaşlıq edəcəyini vurğulamaqla Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) Assambleyasının sədri kimi tədbirdə iştirak edən Akademiyaya üzv olmayan ölkələri qurumun işinə qatılmağa dəvət edib.

Bundan başqa, Baş prokuror çıxışında Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş 10 sentyabr tarixli qətnaməyə münasibət bildirərək ikili standartlar siyasətinin bariz nümunəsi olan bu sənədin qərəzli, destruktiv və bəzi siyasi dairələrin sifarişlərinə və maraqlarına uyğun ölkəmizə qarşı aparılan və sistemli xarakter almış təzyiq kampaniyasının davamı olduğunu qeyd edib.

Qeyd olunmalıdır ki, bu qətnamə ilə bağlı ölkəmizin nümayəndə heyəti adından müvafiq bəyanat tədbir iştirakçıları arasında yayılıb.

Bəyanatda qeyd olunmuşdur ki, son zamanlar Azərbaycan Respublikasında bir sıra iqtisadi, vergidən yayınma və vəzifə cinayətləri törətmiş qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər şəxslərin fəaliyyəti istintaq orqanları tərəfindən ifşa edildikdə və məhkəmələr tərəfindən qanunla nəzərdə tutulmuş qaydada qərarlar qəbul edildikdə bəzi beynəlxalq qurumlar tərəfindən subyektiv mülahizələrə əsaslanan birtərəfli və qərəzli münasibət bildirilir. Avropa Parlamenti kimi mühüm bir təsisat tərəfindən məhkəmə və istintaq orqanlarının fəaliyyətinin əsasını təşkil edən qanunun aliliyi və ədalət mühakiməsinə müdaxilənin yolverilməzliyi kimi mühüm prinsiplərə riayət etmədən 10 sentyabr 2015-ci il tarixdə Azərbaycan haqqında belə qətnamənin tələsik qəbul edilməsi təəccüb hissi doğurduğu bildirilib.

Azərbaycan nümayəndə heyəti bildirib ki, bu kimi hərəkətlər istintaqın və məhkəmənin obyektiv aparılmasına süni əngəllər yaratmaqla bərabər beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradır, həmçinin Azərbaycan Respublikası Avropa İttifaqına daxil olmadığı halda Azərbaycan dövlətinə, xalqımızın milli və mənəvi dəyərlərinə qarşı yönəlməklə ölkənin daxili işlərinə müdaxilə və ədalət mühakiməsinə təzyiqdir, Avropa İttifaqı-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlığa və bu əlaqələrin gələcəyinə kölgə salır.

Eyni zamanda bəyan edilib ki, Azərbaycan Respublikasında söz azadlığı, internet azadlığı və jurnalistlərin azad və normal fəaliyyətinin dövlət tərəfindən ən yüksək səviyyədə təmin edilməsinə baxmayaraq konkret jurnalistin döyülməsi nəticəsində ölməsi cinayət hadisəsinin siyasiləşdirilməsi təəccüb hissi doğurur.

Qeyd olunub ki, həmin cinayət hadisəsi törədildikdən dərhal sonra istintaq orqanları tərəfindən cinayəti törətmiş 6 şəxs həbs edilib. İstintaqla müəyyən edilib ki, bu cinayət müxbirin sosial şəbəkələrin birində ifadə edilib və şəxsi qərəzliyə səbəb olmuş fikirlərinə görə törədilmiş və siyasətlə heç bir əlaqəsi olmayıb.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti vurğulamışdır ki, istənilən ölkədə qeyri-hökümət təşkilatlarının fəaliyyəti şəffaf şəkildə və həmin ölkənin qanunlarına uyğun həyata keçirilməlidir.

Bəyan edilmişdir ki, bəzi dövlətlər öz maraqlarına uyğun olaraq məqsədli şəkildə yaradılmış və ümumi qəbul edilmiş tələbləri, o cümlədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozmaqla fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının fəaliyyətini maliyyələşdirir, onlara qrant adı altında maliyyə dəstəyi göstərir ki, bu da son nəticədə vergidən yayınma, mənimsəmə cinayətlərinin törədilməsinə və digər neqativ hallara səbəb olur. Aparılmış yoxlamalarla müəyyən edilib ki, bir sıra hallarda qeyri-hökümət təşkilatları qrant adı altında alınmış pulların mənimsənilməsi məqsədilə müxtəlif korrupsiya sxemləri qurub, həmin dövlətlərin vergi ödəyicilərinin maraqlarına zidd olaraq şəxsi məqsədləri üçün istifadə ediblər.

Vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası bu sosial bəlaya qarşı səmərəli mübarizənin ümuməhatəli və çoxşaxəli xarakter daşımaqla, dövlət sektoru ilə yanaşı bütün sahələrdə, o cümlədən özəl və qeyri-hökümət təşkilatlarında aparılmasını tələb edir. Lakin Azərbaycan dövləti tərəfindən görülən bu tədbirlər bəzi dairələrdə anlaşılmaz narazılığa səbəb olur.

Nümayəndə heyəti bəyan edib ki, Azərbaycan Respublikasının Avropa Şurasının üzvü olmaqla Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyası altında olduğu və qeyd olunan əməllərə hüquqi müstəvidə yekun qiymət verilmədiyi halda hər hansı şəxsin təqsirinin olub-olmaması barədə səsləndirilən fikirlər ən azından təəssüf hissi doğurur.

Bu fikirlər, həmçinin digər iclaslarda, habelə nümayəndə heyəti tərəfindən keçirilən bütün görüşlərdə və danışıqlarda səsləndirilib.

Bildirilməlidir ki, bir çox dövlətlərin nümayəndələri ikili standartların tətbiqindən təəssüflərini bildirərək, Azərbaycan həqiqətlərini reallığa uyğun qəbul ediblər.

Konfransın anti-korrupsiya məsələlərinə həsr olunmuş xüsusi sessiyasına rəhbərlik edən K.Əliyev çıxış edərək BPA tərəfindən yeni yaradılmış anti-korrupsiya veb-saytı, saytın fəaliyyətinə qoşulmuş və qoşulacaq nümayəndələrdən ibarət Anti-korrupsiya forumu barədə ətraflı məlumat verib. Sessiya iştirakçıları dünya prokurorları üçün ilk dəfə olaraq yaradılmış anti-korrupsiya saytının məhz Azərbaycan Prokurorluğu tərəfindən hazırlanmasını xüsusi qiymətləndiriblər.

Vurğulanmalıdır ki, Azərbaycanın təcrübəsi tədbir iştirakçılarının böyük marağına səbəb olub, BPA-nın prezidenti Qerhard Yaroş çıxış edərək diqqəti şəxsən şahidi olduğu ASAN xidmətin fəaliyyətinə cəlb edib, xarici dövlətləri onun təcrübəsi ilə yerində tanış olub ölkələrində tətbiqinə çağırıb.

BPA-nın ali orqanı olan Ümumi Yığıncaqda qurumun rəhbər orqanlarına seçkilər keçirilib, növbəti İllik Konfransın 2016-cı ilin sentyabr ayında İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində keçirilməsi qərara alınıb.

Tədbir zamanı Azərbaycan rəsmiləri Assosiasiyanın prezidenti Qerhard Yaroş, həmçinin İsveçrənin Baş prokuroru Maykl Lauber, Rusiyanın Baş prokuroru Yuri Çayka, eləcə də Qazaxıstan, Ukrayna, Albaniya, Çin, Səudiyyə Ərəbistanı, Bəhreyn və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.

Konfrans çərçivəsində Azərbaycan Respublikasında son 10 il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar, bukletlər və Baş prokurorun çıxışının mətni tədbir iştirakçılarına paylanıb.

Tədbirdə ölkəmizin İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı da iştirak edib.

Qeyd edək ki, 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyana ofisində təsis edilərək akkreditasiyadan keçmiş, dünya prokurorlarının yeganə qlobal təşkilatı olan 140-dan çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə ölkəmiz uğurlu əməkdaşlıq edir.

Azərbaycan Respublikası təşkilat yarandığı vaxtlardan onunla işgüzar münasibətlər qurmuş, Baş Prokurorluq və Hərbi Prokurorluq Assosiasiyaya təşkilati üzv kimi qəbul edilmiş, ölkəmizin nümayəndələri uzun illərdir Assosiasiyanın rəhbər qurumları olan Senatda və İcraiyyə Komitəsində Azərbaycanı layiqincə təmsil edirlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər