26 Sentyabr 2015 01:59
287

Dövlət Baytarlıq Nəzarəti Xidməti reydlərə başlamışdır.

Sentyabrın 24-25-də qeyd edilən Qurban bayramı günlərində kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun əmrinə əsasən müəyyən edilmiş daimi kəsim məntəqələrində, eləcə də Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş heyvan satışı və kəsimi aparılan yarmarkalarda nəzarətin təmin edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə Teleqraf.com-a Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinindən (DBX) məlumat veriblər.

Bayram günlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti nümayəndələri heyvanların satışı və kəsimi yerlərində baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasına nəzarəti yüksək səviyyədə həyata keçirirlər.

Lakin bayram günləri Bakı şəhərində ayrı-ayrı vətəndaşlar tərəfindən icazə verilməmiş bəzi yerlərdə qanunsuz heyvan kəsimləri aparılmış və baytarlıq-sanitariya qaydaları pozulmuşdur. Belə halların qarşısını almaq məqsədi ilə kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun göstərişinə əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən qruplar yaradılaraq Bakı Şəhər Baytarlıq İdarəsi ilə birlikdə sentyabrın 25-dən reydlərə start vermişdir.

Reyd zamanı icazə verilməmiş yerlərdə qanunsuz heyvan kəsiminin qarşısı alınmış və baytarlıq-sanitariya qaydalarını pozan ayrı-ayrı şəxslər haqqında ciddi inzibatı tədbirlər görülmüşdür. Eləcə də qanun pozuntularının qarşısı alınmış, heyvan satışı və kəsimi yerlərində dezinfeksiya işləri həyata keçirilmişdir.

Növbəti günlərdə də reydlər davam etdiriləcək, qanunsuz kəsimlə məşğul olan, baytarlıq-sanitariya qaydalarını pozan şəxslər haqqında ciddi inzibati tədbirlər, cərimə sanksiyaları tətbiq olunacaqdır. Bu tədbirlərin aparılması Kənd Təsərrüfatı Nazirliyinin nəzarətindədir.


Müəllif:
Загрузка...