Ağdamın Qaradağlı kənd sakini Bəhram Bağırovun düşmən tərəfindən öldürülməsi və bundan əvvəl Tərtərdə toy məclisinin atəşə tutulması Ermənistanın əsl mahiyyətini- alçaqlığını və rəzilliyini bir daha nümayiş etdirdi.
Teleqraf.com-un məlumatına görə, bunu mətbuata açıqlamasında ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, millət vəkili Azay Quliyev deyib.
A.Quliyevin sözlərinə görə, bu, həm də Azərbaycan ordusunun sarsıdıcı zərbələrinə tab gətirməyən və çoxlu sayda itgi verən işğalçı ordunun düşdüyü çarəsiz və gərgin psixoloji durumun göstəricisidir:
“Görünür əsgərlərimizin qarşısında aciz qalan ermənilər mülkü əhaliyə atəş açmaqla qisas almağa çalışırlar. Mülkü əhaliyə atəş açmaq isə bütün beynəlxalq konvensiyalarla qadağan olunur və yolverilməzdir. Ona görə də Ermənistanın bu hərəkətinə beynəlxalq qurumlar, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri təcili münasibət bildirməli və onu qəti şəkildə pisləməlidirlər”.