Qarabağ Azadlıq Təşkilatı (QAT) nümayəndə heyəti Türkiyəyə səfəri Qars şəhərində davam etdirib.
QAT-dan verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə “Şəhid və Qazi Ailələri Yardımlaşma və Dayanışma” dərnəyində olub. Dərnəyin rəhbəri Möhsün Akçay rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. QAT sədri Akif Nağı səfərin məqsədindən danışıb, dərnəyə Qarabağ həqiqətlərinə dair “Qarabağ müharibəsi. Qısa tarix”, “Xocalı soyqırımı”, “Quba məzarlığı – erməni cinayətlərinin qanlı izi”, “Qarabağ gündəliyi” və digər kitabları, həmçinin, “Yaddaş” sənədli filminin nüsxələrini təqdim edib.
QAT-ın Türkiyə təmsilçiliyinin rəhbəri Cəfər Dal iki ölkənin ümumi problemləri, birgə mücadilə təcrübəsi, görüləcək işlər barədə danışıb.
Nümayəndə heyəti daha sonra Türkiyənin tanınmış ictimai-siyasi xadimi, Azərbaycanın vurğunu Turqut Zamanı ziyarət edərək, maraqlı və səmərəli müzakirələr aparıblar. Daha sonra Qars Bələdiyyə başqanı Murtaza Qaraçanta ilə görüşüblər. Görüşdə bələdiyyə başqanına səfərin məqsədi ilə bağlı məlumat verilib, Qarabağ həqiqətlərinə dair kitablar, “Yaddaş” sənədli filminin nüsxələri təqdim olunub.
Səxavət