Müasir ermənilərin (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına sonradan – Şərqi Anadoluya köçüb gədikdən sonra sahib çıxdıqları elmi mənbələr əsasında sübuta yetirilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutundan Teleqraf.com-a verilən məlumata görə, institutun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ingilis dilində çap olunub. "Real history and confabulation on “Great Armenia” adlı kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına sonradan – Şərqi Anadoluya köçüb gədikdən sonra sahib çıxıblar.
Kitabda qeyd edilir ki, tarixdə heç zaman “Böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.
Əsərin birinci bölməsi "Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər" adlanır və bu bölmə ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına qarşı kəskin cavabdır. Kitabda uydurma "Erməni yaylası" ("Armyanskoye naqorye") coğrafi anlayışına ayrıca bölmə həsr olunub: “Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt "Böyük Ermənistan" adlı dövlətin olmadığının isbatına həsr olunub”.