7 Oktyabr 2015 13:01
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarif Şurasının sonuncu iclasında daha 1126 dərman vasitəsinin qiyməti təsdiqlənib. Bunlardan Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 47 dərman vasitəsinin qiyməti 2015-ci il 6 oktyabr tarixindən, yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiyməti isə 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcək.

Xatırladaq ki, indiyədək 2183 dərman vasitəsinin qiyməti tənzimlənib ki, bununla da satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 53 faiz dərmanın qiyməti 2 dəfədən çox, 28 faiz dərmanın qiyməti 3 dəfədən çox aşağı salınıb.

Ümumilikdə satışda olan dərman vasitələrinin 98 faizi üzrə qiymətlər endirilib.

Şuranın müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.
Bununla yanaşı, daha 135 təsiredici maddəyə aid dərman vasitələri üzrə sənədlərin (bəyannamələrin) qəbulu elan edilib və oktyabrın 20-si sənədlərin qəbulu üçün son tarix olaraq müəyyən edilib.

Dərman axtarışında olan xəstələr...

Ölkədə bəzi dərmanlara vahid qiymət tətbiqindən sonra apteklərdə dərman qıtlığı müşahidə olunur. Alıcılar apteklərə müraciət edərkən onlara lazım olan dərmanları tapmamaqdan şikayətlənirlər. Bəzən isə dərmanlar əvvəlki günlərlə müqayisədə daha baha satılır. Paytaxtın bir sıra apteklərinə baş çəkib vəziyyətlə maraqlandıq.

Abay Kunanbayev küçəsindəki “Butafarm”a məxsus aptekdə rastlaşdığımız paytaxt sakini Rəhilə Məmmədova deyir ki, bir aydır şəhərin bütün apteklərini gəzir, həmişə aldığı “Rileys plyus” preparatını tapa bilmir: “Apteklərdə dərmanın nə vaxt olacağını da demirlər. Moskvadan gələn tanış vardı, ona tapşırdım, aldı. İndi bitmək üzrədir, bizdə isə hələ də yoxdur. Əvvəl bütün apteklər dolu idi, qiyməti də elə baha deyildi, 6-7 manat arasında olurdu. Amma qiymət söhbətindən qonra dərmanlar qəhətə çəkilib”.

Müsahibimiz axtardığı “Drapolen” mazı, “Zinc Omega”nı da tapa bilmədiyini dedi.

...Hamısı eyni söz deyən əczaçılar

Qadının adını çəkdiyi dərmanları qeyd edib, 7 və 8-ci mikrorayon ərazisindəki əksər apteklərə baş vurduq. Yalnız Cəfər Xəndan küçəsində yerləşən “Elite” aptekindən “Zinc Omeca”nı tapa bildik. Elə həmin küçədə “Buta” və “Zeytun” apteklərininin əczaçıları ilə söhbət zamanı öyrəndik ki, yoxa çıxan təkcə bizim axtardığımız dərmanlar deyil. “Akineton”, “Fenazepam ”və daha bir neçə dərmanların apteklərdə tapılmaması barədə məlumat aldıq.

Əczaçılar hamısı bir ağızdan bildirdilər ki, həmin dərmanları axtarmağa dəyməz, çünki gətiriləcəyi ilə bağlı da bir söz deyilməyib.

Bəlkə dərman anbarlarında olar deyə, Azadlıq prospektində çoxlarının yaxşı tanıdığı dərman depoları deyilən apteklər şəbəkəsinə üz tutuduq. Lakin burada da baş çəkdiyimiz 4 aptekdən heç birində preparatları tapa bilmədik.

Özünü ərazidəki “Elnur” aptekinin müdiri kimi təqdim edən Hüseyn Qasımov bildirdi ki, ilin sonuna kimi müəyyən dərmanların defisit olması qaçılmazdır. Çünki qiymət islahatı ən azı ilin sonuna kimi davam edəcək.

Tapılmayanı eynitərkibli ilə əvəzləməli

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən bildirirlər ki, satışda olmayan bəzi dərmanların qiymətini Tarif Şurası tənzimləmədiyindən, bəziləri isə ümumiyyətlə satışdan çıxarıldığına görə tapılmır: “Məsələn, ”Akineton" Azərbaycanda istehsalçı şirkət tərəfindən dövlət qeydiyyatından keçməyib, ona görə də bu dərman vasitəsini istehlakçılara almamaq tövsiyə olunur. Amma müalicə həkiminin məsləhəti ilə bu preparatın alternativi kimi dövlət qeydiyyatına alınmış və parkinson xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizliyi təsdiqlənmiş “Trihexyphenidyl”, “Carbidopa” və “Levadopa” tərkibli dərman vasitələrindən istifadə etmək olar".

Fenazepam preparatının isə psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışının yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə satıldığını bildirdilər.

“Alflutop”u isə “Chondroitin sulfat”, “Glucosamine sulfat” və “Alendronic acid” tərkibli dərman vasitələri ilə əvəzləməyi tövsiyə edirlər. Nazirlikdən deyirlər ki, dərman sahəsindəki islahatlar satışda daha keyfiyyətli və effektiv dərman preparatlarının olmasına şərait yaradacaq.

“Ölkədə dərman qıtlığı yoxdur”

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyir ki, hazırda konkret olaraq Azərbaycanın dərman bazarında tərkiblə, təsiredici maddə ilə bağlı qıtlıq yoxdur. Onun sözlərinə görə, apteklərdə bir təsiredici maddə üzrə müxtəlif ölkələrin, müxtəlif istehsalçıların dərmanları var: “Hər hansı bir ticari adla dərmanın aptekdə olmaması o demək deyil ki, dərman bazarında qıtlıq var. Dərman konkret adla olmaya bilər, ancaq təsiredici maddə üzrə nə qədər dərman preparatı var. Sadəcə, əczaçıya təsiredici maddəni deməklə bir neçə ölkənin, bir neçə istehsalçının istehsal etdiyi dərmanları almaq mümkündür”.

Pərviz Əzizbəyov qeyd edib ki, artıq Səhiyyə Nazirliyi tərəfindən həkimlərə reseptlərdə dərman vasitəsinin adı ilə birgə təsiredici maddəni də yazmaq tövsiyə olunub: “Bu ona görə tövsiyə edilib ki, problemlər ortaya çıxmasın”.

Pərviz Əzizbəyov bildirib ki, hazırda satışda olan dərmanların 98 faizi ölkəyə idxal edilir, 2 faiz dərman vasitəsi isə ölkədə istehsal olunur.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər