“İqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ ciddi nəticələrə nail ola bilməmişik, həm istehsalda, həm də idxalda. Burada da, bilmirəm bu nə psixologiyadır ki, düşünürlər, əgər mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun”.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zaman deyib.
Dövlət başçısı qeyd edib ki, rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz:
“Qoy, hər kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Biz buna çox ciddi hazırlaşırıq. Burada artıq deyildi ki, biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun. Burada isə əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax, budur. Ona görə bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!”.
Prezident əlavə edib ki, bu il “Kənd təsərrüfatı ili”dir: “Qeyd etdiyim kimi, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. Kənd təsərrüfatının inkişafı, artımı həm sosial, həm də iqtisadi sahədir. Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Burada artıq qeyd edildi ki, 30 iri fermer təsərrüfatı yaradılmışdır, 40 min hektar yeni torpaq sahəsi dövriyyəyə buraxılmışdır. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında hər hektardan 50-60 sentner məhsul götürülür. Bu, çox yüksək göstəricidir. Nəzərə alsaq ki, son illərə qədər bizdə orta məhsuldarlıq 25-26 sentner idi. Bu il isə orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Bu da rekord göstəricidir. Ona görə, ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün əlavə tədbirlər görüləcək. İndi yeni əkin sahələri dövriyyəyə buraxılacaq. Yaradılmış iki böyük su anbarının – Taxtakörpü və Şəmkirçay su anbarlarının hesabına on minlərlə hektar torpağa suyun verilməsi nəzərdə tutulur. İqtisadiyyat və Sənaye Nazirliyi işləyir, biznes plan hazırlanır. Özəl qurumlar da buna maraq göstərsinlər. Yeni yaradılacaq əkin sahələrində məhsullar yetişdiriləcək və onların böyük hissəsi ixrac edilməlidir.
Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır. Qeyd etdiyim kimi, Azərbaycanda qeyri-neft sənayesi 10,2 faiz artmışdır. Texnoparklar salınır. Bu da öz səmərəsini verir. Sumqayıt Kimya Sənaye Parkında 1 milyard dollar dəyərində sərmayə qoyuluşu gözlənilir. Artıq işlər başlayıb. Bizim bütün rayonlarımızda xüsusi sənaye zonaları yaradılmalıdır. Artıq pilot layihəsi həyata keçirilir, əminəm ki, uğurlu olacaq”.
İlham Əliyev deyib ki, infrastruktur layihələrinin davam etdirilməsi nəzərdə tutulur: “Kənd yolları, qazlaşdırma, içməli su layihələri - bütün rayonlarda bu proseslər geniş vüsət almışdır. Ceyranbatan su anbarında yeni təmizləyici qurğunun artıq istismarı gözlənilir. Bu da çox böyük layihədir. Bir neçə il bundan əvvəl mənim iştirakımla o layihənin təməl daşı qoyulmuşdur. Bu gün artıq demək olar ki, bu layihə hazırdır. Bakını təmiz, içməli su ilə təmin etmək üçün bu layihənin əvəzsiz rolu olacaqdır. Eyni zamanda, sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Məktəb, xəstəxana, uşaq bağçası – bu, daim diqqət mərkəzindədir. Gələn ilin dövlət investisiya proqramında bu layihələr nəzərdə tutulmalıdır.
Dərman preparatları bazarında çox ciddi dönüş yaradılmışdır. Dövlət bu sahəni artıq öz nəzarətinə götürüb. Əvvəlki illərdə bu, daha çox biznes sahəsi kimi qəbul edilirdi. Yəni ki, bazar var, tələbat var, təklif var. Bazar hər şeyi tənzimləyir. Ancaq bu məsələ ilə bağlı dərindən məşğul olmağa başlayanda gördük ki, burada çox böyük pozuntular var.
Bəzi dərmanların qiymətləri bir neçə dəfə şişirdilir. Keyfiyyət baxımından da bizi o qədər də qane etmir. İndi artıq yeni dövlət tənzimləmə mexanizmi tətbiq edilir. Sentyabrın 15-dən artıq insanlar bunu hiss etməyə başlayıblar. İlin sonuna qədər artıq əksər dərman preparatlarının yeni qiymətləri olacaqdır. Dərmanların keyfiyyətinə də çox böyük diqqət göstərilir. Dərmanların qiyməti aşağı düşür və düşəcək. Bu da ilk növbədə çox ciddi sosial addımdır. Digər tərəfdən, bu, o sahədir ki, orada işlər düzgün qurulmamışdır. Elə sahələr kifayət qədər çoxdur. Ona görə, hər bir sahə təhlil edilməlidir. Harada qüsurlar, çatışmayan cəhətlər var aradan qaldırılmalıdır. Dərman preparatları bazarı ilə bağlı demək olar ki, bir ilə yaxın çox ciddi iş, təhlil aparılırdı və artıq gözəl nəticə də var. İnsanlar da razıdır. Dövlət də indi bu sahəni öz nəzarətinə götürüb. Əminəm ki, idxal olunan dərmanlardan əldə ediləcək vergi, gömrük rüsumu formasında vəsait daha da böyük həcmdə olacaq. Yəni, büdcəmizə də bunun böyük xeyri olacaq”.
Dövlət başçısı vurğulayıb ki, nəqliyyat sektoru gələcək inkişafımız üçün çox mühüm əhəmiyyət kəsb edir:
“Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçməlidir. Bu gün Azərbaycan ərazisindən yük daşımaları aparılır, ancaq bəzi hallarda yüklərin həcmi azalır. Bunun obyektiv səbəbləri var. İndi biz onu da qeyd etməliyik. İndi dünyada böhran yaşanır, həm Asiyada, həm Avropada, ümumiyyətlə, iqtisadi fəallıq böyük dərəcədə aşağı düşüb. Asiya, Avropa bizim ərazimiz vasitəsilə ticarət aparır. Ona görə, obyektiv səbəblər də, subyektiv səbəblər də var.
Biz son illərdə çalışmışıq ki, Azərbaycanda nəqliyyat, logistika mərkəzini yaradaq və buna böyük dərəcədə nail ola bilmişik. Yeni gəmilər, bərələr, tankerlər, yük gəmiləri, yeni yük təyyarələri alınmışdır. Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. Dəmir yolunun inkişafı ilə bağlı tədbirlər görülür. Bizi qonşu ölkələrlə bağlayan avtomobil yolları tikilmişdir. Əfsuslar olsun ki, hələ bu layihələr tam başa çatmayıb. Ancaq onların böyük hissəsi görülübdür. Əlbəttə yeni Beynəlxalq Dəniz Ticarəti Limanı tikilir. Bu da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq. Yəni, bu, dövlət vəsaiti hesabına görülən işlərdir. Burada heç bir özəl vəsait qoyulmayıb. İndi, bəzi hallarda kreditlər verilib. Amma bu kreditləri də dövlət ödəyir. Dövlət öz siyasətini göstərib. Ancaq bununla bərabər, burada koordinasiya işləri aparılmalıdır. Ona görə ki, Şimal-Cənub dəhlizi bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən daşınması deməkdir. Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək”.
Prezident bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, əfsuslar olsun ki, hələ başa çatmayıb:
“Halbuki bu layihənin başlamasından səkkiz il keçir. 2007-ci ildə biz üç ölkə bu layihəyə start verdik. Qeyd etdiyim kimi, Azərbaycanın məsuliyyəti çərçivəsində olan məsələlər öz həllini tapdı. İndi Türkiyə ərazisində qalan işlər də görüləcəkdir. Biz bu yolu tezliklə işə salmalıyıq. Çünki indi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən xahiş edəcək. Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır. Bu məsələ ciddi təhlil edilməlidir və burada vahid tarif siyasəti aparılmalıdır. Çünki bizdə Xəzər Gəmiçiliyinin, Dəmir Yolunun, limanın hərəsinin öz korporativ maraqları var. Amma bunlar ölkənin maraqları ilə uzlaşır? Yox, uzlaşmır! Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin. Bu, məsələnin bir hissəsidir. Bunu biz yaratmalıyıq və artıq göstərişlər verilib. Burada çox ciddi koordinasiya işləri aparılmalıdır. Yaxın vaxtlarda mənə konkret təkliflər veriləcəkdir. Digər məsələ ondan ibarətdir ki, biz gərək gedək o yükləri gətirək. Biz gərək deyək ki, gəlin Azərbaycan ərazisindən keçin. Ona görə, burada bu iki amil çox ciddi məna daşıyır. Əminəm ki, burada qarşıya qoyduğum vəzifələr tezliklə öz həllini tapacaq.
Biz son vaxtlar şəhər nəqliyyatı ilə bağlı çox ciddi addımlar atmışıq. Yeni şirkət yaradılıbdır. “BakuBus” avtobusları ən yüksək səviyyəyə malikdir. Dünyanın bəlkə də ən gözəl, ən müasir avtobuslarıdır. Bunu da biz etmişik ki, insanlar ictimai nəqliyyatdan rahat istifadə etsinlər. Hesab edirəm ki, “BakuBus”ın fəaliyyəti genişləndirilməlidir. Çünki indi digər xidmətlərlə müqayisədə əlbəttə ki, insanlar “BakuBus”a üstünlük verir. Ona görə, hesab edirəm ki, gələn ilin dövlət büdcəsində də yeni avtobusların alınması üçün müəyyən vəsait nəzərdə tutulmalıdır. Biz hər il əlavə avtobuslar almaqla “BakuBus”ın fəaliyyətini daha da genişləndirə bilərik.
Metro tikintisi gedir. Əminəm ki, biz gələn il yeni stansiyaların açılışını qeyd edəcəyik. Bakı-Sumqayıt şəhərlərarası qatarlar da fəaliyyətə başlayıb. Müasir qatarlardır, yeni dəmir yolu xətləri çəkilib. Bütün bunlar insanların rahatlığı üçündür”.
Dövlət başçısı vurğulayıb ki, Birinci Avropa Oyunlarından sonra Azərbaycana maraq daha da artır:
“Əminəm ki, bu, turizm sektorunda da özünü göstərəcək. Turistlərin cəlb edilməsi siyasəti də aparılmalıdır. Biz yenə də burada daha çox fəal olmalıyıq. Birinci Avropa Oyunları ölkənin bir təqdimatı idi. Biz Azərbaycanı bütün Avropaya, dünyaya müasir, gözəl, inkişaf edən ölkə kimi tanıtdıq. Bakını isə dünyanın ən gözəl şəhərlərindən biri kimi tanıtdıq. Əlbəttə ki, bizə maraq daha da artır. Gələn il “Formula-1” yarışması da, - bu da miqyasına görə bəlkə də dünyada birinci, ya ikinci yarışmadır, - əlavə diqqət cəlb edəcək. Bu, gözəl imkanlardır ki, biz xarici turistləri Azərbaycana cəlb edək. Bu proses gedir, ancaq daha da sürətlə gedə bilər.
Nəhayət, gələn il “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı çox ciddi işlər görülməlidir. Artıq praktiki inşaat işləri başlayır. Bu da koordinasiya tələb edir. Burada bütün qurumlar elə işləməlidir ki, bir gün də yubanma olmasın. “Cənub” qaz dəhlizi Azərbaycanın təşəbbüsü və qonşu ölkələrin fəal iştirakı ilə reallaşan böyük transmilli layihədir. Bu layihə Azərbaycanın uzunmüddətli maraqlarını təmin edəcək. Siyasi, iqtisadi, enerji maraqlarını təmin edəcək, Azərbaycanı dünya üçün daha da önəmli ölkəyə çevirəcək və mən çox şadam ki, “Cənub” qaz dəhlizinin bütün iştirakçıları, bütün ölkələr burada bir mövqedədirlər. Bilirsiniz ki, Azərbaycanın təşəbbüsü ilə bu ilin fevral ayında “Cənub” qaz dəhlizinin birinci Məşvərət Şurası da Bakıda keçirilmişdir. Şuranın qəbul etdiyi bəyannamə də Azərbaycanın liderlik rolunu bir daha təsdiqləyir. Bu, böyük şərəfdir, böyük məsuliyyətdir. Bu günə qədər bizim təşəbbüsümüzlə icra edilən bütün layihələr uğurla nəticələnib. Əminəm ki, “Cənub” qaz dəhlizi də Azərbaycanın növbəti qələbəsi olacaqdır. Sağ olun”.