16 Oktyabr 2015 11:50
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən 2003-cü ilin 15 oktyabrında İlham Əliyevin qalibiyyəti ilə başa çatan Prezident seçkisinin 12 ili tamam olub.

Qeyd edək ki, 2013-cü il oktyabrın 9-da Azərbaycanda növbəti dəfə Prezident seçkisi keçirilib, 10 ildir ölkəmizə başçılıq edən İlham Əliyev seçicilərin 3 milyon 126 min 612 nəfərinin, yaxud 84,55 faizinin səsini alaraq üçüncü müddətə ölkə Prezidenti seçilib. Beləliklə, dünən Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başlamasından 12 il ötüb.

Bu illər ərzində Azərbaycan Prezidentinin fəaliyyətində Azərbaycan insanının rifahının yaxşılaşması, onun sosial problemlərinin həlli, eləcə də ölkənin dünyadakı mövqelərinin gücləndirilməsi prioritet təşkil edib. Prezident İlham Əliyev sosial sahəyə, əhalinin sosial rifah halının yaxşılaşmasına hər zaman yüksək qayğı və diqqət göstərib. Heç də təsadüfi deyil ki, 2003-cü ildə “mən bütün azərbaycanlıların Prezidenti olacağam” söyləyəndə cənab Prezident məhz bunu nəzərdə tuturdu ki, bütün azərbaycanlıların istər sosial müdafiəsi, istərsə də digər problemləri cənab Prezidentin problemidir. Bu mənada oktyabrın 15-i cənab Prezidentin fəaliyyətini küll halında götürüb müzakirə etmək üçün ən əlverişli gündür. Sözsüz ki, cənab Prezident bu illərin hər birində gördüyü işlərin davamını həyata keçirib. Bu, böyük bir siyasi xətdir və qarşıya qoyulub ki, 2020-ci ildə Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olsun.

Bəs, Prezident İlham Əliyevin ötən 12 ildəki fəaliyyəti nə cür qiymətləndirilir?

“Azərbaycanın üstün cəhətlərinin Avropa cəmiyyətinə çatdırılmasında mühüm işlər görmüşdü”

Bu məqsədlə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalıya müraciət etdik. Müsahibimiz bildirib ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə, istiqamətlərdə yüksək inkişaf mərhələsinə qədəm qoyub, Azərbaycan dövləti güclənib, müstəqilliyimiz möhkəmlənib, beynəlxalq nüfuzu artıb, ölkə görünməmiş bir səviyyədə inkişaf edib: “Faktiki olaraq İlham Əliyev 2003-cü ildə - Prezident seçkiləri ərəfəsində özünü yetkin bir siyasətçi, formalaşmış bir dövlət xadimi kimi artıq cəmiyyətə təqdim etməkdə idi. Nəzərə almaq lazımdır ki, İlham Əliyev həmin zaman kəsimində Azərbaycanın yenicə üzv olduğu Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə rəhbərlik edirdi və Avropa məkanında Azərbaycanın tanınması, Azərbaycanın üstün cəhətlərinin Avropa cəmiyyətinə çatdırılmasında mühüm işlər görmüşdü. AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk qətnamələrin qəbul edilməsində, xüsusilə, işğal olunmuş torpaqlarımızın azad olunması, Ermənistanın işğalçı dövlət kimi Avropa Şurasında tanınması ilə bağlı sənədlərin qəbul olunmasında, oranın nəzarətdən kənar bir ərazi kimi narkotik qaçaqmalçılığı və silah ticarətində istifadə olunması ilə bağlı qəbul edilmiş sənədlərin təşəbbüskarı və müəllifi məhz İlham Əliyev idi. Yəni, istər ölkə daxilində, istərsə də ölkə xaricində İlham Əliyev artıq ciddi bir siyasətçi kimi qəbul olunmaqda idi. Ulu Öndərin səhhətində olan problemlər, onun növbəti Prezident seçkilərində iştirak etmək istəyinin olmaması ortaya belə bir sual qoyurdu; kim olmalıdır? Kim ölkə prezidentinin sükanını öz əllərinə alaraq Azərbaycanı daha ciddi uğurlara doğru aparmalı, Azərbaycan dövlətini gücləndirməlidir?! Müstəqilliyimizi möhkəmləndirməli, Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik proseslərin inkafında yeni uğurlar qazanmalıdır? Azərbaycanı regionun inkişaf etmiş, güclü dövlətinə çevirməli və Azərbaycanın dünya miqyasında nüfuzu artmalıdır?! Bunu kim edə bilərdi? Prezidentliyə namizədlər arasında alternativi olmayan bir seçim var idi. Bu da İlham Əliyev idi. Biz bunu görürdük. Azərbaycan xalqı bunu görürdü. Ona görə də xalq səsini İlham Əliyevə verdi”.

“Azərbaycana sözün həqiqi mənasında bir intibah dövrü yaşadan bir Prezident olmasını təsdiq etdi”

F.Ağamalı qeyd edib ki, İlham Əliyev elə hakimiyyətinin ilk illərində öz qətiyyəti, güclü iradəsi, dövləti idarə etmək qabiliyyəti, vətənpərvərliyi, dünya siyasətinin bütün incəliyini bilən bir görkəmli dövlət xadimi olaraq özünü təsdiq etdi: “Azərbaycan bu gün regionun lider dövlətidir. 155 dünya dövlətinin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının iki illiyə qeyri-daimi üzvü olub. Bu, MDB məkanında olan hələ heç bir ölkəyə nəsib olmayan bir taledir, uğurdur. Eyni zamanda öz sözünü deyən, öz gücünü göstərən, dünya çapında Azərbaycanın dövlət və milli maraqlarını yüksək səviyyədə qoruyan, ”Azərbaycanın öz siyasəti var" deyərək sonadək bu mübarizədə ardıcıllıq göstərən, Azərbaycana sözün həqiqi mənasında bir intibah dövrü yaşadan bir prezident olmasını təsdiq etdi. Mən tam səmimiyyətlə deyirəm, bu gün böyük qürur hissi keçirirəm ki, bizim İlham Əliyev kimi prezidentimiz var".

Deputat qeyd edib ki, Azərbaycanın milli və dövlət maraqları ilə bağlı ən kəskin sözləri Prezident olaraq İlham Əliyev deyir: “Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövlətinin yaradılmasını İlham Əliyev bir Prezident olaraq bütün məhdudiyyətləri sındıraraq önə çəkir. İlham Əliyev bu gün korrupsionerlərə, rüşvətxorlara, sahibkarlara qan udduranlara müharibə elan edib. O, ölkə Prezidentidir. Buna görə hamımız - biz siyasətçilər, siz jurnalistlər və bütövlükdə Azərbaycan cəmiyyəti onunla bərabər, bərabər olmalıdır. Bu yaxınlarda ABŞ-ın nüfuzlu ”Arthur J. Finkelstein & Associates" sosioloji sorğu mərkəzinin apardığı sorğu da bunu təsdiq edir ki, ölkə Prezidenti bu gün Azərbaycan xalqının etimadını, yüksək inamını qazandığı kimi hələ uzun illər Azərbaycan xalqının lideri kimi Azərbaycan dövlətinin başında olacaq. Xalqımızı ölkə Prezidenti ilə bir olmağa, onu hər zaman müdafiə etməyə, dəstəkləməyə çağırıram. Çünki İlham Əliyevdən başqa bizim liderimiz nəniki indi, hətta üfüqdə də görünmür".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər