Seysmoloji Xidmət Mərkəzində bu barədə nə düşünürlər?
Rus və ingilisdilli saytlarda dünyanı gözləyən dəhşətli zəlzələ haqqında London universitetinin nüvə üzrə tanınmış mühəndisi Mexran Keşin proqnozu yayılıb.
İranəsilli, kosmik nəqliyyatın yaradılması üsullarını axtaran, həmçinin kosmosda elektroenergetikanın və yeyinti sənayesinin obyektləri ilə məşğul olan "Fond Keş" təşkilatının rəhbərlı Mexran Keşə istinadla dəhşətli zəlzələnin oktyabrın 17-də, qərb yarımkürəsində baş verəcəyi qeyd edilir.
"Meksika və Meksika körfəzi məhv olacaq. Böyük itkilər Çində və Yaponiyada, həmçinin Karibdə olacaq. Zəlzələ nəticəsində Şimali Amerika Cənubi Amerikadan ayrılacaq. Sunaminin dalğaları Meksika körfəzinə və Karib dənizinə, daha sonra Çin və Yaponiya sahillərinə çatacaq. Fəlakət 40 milyon insanın həyatına son qoyacaq”. Bəzi saytlarda baş verən təkanların hətta balla qiymətləndirmək mümkün olmayacağı yazılsa da, bəzilərində 8 bal gücündə zəlzələnin olacağı qeyd edilib.
Verilən proqnoz ABŞ-ın qərb sahilində yeraltı təkanların sayının artması ilə əsaslandırılıb.
Məlumatlarda qeyd olunur ki, hadisə anidən baş verdiyinə görə, ABŞ-da baş verəcək bu dağıdıcı hadisənin öhdəsindən dərhal gəlmək mümkün olmayacaq. Yaxın vaxtlarda bütün Şimali Amerikada böyük zəlzələ zamanı ediləcək işlər üzrə insanlar arasında təlimlərə start veriləcək. Güman etmək olmaz ki, Keşin zəlzələ proqnozu qarşıdakı təlimlərlə bağlıdır, amma belə ehtimallar da var.
ABŞ seysmoloqları 99 faiz ehtimalla yaxın 30 ildə Kaliforniyada 6,5 və daha yuxarı ballıq zəlzələnin olması proqnozunu çoxdan yayıb.
Onu da qeyd edək ki, hollandiyalı seysmoloq Frenk Huqerbits də bu il oktyabrın 12-dən 15-dək planetin hansısa nöqtəsində 8 bal gücündə zəlzələ baş verəcəyini elan etmişdi.
Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Hüseynova bu cür proqnozların həqiqətə uyğun olmadığını bildirir. Zəlzələ proqnozlarının 3 şəkildə uzunmüddətli, orta müddətli və qısa müddətli olduğunu qeyd edən xidmət rəsmisinin sözlərinə görə, qısamüddətli proqnozların da tam dəqiqliklə ifadə etmək mümkün deyil, çünki zəlzələlər ani baş verir: “Uzunmüddətli proqnoz o proqnozdur ki, dünyanın seysmik baxımdan aktiv olan bir ərazisi haqqında proqnoz verilir. Məsələn, götürək elə Yaponiyanı, hamı bilir ki, seysmoaktivlik güclü olan bu ərazidə hər an zəlzələ baş verə bilər. Bu baxımdan, dünyanın istənilən nöqtəsindən alimlər o yerdə zəlzələ olması haqda proqnoz verə bilərlər. Amma konkret bu zəlzələ nə vaxt olacaq, 5 ildən, ya 50 ildən sonra, onu demək mümkün deyil.
Bir də var ki, bir ərazidə zəlzələ olur və o ərazidə ocaq sönənə qədər müəyyən afterşoklar baş verir, hiss olunan, hiss olunmayan təkanlar qeydə alınır. Yəni ocaq sönənə qədər təxmini proqnoz vermək mümkündür ki, təkanlar hansı balda, hansı günlərdə ola bilər. Bu, ortamüddətli proqnozlar.
Amma qısamüddətli proqnozu tam dəqiqliklə hesablamaq qeyri-mümkündür. Çünki zəlzələ saniyələrlə baş verir, ən uzunmüddətli təkan maksimum 10-15 saniyə olur. Bir dəqiqə zəlzələ baş versə, həmin ərazidə heç nə qalmaz. Ona görə təbii fəlakətdi, bunu dəqiqliklə hansı gün, hansı yerdə baş verəcəyini ən güclü tədqiqatçı alim də tam dəqiqliklə deyə bilməz”.
SXM-nin dünyanın ən tanınmış, beynəlxalq seysmoloji təşkilatları müntəzəm əlaqələri olduğunu vurğulayan Vüsalə Hüseynova dedi ki, seysmoloqların verdiyi zəlzələ proqnozları daha doğru ola bilər: “Bu sahədə ən inkişaf etmiş ölkə Amerika ilə Yaponiyadı. O ölkələrin ən nüfuzlu seysmoloqları ilə Amerika, Yaponiya hökümətləri hesablaşır. Mühəndis seysmoloq deyil. İnsanlarımızdan xahiş edərdik ki, hər deyilən fikri çox ciddiyə almasınlar. Ola bilər ki, o alimin fikri kontekstindən çıxarılıb.
Tanınmış seysmoloq var Robert Relincer, bir zamanlar ona da istinadla Bakıda güclü zəlzələninh olacağı haqda məlumat yayılnışdı. Bu il seymoloqların Azərbaycanda keçirilən beynəlxalq konfransına biz Relinceri də dəvət etdik. O, bildirdi ki, Bakı ilə bağlı belə bir informasiya verməyib. Ona dünyanın aktiv seysmik bölgələri ilə bağlı sual veriblər. O da bu sırada Xəzər dənizinin adını çəkib. 5 ölkənin arasında yerləşən Xəzər dənizi ilə bağlı hər hansı bir neqativ məlumat olanda, nədənsə, Bakı yada düşür.
Bizim tədqiqatçılarımız da deyir ki, Azərbaycanda seysmoaktiv zonaların adını çəkəndə Xəzər dənizinin adını çəkir. Digər bir tərəfdən, hər bir regionun tədqiqatını o ərazidə yaşayan, o yerə bələd olan tədqiqatçı daha yaxşı müəyyən edə bilər, nəinki kənardakı. Mehran Keş dediyiniz mühəndisin tədqiqatı da hər halda Amerikanın tanınmış seysmoloqlarının tədqiqatından irəli gedə bilməz. Ola bilsin belə yalan məlumatların yayılmasında maraqlı olan qüvvələr olub”.
Sevil HİLALQIZI